Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 10:14

Rusiyadan Gürcüstana bütün uçuşlar ləğv edilib


Tbilisinin boş hava limanı, 3 oktyabr 2006

Tbilisinin boş hava limanı, 3 oktyabr 2006

Rusiyanın «Aeroflot» şirkəti oktyabrın sonunadək Gürcüstana bütün uçuşları ləğv edib. Gürcüstanla qatar , avtomobil və su nəqliyyatı da dayandırılıb. Qadağalar ölkələr arasındakı poçt əlaqələrini də əhatə edir.

Gürcüstanın Xarici İşlər nazirinin müavini Nikoloz Natbiladze bunu iki ölkə arasındakı ikitərəfli razılaşmaların pozulması adlandırıb. Cənab Natbiladze onu da deyib ki, Rusiya təyyarələri Gürcüstana uçmasalar da, ölkənin hava məkanı Rusiya təyyarələri üçün açıqdır.


Gürcüləri daha çox narahat edən isə Moskvanın Rusiyadan Gürcüstana pul köçürmələrini dayandırmaq niyyətidir. Söhbət Rusiyada yaşayan və işləyən gürcülərin Gürcüstandakı qohumlarına pul göndərmələrindən gedir. Həftənin sonunda Rusiya millət vəkilləri bu məsələni müzakirə edəcəklər.


Rusiyada bir milyon yarımadək gürcü yaşayır, onlar arasında Rusiya və Gürcüstan vətəndaşları var. Onların yalnız 10 minə yaxını qeydiyyatdan keçib. Rusiyada yaşayan gürcü miqrantların Gürcüstana nə qədər pul göndərmələri haqda da müxtəlif rəqəmlər verilir. Moskva deyir ki, bu rəqəm ildə iki milyard dollara yaxındır və bu puldan heç bir vergi tutulmur. Gürcüstanın Milli Bankından verilən məlumata görəsə, bu ilin səkkiz ayı ərzində Rusiyadakı gürcülər evlərinə 219 milyon dollar göndəriblər.


Rusiyada işləyən gürcülərin çoxu həm də deportasiya təhlükəsiylə üzləşiblər.


Bu ilin yazında isə Rusiya Gürcüstandan çaxır, mineral su və kənd təsərrüfatı məhsullarının idxalına qadağa qoyub.


Son böhranla bağlı Avropa Birliyi tərəfləri sakitiyə çağırıb və deyib ki, Rusiyanın tətbiq etdiyi sanksiyalar həddən artıq güclüdür. ATƏT-in indiki sədri, Belçikanın Xarici İşlər naziri Karel De Quxt isə Rusiyanı nəqliyyat və poçt əlaqələrini bərpa etməyə çağırıb.


Yaranmış vəziyyətlə bağlı Rusiya Dövlət Dumasının spikeri Boris Qrızlov bu gün deyib: «Mənim gürcü xalqına böyük hörmətim var, amma gürcü xalqı özünə lider seçməlidir. Rusiyanın tətbiq etdiyi sanksiyalar Gürcüstan xalqına qarşı deyil, Saakaşvili rejiminə qarşıdır».


Gürcüstan parlamentinin spikeri Nino Burcunadze isə deyib ki, ölkə bu sanksiyalara qarşı mübarizə aparacaq:


«Əlbəttə ki, Gürcüstan blokadaya qarşı müqavimət göstərəcək. Amma sivil ölkələr bu cür bir-biriylə danışmamalıdır».


Günün bütün mövzuları

XS
SM
MD
LG