Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 13:40

Cəmil Həsənlinin qızı: «Dedi ki, ayağımda sınıq tapılmasa, şikayətçi olmayacağam»


Günel Həsənli

Günel Həsənli

-

Ötən gün internet mediası və media yazdı ki, Milli Şura sədri Cəmil Həsənlinin qızı maşınla adam vurub. Daxili İşlər Nazirliyi bildirdi ki, Günel Həsənli hadisəni polisdən gizlədib, yalan danışıb. Zərərçəkən Ədilə Səlimova isə danışmadı və ya bir başqa ehtimalla, danışdırılmadı. Beləliklə, AzadlıqRadiosu yenidən tərəflərə sual ünvanlayır: nə baş verib?

GÜNEL HƏSƏNLİ: «DEDİM Kİ, İŞ HÜQUQİ YOLLA HƏLL OLUNSUN»

İlk həmsöhbətimiz avtomobillə adam vurduğu deyilən Günel Həsənlidir. O deyir ki, evləri «İlahiyyat» məscidinin yaxınlığındadır və həmin hadisə məscidə namaza gələnlərin gözü önündə, günorta saatlarında baş verib. Günel Həsənlinin sözlərinə görə, həyətdə sıxlıq olduğundan avtomobili çox aşağı sürətlə sürürmüş. Bu zaman qarşısına bir qadın çıxıb:

«Maşını saxladım. Mən düşənə qədər məscidə namaz qılmağa gələn adamlar onu qaldırdılar. Hadisə olarkən, post-patrul xidmətinin əməkdaşları da burda idilər. Yaşlı qadını o əməkdaşların biri ilə apardım xəstəxanaya. Qadın dedi ki, ayağımda sınıq üzə çıxsa, səndən şikayətçi olacağam. Olmasa, deyəcəyəm özüm yıxılmışam, qız da mənə kömək edib. Müayinə olundu. Mən də, polis də ordaydıq. Həkim dedi ki, səndə heç nə yoxdur, sadəcə, duzlaşma gedir. Dərman yazdı, alıb verdim. Qadını taksi ilə yola saldım. Önəmli bir şey olmadığından hamı dağılışdı».

Günel Həsənli yalnız bir neçə gün sonra - sentyabrın 29-da onu da, zərərçəkən Adilə Səlimovanı da polis bölməsinə çağırdıqlarına diqqət çəkir:

«Qadın dedi ki, mənə 300 manat versəydin, bu iş buraya gəlməzdi. Mən soruşuram, niyə pul verim? Deyir ki, pul versəydin, məni sürükləməzdilər... Qıraqdan deyirlər, o qızdan 2 min-3 min al, mənə 300 manat da yetər.

Ədilə Səlimova

Ədilə Səlimova

Mən də dedim ki, iş hüquqi yolla həll olunsun, mən pul verə bilmərəm. İnzibati cərimə nədirsə, onu ödəyəcəyəm, axı ölən yox, xəsarət alan yox, sadəcə, maşına toxunub və yıxılıb. İşi Yasamal Baş Polis İdarəsinə göndərdilər, sənədlərimi aldılar, maşına baxış keçirdilər. Maşında heç nə yoxdur, cərimə meydançasına aparıblar».

ƏDİLƏ SƏLİMOVA: «ORDA DEDİM Kİ, OĞLUM, MƏNİ VURAN, YAMAN GÜNƏ QOYAN BU QIZDIR... BAXANIM DA YOXDUR»

86 yaşlı Ədilə Səlimova olanları belə xatırlayır:

«Məscidin yanında idim. Dayandım ki, maşın keçsin, mən də keçim. Bir də gördüm, bu qız maşınla gəldi, tarr-rak... dəydi mənə. Arxasıüstə getdim, 86 yaşlı arvadam. Ağlım çıxdı başımdan. Oradakı adamlar qaldırdılar, dedilər ki, heç nə yoxdur, get. Dedim ki, məni maşına qoyub həkimə aparsın, görüm, ayağım sınıb, ya yox. Məcbur etdim onu. Götürdü apardı xəstəxanaya, həkim dedi ki, nənə, sınıq yoxdur, amma ayağın bərk əzilib. Bir dənə maz verdilər, sonra da sarıdılar. Qız da yalvarır ki, nənə, qurban olum, demə, məni bu vurub. De ki yazığı gəldi, məni həkimə gətirdi. Sonra da məni taksiylə yola saldı. Mənə 100 manat pul da verdi. Onun 27 manatını dərmana verdim, qalanını itirdim».

İki-üç gün sonra Ədilə Səlimova polis bölməsinə aparıldığını və qəza barədə sorğu-suala çəkildiyini deyir. O da olanları danışdığını, 2-3 gün sonra yenidən avtomobillə bölməyə gətirildiyini bildirir:

Foto: Arxiv

Foto: Arxiv

«Orda dedim ki, oğlum, məni vuran, yaman günə qoyan bu qız olub. Qolum-qıçım yaman gündədir, gömgöydür, bədənimi... – utanıram deməyə, ölsəm də demərəm. Məni xəstə edib yorğan-döşəyə salıb. Çörək almağa gedə bilmirəm. Baxanım da yoxdur. Oturmuşam burda».

DİN: «TƏHQİQAT GEDİR»

«Cəmil Həsənlinin qızı yol-nəqliyyat hadisəsi törədib və bunu hüquq-mühafizə orqanlarından gizlədib». Daxili İşlər Nazirliyinin mətbuat xidməti rəisinin müavini Ehsan Zahidov mətbuata belə açıqlama verib. Onun özlərinə görə, sentyabrın 19-da saat 14:30 radələrində sürücü Günel Həsənli idarə etdiyi «Kia» markalı avtomobillə yolu keçən piyada Ədilə Səlimovanı vurub:

«Günel Həsənli xəsarət alan piyadanı götürərək xəstəxanaya aparıb. Sürücü məsuliyyətdən yayınmaqdan ötrü zərərçəkmiş şəxslə sövdələşib və həkimlərə yalan məlumat verib. Onlar bildiriblər ki, guya Ədilə Səlimova yıxılıb və Günel Həsənli yardım etmək məqsədilə onu xəstəxanaya aparıb. Amma polis əməkdaşlarının araşdırmalar nəticəsində hadisənin əsl mahiyyəti üzə çıxıb və onların hər ikisi danılmaz faktlar qarşısında aciz qalaraq hadisəni etiraf edib».

E.Zahidov deyib ki, baş vermiş hadisə ilə bağlı araşdırmalar davam etdirilir və bunun nəticəsinə uyğun olaraq, fakta hüquqi qiymət veriləcək.

Cəmil Həsənli

Cəmil Həsənli

CƏMİL HƏSƏNLİ: «KİM BELƏ HADİSƏ OLANDA MƏTBUATA ELAN VERİR?»

Günel Həsənlinin atası Cəmil Həsənli hadisəni gizlətmədiklərini bildirir:

«Bir həftə olar, bir müxbir zəng vurdu ki, sizin qızınız adam vurub. Sual səhv qoyulub. Dedim ki, qızım adam vurmayıb. Qadın da, faktiki, söyləyir ki, onu vuran yoxdur. Tibb müayinəsi göstərdi ki, xəsarət də yoxdur. Adam vurarsan, onu şikəst edərsən, öldürərsən... Biz niyə açıqlamadıq olanları mətbuata? Kim belə hadisə olanda mətbuata elan verir? İkincisi, polis də bunu aça bilməz. Sadəcə, siyasi fəaliyyətimə görə, mənə təzyiq göstərmək üçün açıqlama verildi. DİN sözçüsü dedi ki, hadisə gizlədilib, polisə yalan məlumat verilib. Amma bu qədər səlahiyyətli şəxs özü ictimaiyyətə yalan danışdı. Hadisə baş verərkən, orada çox adam, hətta polis işçiləri olub. Onlar Ədilə xanımı xəstəxanaya bir yerdə aparıblar. Rentgen müayinəsindən sonra hərə çıxıb gedib öz işinin dalınca. Burda necə polisdən hadisə gizlədilə bilər?».

Cəmil Həsənli hadisənin ona görə siyasiləşdirilməsindən narahatdır.

Olaya qayıdacağıq.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG