Keçid linkləri

logo-print
2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 16:58

Türkiyə parlamenti İraq və Suriyaya müdaxilə qərarını qəbul etdi


Türkiyənin müdafiə naziri İsmet Yılmaz

Türkiyənin müdafiə naziri İsmet Yılmaz

-

Türkiyənin Böyük Millət Məclisi Ankarının İraq və Suriyaya hərbi müdaxiləsinə yaşıl işıq yandıran qərarı qəbul edib.

Media məlumatlarında vurğulanır ki, Türkiyə parlamenti İslam Dövləti silahlılarına qarşı hərbi hərəkət barədə bu qərarı cihadçıların Suriya ilə sərhəddəki kürd şəhəri Kobaninin ətrafındakı mühasirəni daraltdığı bir vaxtda qəbul edib.

Xəbər verilir ki, Kobani əhalisindən qadınlar, qocalar və uşaqlar Türkiyə ərazisinə sığınsalar da, əli silah tutan kürdlər İD-ə qarşı səngərləniblər.

Kürd döyüşçülər bildiriblər ki, İD yaraqlıları onlardan daha güclü və daha mükəmməl silahlanıblar.

Mətbuat yazır ki, Türkiyə parlamentindən 298 leyhinə və 98 əleyhinə nisbətində keçən bu qərar ölkə hərbiyyəsinin İraq və Suriyaya müdaxiləsinə, habelə ölkə ərazisinin NATO müttəfiqləri tərəfindən İD-ə qarşı əməliyyatlarda istifadəsinə yol açsa da müdafiə naziri İsmet Yılmaz müdaxilənin dərhal başlanmayacağını bildirib.

Ankara bundan əvvəl İD-ə qarşı fəal hərbi əməliyyatlardan boyun qaçırırıdı.

“Müəyyən şərtlər daxilində tam dəstək”

Xəbər verilir ki, elə indi də prezident Erdoğan Ankarının beynəlxalq koalisyanı “müəyyən şərtlər daxilində tam dəstəkləyəcəyini” bildirib.

Cənab Erdoğan deyib ki, İD-ə qarşı yalnız hava zərbələri problemin həlli deyil.

O həmçinin bəyan edib ki, Suriyaya müdaxilədə Bashar al-Assad-ın devrilməsi Ankara üçün prioritetlərdən biri olaraq qalır, halbuki bu məqsəd beynəlxalq koalisiyanın gündəliyinə daxil deyil.

Türkiyə həmçinin Suriya ərazisində bufer zonasının yaradılmasını istəyir ki, hazırda sığınacaq verdiyi qaçqınları orada yerləşdirə bilsin.

Beynəlxalq insan haqları fəalları Türkiyənin bu planlarına etiraz edirlər. Onların fikrincə belə bir bufer zonası qaçqınların təhlükəsizliyini təmin etməyəcək.

Kobani süqut təhlükəsində

Bu arada Pentaqon bəyan edib ki, ABŞ-ın rəhbərlik etdiyi beynəlxalq koalisiya son beş gündə Kobani ətrafındakı İD mövqelərinə azı 7 hava reydi keçirib.

Cümə axşamı hava zərbələrinin endirilmədiyi və İD-in Kobani ətrafındakı mühasirəni bir az da daraltdığı xəbər verilib.

Suriya insan haqları fəalları bildirirlər ki, təcili qaydada hərbi müdaxilə edilməzsə, mühasirədə olan Kobaninin süqutu qaçılmaz olacaq.

Bəzi xəbərlərə görə İD birləşmələri şəhərin 2-3 kilometrliyinədək yaxınlaşıblar.

Hərbi cinayətlər

Bu arada BMT-nin yeni ali komissarı Zeid Ra’ad Al Hussein İslam Dövlətini dinc əhalinin qətliamlarında, əsir əsgərlərin edam olunmasında, dini və mədəniyyət abidələrinin dağıdılmasında, adam oğurluğu və zorlamalarda ittiham edib və bu hərəkətlərin “hərbi cinayətlər miqyasında” olduğunu vurğulayıb.

BMT hesabatında həmçinin İraq təhlükəsizlik qüvvələrinin və hökuməti dəstəkləyən silahlıların törətdiyi zorakılıqlar da qeyd olunub.

Cənab Zeid İraqı Beynəlxalq Cinayətlər Məhkəməsinə üzv olmağa çağırıb. Yalnız bu halda törədilmiş cinayətlər beynəlxalq səviyyədə araşdırıla bilər.

Cümə axşamı həmçninin Danimarka parlamenti ölkənin İslam Dövlətinə qarşı beynəlxalq koalisiyaya qoşulması barədə qərar qəbul edib.

Böyük səs çoxluğu ilə qəbul olunmuş qərara əsasən Danimarka İraqa dörd hərbi təyyarə göndərəcək.

Şərhləri göstər

XS
SM
MD
LG