Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 04:14

Keçmiş deputat Hüseyn Abdullayev sənədlər açıqlayıb


Keçmiş millət vəkili,bəstəçi Hüseyn Abdullayev
Keçmiş millət vəkili,bəstəçi Hüseyn Abdullayev

-
Hazırda mühacirətdə yaşayan sabiq deputat Hüseyn Abdullayev baş prokuror Zakir Qaralova, daxili işlər naziri Ramil Usubova və vergilər naziri Fazil Məmmədova müraciət ünvanlayıb. Sabiq deputat müraciətin mətnini “Azadlıq” qəzetinə də göndərib. Müraciət müəllifi DİN rəsmilərinin «Hüseyn Abdullayev hələ də axtarışdadır» açıqlamasına münasibət bildirir və bəzi sənədlər açıqlayır. Keçmiş deputat heç bir vergi borcunun olmadığını təsdiq edən rəsmi sənəd və online şəxsi vərəqəsində də 0 borcun olması haqqında rəsmi bilgi: Azərbaycandan başqa, dünyanın digər dövlətlərinə sərbəst şəkildə gedib-gəlmək hüququnun olması haqqında rəsmi sənəd və pasportunun surətini və özünə aid olmadığını dediyi "Araz İNK" şirkətinin 2009-cu ildə dövlət büdcəsinə olan borcunun ödənməsinə dair sənəd təqdim edib.

SİLAHLI QÜVVƏLƏRİN TENDER GİZLİNLƏRİ

“Meydan TV” araşdırmaçı jurnalist Əfqan Muxtarlının yazısının 2-ci hissəsini dərc edib. Yazıda qeyd olunur ki, Azərbaycanın qida sənayesi nəhəngi hesab olunan "Azərsun Holdinq" həm də Silahlı Qüvvələrin ən böyük ərzaq təchizatçısıdır. Lakin bu şirkətin həmin sifarişlərin əksəriyyətini hansı yolla qazandığı bəlli deyil. Çünki qanunla müəyyən olunmuş şəkildə, Satınalmalar üzrə Dövlət Agentliyi vasitəsilə keçirilən tenderlər və kotirovkalar reyestrində həmin sifarişlər barədə çox az məlumat var.

ARTAN CƏRİMƏLƏR QƏZALARIN SAYINI NİYƏ AZALTMADI?

“Bizim Yol” yol qəzalarının artmasından yazır. Dövlət Statistika komitəsinin yaydığı məlumata görə, ötən il yol qəzalarında 2328 nəfər həlak olub, 2948 nəfər isə müxtəlif dərəcədə xəsarət alıblar. 2014-cü ilin altı ayı üzrə statistika göstərir ki, 1216 yol-nəqliyyat hadisəsi qeydə alınıb. Hadisələr nəticəsində 512 nəfər həlak olub, 1234 nəfər isə müxtəlif dərəcəli bədən xəsarəti alıb. "Müstəqil Nəqliyyatçılar" İctimai Birliyinin rəhbəri Natiq Ələkbərov qəzaların yol hərəkəti qaydalarının pozulması nəticəsində yarandığını bildirdi:

Arxiv foto
Arxiv foto

"Sürücülərin məsuliyyətsizliyi, sərxoş halda sükan arxasında oturmaları dəhşətli qəzalara gətirib çıxarır".

Ekspertin sözlərinə görə, bununla bağlı müvafiq tədbirlər görülsə də, qaydalar, cərimələr sərtləşdirilsə də sürücüləri bu qorxutmur:

"Məsuliyyətsiz sürücülər yenə də tətbiq edilən cərimələrə məhəl qoymayaraq sərxoş halda avtomobillərini idarə edirlər. Bununla da nəinki özlərinin, həmçinin digər vətəndaşların da həyatlarını təhlükə qarşısına atırlar".

QURBAN BAYRAMINDA ƏFV OLACAQ

“Yeni Müsavat”ın yazdığına görə, Qurban bayramında əfv gözləntisi var... Avropa Şurasının prezidentinin Bakıya səfəri, habelə ABŞ prezidenti Barak Obamanın Azərbaycanın adını mənfi planda çəkməsi cəmiyyətdə müəyyən ümidlər yaradıb. Güman olunur ki, hakimiyyətin siyasətində yumşalma müşahidə olunacaq və əfv fərmanı verməklə iqtidar pozitiv mühit yaratmağa çalışacaq.

Son həbs edilən hüquq müdafiəçilərinin əfv olunacağı hüquqi baxımdan mümkün deyil. Çünki onların istintaqı davam edir. Amma seçkilərdən sonra tutulan Anar Məmmədli, Gəncədə həbs edilən və prezidentə müraciət edən Həsən Hüseynli, ölkə başçısına əfv ərizəsi yazan “Tolışi-Sədo” qəzetinin baş redaktoru Hilal Məmmədov azad edilə bilər.

Həmçinin dini çevrənin də islamçı məhbusların azad edilməsinə ümidləri var. AŞ prezidentinin Müsavatın başqan müavini Tofiq Yaqublu, REAL sədri İlqar Məmmədovla görüşməsi də onların əfv ediləcəyinə ehtimal yaradıb.

AZƏRBAYCAN PROKURORLUĞUNUN MÜASİR İNKİŞAF DÖVRÜ

“Azərbaycan” qəzeti baş prokuror Zakir Qaralovun məqaləsini dərc edib. Qeyd edək ki, 1 oktyabr- Prokurorluq işçilərinin peşə bayramı günüdür. Yazıda bildirilir ki, ötən bir il ərzində Baş İdarənin "161" nömrəli "Qaynar xətt" əlaqə mərkəzinə 5800-dən yuxarı müraciət daxil olub. Onların baxılması nəticəsində müəyyən qismi əsaslı olduğundan müsbət həll edilərək vətəndaşların pozulmuş hüquqları bərpa edilib, bir sıra vəzifəli şəxslər intizam məsuliyyətinə cəlb edilib. 18 müraciət üzrə isə Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanıb. Korrupsiya hüquqpozmaları ilə əlaqədar Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə daxil olmuş müraciətlər üzrə təhlil və ümumiləşdirmələr aparılıb. Korrupsiya hallarının baş verdiyi sahələr müəyyən edilməklə onlar üzrə preventiv tədbirlərin həyata keçirilməsi barədə təkliflər hazırlanıb göndərilib. Son bir il müddətində Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən 286 şəxs barəsində 191 cinayət işinin istintaqı tamamlanaraq baxılması üçün məhkəmələrə göndərilib.

SOSİAL MEDİA İŞƏ DÜZƏLMƏYƏ KÖMƏK EDİR

“Эхо” qəzeti yazır ki, müstəqil dəyərləndirmələrə görə, Azərbaycanda peşəkarların təxminən 40%-i sosial şəbəkələr vasitəsilə iş tapır.

İqtisadçı Vüqar Bayramov
İqtisadçı Vüqar Bayramov

“Müşahidələrimiz göstərir ki, bu gün iş axtaranlar bunu 97% İnternet vasitəsilə edirlər. Təxminən o qədər də adam rezümesini yerləşdirmək üçün İnternetdən yararlanır,” bunu echo.az-a iqtisadi və Sosial İnkişaf Mərkəzinin rəhbəri Vüqar Bayramov deyib. Onun sözlərinə görə, iş tapan peşəkarladan 40%-i bu məqsədlə sosial şəbəkədən istifadə edir. 2012-ci ildə bu göstərici 10% olub.

DƏLƏDUZLUQDA İTTİHAM OLUNAN HAKİM DANIŞDI

Sentyabrın 30-da Gəncə Ağır Cinayətlər Məhkəməsində dələduzluq və rüşvət verməkdə təqsirləndirilən keçmiş hakim Həsən Əliyevin barəsində olan cinayət işi üzrə məhkəmənin hazırlıq iclası keçirilib.

Həsən Əliyev,keçmiş hakim
Həsən Əliyev,keçmiş hakim

“Qafqazinfo”ya açıqlamasında zərərçəkən iş adamı Ramazan Səlimovun vəkili İradə Cavadova bildirib ki, hakim Mübariz Məmmədovun sədrliyi ilə keçən prosesdə məhkəmə tərkibinə təqsirləndirilən keçmiş hakim Həsən Əliyevin məhkəmə sədri ilə dostluq münasibətlərinin olması ilə bağlı etiraz verib. Lakin məhkəmə etirazı qəbul etməyib.

İ.Cavadova təqsirləndirilən şəxs Həsən Əliyevin də işin Gəncə Ağır Cinayətlər Məhkəməsində baxılmasına etiraz etdiyini bildirib. H.Əliyev hakimlə ciddi dostluq münasibətlərini olduğunu əsas gətirib: “Əgər mən bəraət alarsam, sədrlə olan münasibətim şübhə yarada bilər”.

XS
SM
MD
LG