Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 16:47

Çinin Azərbaycandakı MTN-çisi, yoxsa...?


-

Nazim danışa-danışa həm də fikirləşirdi, görəsən, “verbovka” üzrə bu gün hansısa cəhd olacaqmı, bizim MTN-çilərdən kimsə onu izləyirmi...

Alpay Azər

(“Siyasi-psixoloji tipajlar” silsiləsindən)

ÇİNİN AZƏRBAYCANDAKI MTN-ÇİSİ, YOXSA...?

(hekayə)

Müəllif qeydi: Anadolu türkcəsində gedən dialoqların bizim dildəki qarşılığı tam deyil, bəzi çətin başa düşülən sözlərin qarşılığı mötərizədə verilmişdir.

- Alo.

- Buyurun.

- Ben Nazim beyle görüşüyorum?

- Evet, buyurun.

“Bu kimdi?” - Nazim telefonun o başındakını tanımadı.

- Siz türkce konuşuyorsuzmu? - çinliydi, ya koreyalı, ləhcəsindən o tərəflərdən olduğu bilinirdi.

- Tabii konuşuyorum.

- Sizinle azeriler demişken, danışan Çin Halk Cümhuriyyetinin Baküdəki büyükilçiliyinin (səfirliyinin) birinci katibi Çjimin Çzian. Ben burda bir az Azeri dilini öyrendim, - deyib güldü. - O yüzden yariazeri, yarıtürkce konuşuyurum burdakı insanlarla, - güldü.

“Azeri dili yoxdu, Azərbaycan türkcəsi var,” - Nazim mexaniki fikirləşdi.

- Buyurun, xoşdu, sizi dinliyorum, - Nazim dedi.

- Anladığımca, siz Bakü Hazar Universtitesinin hocasısınız (müəllimisiniz).

- Evet, haklısınız.

- Ben sizin ceb telefonunuzu dekanlıkdan buldum. Nazim bey. Önce qazetelerden makalelerinizi okudum, çok hoşuma gitdi.

- Teşekkür ederim... - danışdığı çinlinin az əvvəl eşitdiyi adı yadından çıxdığından soruşmağa utandı.

- Nazim bey, hafta sonu nasıl, meşqulsunuzmu? Ben sizi Çin restoranına davet etmek istiyorum. Sizinle daha yakından tanış olmam için.

- Hafta sonu?... Olur, müsaidim, o zaman görüşe biliriz.

- İyi. Onda ben size cuma günü öyle zamanı bir daha telefon açarım, nerde ve ne zaman görüşmemizi netleşdiririz (dəqiqləşdirərik).

- Olur. Size teşekkür ederim, - az qaldı adını soruşsun Nazim, özünü saxladı.

- Görüşmek üzre, Nazim bey.

- Görüşmek üzere, güle-güle.

“Bu, yüz faiz “verbovat” (kəşfiyyat məqsədilə öz tərəfinə çəkmək) eləmək istiyir məni, yəqin internetdə oxuyub, doğrudan, bəyənib, sonra öyrənib ki, otuz yaş, cavandı, xamdı, tez ələ almaq olar. Day bilmirlər ki, Nazimin bir dəfə başına gəlib... Yaxşı niyə Çin? Adətən, belə işlərdə Rusiya, İran, ABŞ kəşfiyyatı qabağa düşür. Amma... Bir dəyqə... Nəydi o şirkətin adı. Hə Sinopek. Deyəsən, bu şirkətin Şahdəniz 2-də payları da var. Yəni maraqları var Azərbaycanda. O ölkədəki maraq var, deməli, orda kəşfiyyat da var. Üstəlik, az qala dünya lideri sayılan bir ölkə... Adı da yadımda qalmadı bunun. Eybi yox, onsuz da zəng edəndə bir də adını deyəcək, nömrəsini adıyla bir yerdə telefonumun yaddaşına yazaram... Ya bəlkə yazmıyım?... Zibilə düşmədik... A çinli, məni rusların FSB-si yoldan çıxarda bilmədi, indi sizin... Sizdəki nəydi? Ruslarda FSB, yəhudilərdə Mossaddı, amerikanlarda MKİ, sizinki məşhur olsaydı, adı dillərə düşərdi...”

Nazim Moskvada, MQİMO-da (Moskva Dövlət Beynəlxalq Əlaqələr İnstitutu) sonuncu kursda oxuyanda konfransların birində Azərbaycanın xarici siyasətiylə bağlı çıxış eləmişdi. Iki gün sonra fakültəyə girəndə elə birinci mərtəbənin dəhlizində alçaqboylu bir cavan oğlan onun qabağını kəsmişdi: “Serqey Vadimoviç, FSB-nin kapitanı”, - özünü təqdim edib qırmızı vəsiqəsini də göstərmişdi. Sonra Nazimin konfransdakı çıxışına qulaq asdığını, bəyəndiyini demişdi. “Təşəkkür edirəm, şad oldum,” - demişdi Nazim və o dəqiqə başa düşmüşdü ki, Bakıya dönmə ərəfəsi, - üç aydan sonra diplom müdafiə edəcəkdi, - rusların FSB-si onu ələ almaq istəyir.

Serqey Vadimoviç Azərbaycanın MTN-iylə əməkdaşlıqlarından danışıb axırda mətləbə keçmişdi: onu öz idarələrinə dəvət eləmişdi. Nazimsə sifətində təbəssüm mədəni şəkildə dəvətə “yox” demişdi: “Serqey Vadimoviç, mən bura elm öyrənməyə gəlmişəm. Mən siz deyənlərdən deyiləm. Amma əməkdaşlıq təklif etdiyiniz üçün təşəkkür edirəm”. Serqey Vadimoviç Nazimin etika xətrinə dediyi axırıncı cümlədən tutub bir xeyli dil tökmüşdü, (“Cəmi bircə dəfə idarəmizə gəl, sonra səni qətiyyən narahat etməyəcəyik”), - xeyri olmamışdı. “Elə hər şey bir dəfəynən başlayır”, - fikirləşmişdi Nazim. Sonralar təsadüfən bir-iki dəfə avtobusda üz-üzə gələndə hər ikisi sifətlərinə təbəssümlü ifadə verib başlarını tərpədib salamlaşmışdılar, vəssalam.

* * *

Onlar şənbə günü “Honkonq” restoranında görüşdülər.

- Ne istersinizse söyleye bilirsiz ofisianta, - çinli menyuya diqqətlə baxan Nazimə ərklə dedi.

- Teşekkür ederim, - “Serqey Vadimoviç”, sonuncunu Nazim ürəyində dedi, sonra başını qaldırıb gülümsədi, - Yemek işinde bana yardım etseniz iyi olur. Benim Çin yemekleri ile ilgili bilgim çok deyil.

- Tabii, yardım ederim.

- Bir de, çok üzr dilerim, sizin isminizi unutdum.

- Ha-ha-ha, - bir çox diplomatlar kimi məcburi-süni qəhqəhəylə güldü, - üzr dilemeye gerek yok, efendim. Ben sizi iyi anlıyorum, bizim isimleri hatırlamak zor bir iş. Cjimin ismim.

- İyi, Çjimin, daha unutmarım isminizi.

Çinli balıq şorbası və ördək qızartması tövsiyə etdi. Nazim “okey” deyib razılaşdı, eyni zamanda beynində təkrar-təkrar tələffüz etməyə başladı: “Çjimin, Çjimin... Bıy, cijimin. Əla, yadımda qalacaq. Olsun kişi variantında cijim”. Çinli bir daha Nazimin saytlarda, qəzetlərdə çıxan məqalələrini həvəslə oxuduğunu dedi, xeyli təriflədi, hal-hazırda nə yazdığını soruşdu. “Elə bil, mətləbə tez yaxınlaşırsan, ay cijim,” – Nazim fikirləşdi.

- Efendim, bir kaç gün sonra Azerbeycanın dış politikasında Asiya ülkelerinin yeri haqda bir makale yazmaq var planımda, - Nazim yalandan cavab verdi, bir az da xoşa gəlmək üçün, yəni sən maraqlandın, mən də sənə maraqlı olan mövzudan yazdığımı dedim, yalandan da olsa.

Amma tez də fikirləşdi ki, MTN-nin əks-kəşfiyyat işlərinə baxan zabiti yüz faiz onların masanın üstündəki mobil telefonun dalğaları vasitəsiylə danışıqlarına qulaq asa bilər, elə bilər Nazim qəsdən Azərbaycanın xarici siyasətində Asiya ölkələri məsələsini deməklə artıq əməkdaşlığa hazır olması üçün bir növ işarə vurur. Nazimə elə gəldi ki, başlayarlar onu izləməyə, daha sonra bizim MTN onun özünü əməkdaşlığa cəlb edər. Nazim milli maraqlar xatirinə belə MTN-lə bu cür əməkdaşlıq etməyin həvəsində deyildi, lap yaxşı pul versəydilər belə razılaşmazdı.

- ...Oo nə güzəl, - çinli reaksiya verdi. - Azerbaycanın dış politikasında Asiya.

- Tabii orda Çinin özel yeri var, - Nazim məzələnmək həvəsindəydi.

- Tabii, tabii.

“MTN-miz lap qulaq assın. Heç vecimə də deyil. Dövlət sirri satmıram ki, ya gizli əməkdaşlıq-filan təklif eləmirəm ki, qara siyahılarına düşəm. İkincisi, heç bir mühüm dövlət postu da tutmuram ki, strateji sirr satmaq ehtimalı-filan olsun.

- Efendim, qazetelerdən okudum, - Nazim bunları fikirləşə-fikirləşə çinliylə məzələnməyə davam edirdi, - Çin Şanxay İşbirliği Örgütündə (Şanxay Əməkdaşlıq Təşkilatı) lider olmaq üçün çabalar yapıyor (səylər göstərir.)

Əslində Nazim Çinin Şanxay Əməkdaşlıq Təşkilatında lider olmaq məsələsini çinlinin biliyini yoxlamaq üçün dedi.

- Evet haklısız. Bütün ülkeler zaten bu dünyada lider olmaq için çabalar yapıyor.

“Ay çoban, dünyada demədim, Şanxay Əməkdaşlıq Təşkilatında dedim”.

- ...Azerbaycan NATO-ya üye olmak isteyindemi? - çinli qəfil Şanxay Əməkdaşlıq Təşkilatından NATO-ya keçdi. Və Nazimə elə gəldi ki, çinlinin o təşkilatda gedən proseslərdən, ümumiyyətlə, xəbəri yoxdu. “Uff, bu axı niyə belə sadəlövh sual verir. Guya bilmir ki, Azərbaycan hələ NATO-ya üzv olmaq istəmir”.

- Azerbeycan, biliyorsunuz, NATO-ya üye olmak istemiyor. Sebebler zaten belli. Biliyorsunuz, Kuzeydə Rusiya, doğuda İran, şimdiki durumda üyelik geosiyasi acıdan mümkün deyil, - hamının bildiyi şeyləri Nazim az qala birnəfəsə dedi...

Sonra ofisiant yeməkləri, təzə alma və portağal şirələrini gətirdi. Yeməyə başladılar, çinli asanlıqla iki barmağının arasında tutduğu çubuqlarla suşiləri bir-bir içəri ötürürdü. Nazim ördək qızartmasından yeyə-yeyə sözarası dedi ki, gələn dəfə sizi Azərbaycan mətbəxinə qonaq edəcəm. Çjimin sevindi, “Teşekkür ederim, hocam,” - dedi.

Söhbət vaxtı məlum oldu ki, Çjimin Pekinin Xalqlar Univesitetinin türk filologiyasını qurtarıb, üstəlik, üç il ölkəsinin Ankaradakı səfirliyində ikinci katib işləyib.

Yaşıl çay içib durana yaxın Çjimin yanındakı stulun üstünə qoyduğu portfelini götürdü, açıb ordan çıxardığı içi dolu bir paket uzatdı Nazimə. “Nə tez. Yüz faiz bizə baxanlardan biri MTN-çı-dir”. Qıraq masalarda bir ailəydi (ər, arvad, iki məktəbli qız), iki ortayaşlı dostuydu, bir də cavan sevgililər. Nazim əminiydi ki, onu izləyən ailə başçısıdı, gözdən pərdə asmaq üçün ailəsiylə gəlib restorana, ya o cür tapşırıq alıb.

- Bu da size bir hediyye.

- O çok teşekkür ederim, - istədi desin “nə əziyyət çəkirdiz”, fikirləşdi ki, başa düşməz bu sözü.

- Bi şey deyil, - Çjimin dedi...

Metroda paketin içindəkilərə baxdı. Çinin tarixi, gəzməli yerləri olan rəngli, sığallı kağızı olan qalın bir kitab və Çin səddinin yekə maketi. “Kitabdansa yaşıl çay qoyaydın”, - zəhləsi gedirdi o cür kitablardan, çünki özü xarici ölkələrə gedib o cür yerləri görmək arzusundaydı. “Yəqin gələn dəfə daha bahalı şey verəcək”.

* * *

Onlar İçərişəhərdə “Qala” restoranında oturmuşdular. Masanın üstünə yarpaq, tərəvəz dolması, ayran, salat düzülmüşdü. Bir azdan kabablar gələcəkdi.

- Ben sizin yemekleri çok severim, - çinli yarpaq dolmasını həvəslə ağzına aparıb dedi.

- Evet, bizim yemekler çox lezzetli. Ünlü dünya yarışmalarında bir kaç yıl önce birinci yer aldı bizim yemekler.

- Aaa, iyi. Bunu ilk defa sizden duydum, doğrusu.

- Evet, bizim yemekler Fransa, İtaliyan yemekleri gibi dünyada çox meşhur.

- İyi, iyi.

Sonra masanın üstündəki yeməklərdən yeyə-yeyə məişət söhbətinə keçdilər. Aydın oldu ki, çinli də Nazim kimi evlidir, iki oğlu var, ikisi də ali təhsillidir, hərəsinin öz evi var, işləyirlər, amma hələ evlənməyiblər. Nazim soruşanda ki, o düzdü ki, qloballaşmaya baxmayaraq Çində ailələrdə hələ də son sözü kişi deyir, necə deyərlər, patriarxatın özülləri hələ də sarsılmazdı, çinli qımışıb cavab verdi ki, artıq elə deyil, indi onun ölkəsində ailədə arvadların da sözü keçir. “Deyəsən, arvad bunun başında qoz sındırır,” – Nazim fikirləşdi.

- Sizde nasıl, durum aynımi? - çinli soruşdu.

- Bizde de aynı durum.

“Yox, mənimki başımda qoz sındırmır”.

- Tabii dünya deyişir, küreselleşme gelenekleri etkiliyor (Qloballaşma ənənələrə təsir edir), - Çjimin Çzian söhbəti davam eləmək həvəsindəydi.

- Sizin oğullarınız nasıl, eşleri... A siz dediniz onlar henuz bekardılar. (Sizin oğlanlarınız necə, arvadları... Hə dediniz, subaydı onlar).

Araya cansıxıcı sükut çökdü. Sonra çinli yenə yeməklərdən söhbət saldı, aydın oldu ki, döymə kababı çox xoşlayır, bunun üçün xüsusilə, nahar vaxtı əsasən Tonqal restoranına gedir. Sonra araya yenə sükut çökdü. “Bu, indi bilmir ki, mətləbə necə gəlsin... Yazığı qınamaq da olmaz, tapşırıq veriblər, yerinə yetirməlidi. Görən, səfirlikdə işləyən rezidentlərin (Hər hansı bir ölkədə fəaliyyət göstərən səfirlikdə təmsil etdiyi ölkənin kəşfiyyatına xidmət edən göstərən işçisi) çoxu belə avamdı? Amma bu boyda inkişaf eliyiblərsə, kəşfiyyatları da pis olmalı deyil”.

Çay içə-içə Çin mentalitetini müzakirə eliyib məlum nəticəyə gəldilər, - Çinin bu gün dünya iqtisadiyyatına meydan oxuya-oxuya, dünyaya inteqrasiya eliyə-eliyə öz adət-ənənələrini qoruyub saxlaya bilməsindən danışdılar. Və gələn dəfə görüşmək arzusuyla sağollaşdılar.

“Bu dəfə heç cəhd eləmək bir yana, cəhdə yaxın da heç nə eləmədi. Taktika. Yəqin təlimatı verən belə öyrədib: birdən-birə olmaz, başa düşər, sonra yaxınlıq verməz, qaçar səndən. İndi bu çinli məni otuz yaşında uşaq bilib... Maraqlıdı, bizim MTN-dəki bu işlərə baxan adam mənim çinliylə söhbətimə qulaq asıb nə fikirləşir? Nə fikirləşəcək ki: aparatın qarşısında oturub yəqin gözləyir ki, Nazim görüşlərin birində pul, ya hansısa maddi (təbii ki, qiymətli, bahalı) bir şeyə şirnikləşəcək. Bundan sonra zabit öz müdirinə məruzə edəcək, başlayacaqlar məni izləməyə və lazım olan məqamda MTN-nin operativ əməliyyatçıları qandalları keçirəcəklər nazik biləyimə.

Axırıncı görüşdə çinli dedi ki, bir ay sonra onu yenə restorana dəvət etmək istəyir. “Hmm, görünür, çinlilərdə də atalar üçdən deyib,” - Nazim bunu fikirləşə-fikirləşə üçüncü dəvətə razılıq verdi.

Onlar yenə “Mado” restoranında görüşdülər. Nazim əminiydi ki, bu görüşdə yoldaş rezident nəhayət ki, yavaş-yavaş mətləbə keçəcək. Amma necə? Bax, bunu bilmək çox maraqlıydı Nazim üçün. Suşidən yeyə-yeyə Çin fəlsəfəsindən, Konfutsinin pritçalarından danışdılar. Çin ədəbiyyatından söz düşəndə Nazim keçən il Nobel alan Mo Yandan heç nə oxumadığına görə təəssüfünü bildirdi. Masaya yaşıl çay gələndə Çjimin bir balaca mətləbə keçdi, daha doğrusu, yaxınlaşdı: balaca çantasını açıb içindən iki yerə qatlanmış qalın bir kağız çıxarıb Nazimə uzatdı.

- Bu size davetiyye, iki ay sonra, noyabrda Pekində baş tutacak uluslararası konferansa olan davet mektubu, azeriler demişken.

- Oo, teşekkür ederim. Konu ne? (Mövzusu nədi konfransın?) – dəvətnaməni götürən Nazim soruşdu. - He, gördüm, Güney Kafkaslarda geosiyasi durum, - ingilis dilində yazılmış konfrans mövzusunun adını tərcümə etdi. - İyi. Bir daha teşekkür ederim.

- Vizayla ilgili zaten sorun olmayacak. Onu sefirlik hall edecek. (Viza ilə bağlı onsuz da problem olmayacaq)

- İyi, teşekkür ederim, konu da bana yakın. Ben önce universitetimizdən izn alıb, iki gün sonra size telefon ederim.

- Tabii, acele etmeyin. Zaten konferans iki ay sonra olacak. Fazla zaman var.

* * *

- Əlbəttə, icazə veririk, - dekan dedi. – Sən sadəcə, indidən rektorun adına ərizə yaz ki, filan-filan tarixlər üçün dəvət var, filan yerdən, o tarixlər üçün öz hesabıma Pekində elmi ezamiyyətdə olmama icazə vermənizi xahiş edirəm.

Nazimin az-maz kəşfiyyatdan başı çıxırdı, bilirdi ki, Pekindəki konfransa rahatca gedə bilər, çıxış edər, restoranda, ya oteldə onu “yoldan çıxarmağa” gəlmiş xüsusi xidmət orqanının gülərüz əməkdaşının təklifindən mədəni şəkildə imtina edə bilər. Hər halda FSB-dən imtina etmək təcrübəsi vardı. Amma bu çinlilər göründükləri kimi axmaq, sadəlövh deyillər axı? O boyda təyyarə, beş gün üçün oteldə qalmaq, yemək puluna xərc çəkirlər, hər halda fikirləşirlər ki, mən təklifdən imtina edə bilərəm. “Yaxşı, mən imtina eləsəm, neyliyəsidilər ki? Şantaj, məsələn, qız variantı. Fikirləşərlər ki, ehtiraslı qafqazlı, gözəl çinli qızı görüb dayana bilməyəcək. Sonda isə “Bizlə əməkdaşlıq eləməsən, videoçəkilişi yutuba, feysbuka qoyacayıq” şantajı. Yaxşı, deyək ki, gülərüzlü, incə səsli, qönçə ağızlı çinli qızı tapşırığa uyğun lap oteldəki nömrəmə qonaq gəlmək istədi. Buna da mədəni şəkildə “yox” demək olar. Onda seks şantajı variantına da bir quş”.

Çinə getmək ehtirası baş qaldıranda isə Nazim başqa cür düşünməyə başlayırdı: “Çinə pulsuz getmək şansı, Allah bilir, bir də nə vaxt əlimə düşəcək. Hər şey adamın özündən asılıdı, səni “verbovat” eləmək istiyirlər, ayıq ol, artıq-əskik hərəkət eləmə, hər çağrılan yerə getmə, höküməti tənqid eləmə, de ki, uğurlu daxili və xarici siyasət aparır ölkəmiz. Dünya Bankının hesabatına görə keçən il iqtisadi artıma görə birinci yer tutmuşuq, Avroviziya-filan... O biri tərəfdən, hər şey Allahın əlindədir, əgər alnıma yazılıbsa, hansısa səhv edə bilərəm, ilişərəm, deməli, bundan qaçmaq olmaz. Bir də ki, bu, nə axmaq xasiyyətdi məndə, bəlkə elə doğrudan məqalələrim cijimin xoşuna gəlib, mənlə tanış olandan sonra simpatiyası yaranıb mənə. Hər halda mən də ona qarşı diqqətcil olmuşam, milli restorana dəvət, söhbətlər-filan. Konfransdan da xəbər tutub, məni dəvət eliyib, yaxşı jest eləmək istəyib. Mən niyə axı bunu o dəqiqə pis yerə yozuram?”

2

Nazim Pekində Hilton otelinin yeddinci mərtəbəsinin “single room”undan kədərli-kədərli şəhərə baxırdı. Əl-üzünü yuyub restorana səhər yeməyinə düşəcəkdi. “Çox güman, birinci gün cəhd-filan eləməzlər”. Konfrans iştirakçılarının qeydiyyatı başlamışdı. Çantasını, proqramı götürüb, Mr. Nazim Gurbanov, Azerbaijan yazılmış bədcini boynundan asıb foyedə gəzişməyə, konfransda tanış olacağı adamları gözaltı eləməyə başladı, - konfrans on beş dəqiqədən sonra başlayacaqdı. Bu vaxt cavan bir oğlan ona yaxınlaşıb mədəni şəkildə bizim dildə soruşdu:

- Bağışlayın, siz Nazim müəllimsiz?

- Bəli. Bəs siz?

- Mən də sizin adaşınız Nazim Qasımov. Səfirliyimizin birinci katibi, - deyib əlini uzatdı.

- Çox gözəl, - adaşının əlini sıxdı. - Adaş öz adaşını tez tapar.

- Elədi, - deyib səfirliyin birinci katibi güldü.

- Bəs hardan bildiz ki, mən azərbaycanlıyam?

- Nə bilim, hiss elədim, - adaş utana-utana dedi.

Sonra standart suallar başladı: ”Təyyarəylə necə uçduz?” “Oteldə rahat yerləşə bilmisiz, xoşunuza gəlir?” “Bakıda işləriniz necədir?” və s. Cavablar da elə standart idi. “Yaxşı”, “Rahat oteldi”, “Pis deyil universitetdəki işlərim, şükür, hər şey qaydasında gedir”.

- Sizi burda bir türk restoranı var, axşam ora aparacam”, - birinci katib dedi.

- Ay, niyə narahat olursuz, vallah əziyyətdi.

- Qətiyyən əziyyət deyil, məllim.

- Bilsəydim, burda sizlə tanış olacam, sizə Bakı paxlavası gətirərdim.

- Narahat olmayın, paxlavaya görə. Bakıdan tez-tez gələn olur, sağ olsunlar, gətirirlər.

Axşam saat yeddidə otelin lobbisində görüşməyə sözləşib sağollaşdılar, birinci katib səfirliyə, Nazim müəllim artıq konfransın başladığı zala keçdi. Elə oturan kimi gözünə dəyən adamların sifətinə guya etinasızcasına baxmağa başladı. Onu agent etmək istəyən adamı müəyyən etmək istəyirdi, elə bilirdi, həmin adam da ona yalançı etinasızlıqla baxacaq və bu baxışlardan o adamı tezcə tanıyacaq. Baxdı, baxdı, amma “verbovşiki” müəyyən edə bilmədi. Eyni zamanda fikirləşdi ki, adaşı da çox güman Azərbaycanın Çindəki rezidentidi, əks-kəşfiyyat işlərinə baxır, Bakıdan tapşırıblar ki, ora bir yerlimiz gəlir, “gözdə-qulaqda” ol. Dosent Nazimə elə gəldi ki, səfirliyin birinci katibi ona diqqət göstərməklə hardasa işarə vurur ki, ehtiyatlı ol, nəzarətdəsən, artıq-əskik hərəkət eləmə. “Normal. Nə deyim, ayıqdırlar, sükanı belə saxla MTN,” – dosent fikirləşdi.

Artıq konfransın plenar iclası qurtarmışdı, camaat nahara tələsirdi. Bir saatdan sonra ayrı-ayrı seksiyalarda mövzular üzrə çıxışlar və müzakirələr başlayacaqdı. Zaldan çıxıb ora-bura baxa-baxa fikirləşdi ki, yavaş-yavaş alimlərlə tanış olmaq lazımdı. Liftə tərəf bir neçə addım atmışdı ki, Çjimin Çzianı gördü. Hər ikisi təbəssümlü baxışlarla ürəklərində ani olaraq sanki bir-biriylə belə bir qısa dialoqa girdilər.

Nazim: “Axı sən deməmişdin, özün də Bakıdan vurub bura konfransa gələcəksən”.

Çjimin Çzian: “Düzdü deməmişdim, tələsmə o dəyqə fikir söyləməyə, indi başa salaram sənə səbəbini”. Bu gizli dialoqdan az sonra yaxınlaşıb əl verdilər bir-birilərinə.

- O selam aleykum, Nazim bey.

- Aleykum salam, sayın Çjimin.

- Biliyorum, qaliba hayret etdiniz burda bana raslayınca.

“Hə, görək nə uydurassan?” - Nazim ürəyində fikirləşdi.

- ...Sizin dış işləri bakanı bizim ülkemize üç gün sonra safer edecek. Bizim bakanlığın talimatıyla geldim, - Çjimin dedi.

“Sən dedin, mən də inandım. Hamısını əvvəlcədən qurmusuz”.

- Çox güzel, Çjimin. Sizi gördüm, çok mutlu oldum. Burda tek olmam zaten.

- Tabii, tabii. Sen bu akşam, umarım, müsaidsin.

Nazim istədi desin bir az qabaq səfirliyimizin burdakı birinci katibiylə tanış olmuşam, məni axşam restorana dəvət edəcək, fikrindən vaz keçdi. “Nəyə lazımdı axı buna artıq informasiya vermək. Sonra isə başqa cür fikiləşəcəkdi: Əşi məni izləyirlərsə, onsuz da görüblər kiminlə danışmışam.

- Müsaid deyiləm, bir arkadaşla randevum var.

- A, sizin burda arkadaşınız var?

- Evet, əski zamanlarda aynı universitedə okuduk, - atüstü bunu da uydurdu Nazim.

- Yarın akşam nasıl? Senin uçağın o biri gün, demi?

- Evet bir gün sonra. Yarın akşam müsaidim.

- Pek iyi, seni bir Çin restoranına aparırım. Vanfuçin sokağında ünlü bir rerestoran var.

- Olur, teşekkür ederim.

- Okey, ben o zaman yarın akşam konferans bitene yakın bura gelerim, sizi alıb arabayla gederiz restorana.

- Teşekkür ederem Çjimin. Çok mutlu etdiniz beni.

- Tam aksi, Nazim bey. Siz bizim ülkeye gelmekle bizlere mutluluk verdiniz.

“Eh, görən bu mutluluğun axırı necə olacaq? Bu mutluluğu burnumdan gətirməsəz yaxşıdı”. Ayrıldılar, səfir Nazimə “Afiyet olsun” arzuladı. Nazim o biri iştirakçılarla bir yerdə nahar etmək üçün restorana düşdü. Sinidə yemək götürüb boş masaların birinin arxasında oturdu. Az sonra həmin masanın arxasında yeməkləriylə birlikdə avropasifətli iştirakçılar da oturdular.

Yemək yeyə-yeyə bir-biriləriylə tanış oldular. Berta İsveçdən gəlmişdi, alternativ neft kəmərləri mövzusunda doktorluq işi yazırdı. Tomas Almaniyadan idi, Avropa İttifaqının enerji siyasətində Cənubi Qafqazın yeri mövzusu üzrə ABŞ-ın Marşal Fondundan qrant udmuşdu. Söhbət vaxtı Nazim onların ənənəvi suallarına cavab verəsi oldu, - Azərbaycanın balanslı xarici siyasəti yenə də özünü doğruldurmu, prezident İlham Əliyevin NATO-ya münasibəti necədir, yeni neft ehtiyatları tapılıbmı və s. və s.

Cavablar xüsusi yaradıcı yanaşma-filan tələb etmədiyindən Nazim danışa-danışa həm də fikirləşirdi, görəsən, “verbovka” üzrə bu gün hansısa cəhd olacaqmı, bizim MTN-çilərdən kimsə onu izləyirmi. Hardansa oxumuşdu ki, xüsusi xidmət orqanlarının hazırladığı preparatlar var ki, yeməyə, suya, ya çaya atanda adama elə təsir edir ki, istədikləri kimi onu idarə edirlər. Birdən sabahkı restoran qonaqlığında onun yeməyinə elə məhluldan-zaddan atarlar və Bakıya qayıdanda Çjimin istədiyi kimi onu idarə edə bilər. “Neyniyim? Yemək yeyəndən sonra qaçım tualetə, barmağımı boğazıma soxum, qusum və axırda Pekin səfərim sözün əsl mənasında burnumdan gəlsin? Yox, daha doğrusu, ağzımdan gəlsin”.

* * *

Nazimlər axşam İstanbul restoranında oturub ayrandan qurtum ala-ala çoban salatı, Urfa kababı yeyirdilər. Birinci katib Nazim iki ildi səfirlikdə işləməyindən, yeməklərindən tutmuş çinlilərin çox şeylərinə öyrəşdiyindən, tədbirlərdən-filandan, dosent Nazim isə Xəzər universtitetində dərs deməyindən, tələbələrindən danışırdı. Dosent söhbəti Azərbaycanın xarici işlər nazirinin yaxın günlərdə Pekinə səfər etməyinə gətirib çıxardı və birinci katib həvəslə bu barədə danışmağa başladı: “Məllim, işlər o qədər çoxdu ki, buranın protokol idarəsiynən danışmaq, çinlilər də çox gec başa düşən millətdi, rus dilində, ingilis dilində elə danışırlar ki, cümlənin yarısını başa düşmürsən. İnanırsan, səhərdən dilimə bir tikə çörək dəyməyib...”.

Nazim söhbət edə-edə beynini deşən sualı vermək istəyirdi: ”Qardaş, bir şey soruşum, bu cür tədbirlərə gələnləri Çin kəşfiyyatı “verbovka” eləməyə cəhd göstərirmi?” Amma başa düşür ki, bu ritorik sualla özünü axmaq yerinə qoymuş olar. Az qala orta məktəb şagirdi də bilir ki, tədbirlər-filan bir yana, istənilən yerdə, xarici ölkə, ya vətəndə xüsusi xidmət orqanları yüz cür oyuna əl atırlar ki, lazım bildikləri adamı əməkdaşlığa cəlb etsinlər. Bir də bizim dosentə elə gəlirdi ki, MTN-dən səfirliyə operativ xəbər ötürülüb: orda konfransda bir azərbaycanlı iştirak edir, ondan göz-qulaq olun.

- ...Məllim, sizi təşkilatçılardan aeroporta aparan olacaqmı? - ayrılana yaxın birinci katib soruşdu.

- Hə, narahat olmayın, aparacaqlar, elə deyiblər.

- Bir şey lazım olsa, əlaqə saxlıyarsız, - deyib vizit kartını adaşına uzatdı.

Səfirliyin maşını onu otelə gətirdi. Otaqda televizorun pultunun düymələrini bir-bir basaraq kanallarda maraqlı bir veriliş-filan tapmayıb sabahkı çıxışı, ən əsaslı, sabah axşam Çin restoranında onu gözləyən qonaqlıq barədə fikirləşdi. “Ayıq olmaq lazımdı, ayıq”.

Yatmamışdan əvvəl qəhrəmanımız noutbukunu açıb internetə girdi, yandex.ru, google.com-da Çində “verbovka” bağlı məlumatlarla tanış olmağa başladı. “Hmm, bunlar bizimkilərlə adaş imişlər ki”. Çində də kəşfiyyat, təhlükəsizlik işlərini həyata keçirən qurumun adı Milli Təhlükəsizlik Nazirliyi idi. Daha sonra Nazim Çində xariciləri agent kimi ələ almaq, onlara işləmək qaydalarıyla bağlı bir-iki saytla tanış oldu: standart vasitələrdən istifadə olunurdu, - qız, pul, ideoloji simpatiya və sairə.

* * *

Konfransın ikinci günü Nazim seminarda çıxışı elədi, suallara cavab verdi, ona elə gəldi ki, maraqlı məruzə elədi, - çıxış edəndə, suallara cavab verəndə iştirakçıların çoxu onun sifətinə maraqla baxmışdı.

Nəhayət, axşam Çjiminlə restoranda oturub Çinin milli yeməklərindən təam edə-edə söhbət edirdilər. Nazim hər şeydən çox razı qaldığını dedi, konfransa dəvətə görə bir daha təşəkkür elədi. Danışa-danışa Nazim ürəyində elə hey deyirdi: “Cijim, keç mətləbə, uzatma görək, bilirəm, planında var, təlim də keçmisən, nəyi, necə demək lazımdı-filan. Başla görək”.

- ...Siz Çinin Azerbaycanla ilişkilerinin iyi olmasını isterdinizmi?

“Nəhayət ki. Ama xam verbovşikdi. Verdiyi suala bax”.

- Tabii isterim. Zaten ilişkilerimiz iyi, - Nazim suala cavab verdi. - Nasıl düşünürsüz? Azerbaycan ve Çin strateji partnyorlar sayıla bilirmi? – özü suala keçdi.

“Heç hənanın yeridi, bu nə sualıydı verdim”, - tez də ürəyində peşman oldu verdiyi bu suala.

- Ola bilir. Hatta ben şöyle söylemek istiyorum. Azerbaycanla Çin tek strateji partnyor degil, strateji muttafıklar olmalı. Demi?

- Evet haklısız.

“Nəysə, elə bil bununla hər dəfə görüşlərdə tez-tez “evet, haklısız” deyirəm, yəqin elə bilir ki, artıq təsirinə düşmüşəm”. Eyni vaxtda Nazimə ləzzət eləyirdi ki, çinli onun “prikollarını” başa düşmür. “O vaxt feesbeşniklə belə məzələnsəydim, yəqin qayıdıb deyərdi, tı çto, izdevaeşsya nado mnoy? (Bu nədi, məni dolamısan sən).

- ...Yani, Nazim bey, biz çabalar yapmalıyız ki, ülkelerimiz arasında olan ilişkiler strateji alanda daha da iyi olsun.

“Hə, elə ilişgilərin iyiləşməsi bizə qalıb”.

- Tabii, yapmalıyız, - dalınca Nazim istədi desin ki, aksi halde ilişkiler iyileşmez, başa düşdü ki, birdən ağ etmiş olar onda, çinli anlayar ki, onu dolayırlar. - Zaten sorular aynı, amma uğurlarımız da aynı.

- Tabii, tabii. O yüzden, Nazim bey, bizim kendi ilişkilerimiz daha sıcak (isti) olmalı, yəni biz şahsi olarak kendi katkılarımızı vermeliyiz.

“Ay sağ ool, elə bayaqdan bunu demək lazımıydı. Onda mən səni dolamazdım, başa düşməsən belə”.

- Evet, Çjimin bey, size bey desem olarmı? - Nazim spontan olaraq “bəy” müraciətindən sonra gülə-gülə soruşdu.

- Olur, olur, tabii, - Çjimin də güldü.

- Sizde genelde nasil söyleyirler bey derken?

- Sienşın.

“Nə qələt elədim bu sualı verdim. Adı kimi, bu da yadımdan çıxacaq”.

- Sienşın Çjimin o zaman? - Nazim soruşdu.

- Aksi, Çjimin Sienşın, - çinli gülə-gülə cavab verdi. – Amma bunu söylemek zorsa, bey de söyleye bilirsiz, - Çjimin sanki Nazimin ürəyindəkiləri oxudu.

Daha sonra onlar Çinlə Azərbaycan arasında “ilişkilerin daha da iyileşme potensialından” dəm vurdular. Nazim əminiydi ki, onun rouminqdə olan mobil nömrəsi vasitəsilə telefonunu həm bizim, həm də çinlilərin MTN-i vasitəsiylə dinləyirlər, ona görə konkretliyə varmayıb ümumi sözlərlə söhbəti yola verirdi: hər iki ölkədə separatizm problemi var, hərçənd ki, Çinin heç bir faiz torpağı belə işğal edilməyib, Çin Azərbaycanın ərazi bütövlüyünü tanıyır.

- Onda otelə gedelim? - Çjimin soruşdu.

- Evet, - Nazim saatına baxdı, on birə iyirmi dəqiqə qalırdı, - gedelim, - deyib yerindən durdu.

Çinli ofisiantı çağırıb hesabı gətirməyi xahiş etdi. Nazim bir daha təşəkkür eliyib ürəyində çinlidən soruşdu: “Yaxşı, indi de görüm, axşama qız olacaq, ya yox? Ordan vurub on saat yol gələsən və axırda Çin gözəliylə kef eləməyəsən. Olmadı ki?”

Çjimin maşınıyla Nazimi otelə gətirdi və təbəssümlü-xoşbəxt sifətlə otelin lobbisində onunla vidalaşdı.

* * *

Nazim Bakıya qayıdıb universtetdə dərs deməyinə davam etdi, tələbələrinə, iş yoldaşlarına Pekin təəssüratlarından danışdı və əmin oldu ki, gec-tez Çjimin yenə zəng edəcək, yenə onu restorana dəvət edəcək, - “ilişkiləri kalkındırıb daha yüksək müstəviyə keçirmək üçün”. Hardasa bir ay sonra Çjimin zəng elədi, aralarında belə bir dialoq oldu:

- Selam, Nazim bey.

- Aleykum selam, Çjimin bey.

- Nasılsınız?

- İyiyim, siz nasılsınız?

- İyiyim, Nazim bey, umarım Pekin konferansından mutlu kaldınız.

“Yox, çinli qızla kef eləmədən mutluluqmu olar?” – ağlına ilk gələn bu fikirdən gülməyi tutsa da, özünü güclə saxladı.

- Tabii, Çjimin bey, mutlu oldum, çok mutlu.

- Pek güzel, siz bu pazar müsaidmisiniz?

- Açığı, müsaid deyilim. Japon sefirliyinin birinci sekreteriyle Mado restoranında bir randevum var.

- Aaa, - Çjiminin səsi elə bil qırıldı.

Nazim çinlidən elə bu reaksiyanı da gözləyirdi. “Yəqin üzü də qızardı,” – Nazim fikirləşdi.

- Beni Tokioda bir uluslararası konferansa davet ediyorlar. Güney Kafkazların Japoniyanın dış politikasında yeri ile ilgili.

- Aaa.

“Bu dəfə yüz faiz bilir ki, məzələnirəm”.

- Yani, Çjimin bey, o yüzden pazar günü müsaid deyilim, maalesef. Amma sonrakı pazar günleri görüşe bileriz.

- Anladım, anladım. O zaman ben size başka bir zaman telefon ederim.

“Yaxşı ki, anladın, mən də elə bunu istəyirdim”. Təbii ki, “başka bir zaman” Çjimin Nazimə zəng eləmədi. Sonrakı bazar günlərinin birində zəng eləsəydi, Nazim ona deyəcəkdi ki, bu dəfə Rusiya səfirliyinin üçüncü katibi onu “Slavyanskaya Boçka” restoranına nahara dəvət edib. “Maalesef o yüzden müsaid deyilim” - deyəcəkdi Çjiminə. Və bununla da Çin-Azərbaycan münasibətlərinə olan “kendi katkı” (şəxsi töhfə) məsələsinə son qoyulacaqdı.

Amma arada Nazim yenə öz-özünə fikirləşirdi ki, bəlkə bu Çjimin heç kəşfiyyatçı, rezident-filan deyil, doğrudan, qəzetdə çıxan məqalələri doğrudan xoşuna gəlib, elə onun timsalında özünə Azərbaycanda bir dost tapmaq istəyib. “Bəyəm, belə şeylər həyatda olmur ki?” - sanki çinlinin isti münasibətinə haqq qazandırmaq üçün bu sualı verirdi özünə.

Nazim Çin səddinin maketini otağında televizorun üstünə qoymuşdu. Hərdən baxırdı ona. Çinə səyahət haqqında rəngli, qalın kitabı isə otağının havasını dəyişmək üçün tez-tez açdığı pəncərənin altına qoymuşdu. Bakının küləyindən kitab pəncərənin altında əzilib “şil-küt” olmuşdu.

25 may – 18 dekabr, 2013,

Bakı – Altıağac – Bakı – Genuya – Bakı – Ankara – Bakı

“Azərbaycan” jurnalı, № 6, 2014

Günün bütün mövzuları

XS
SM
MD
LG