Keçid linkləri

2024, 19 Mart, çərşənbə axşamı, Bakı vaxtı 12:34

Arif Hacılı: «Xalqın dəyişikliklərə inamını artıracağıq» [Video]


Arif Hacılı
Arif Hacılı

-

Müsavat Partiyasının yeni başqanı Arif Hacılı canlı efirdə sualları cavablandırıb.

«MÜSAVAT BAŞQANI OLMAQ XÜSUSİ MƏSULİYYƏT TƏLƏB EDİR»

«Müsavat 103 yaşlı bir partiyadır. 103 il əvvəldən qoyulmuş ümumi ideoloji siyasi xəttə, müsavatçılığın ana prinsiplərinə sadiqlik əsas şərtlərdən biridir. Bu baxımdan Müsavat başqanı olmaq xüsusi məsuliyyətdir. Hazırda Azərbaycanda siyasətdə böhran var. Normal siyasi rəqabət mühiti yoxdur. Bu məsələdə məsuliyyət hakimiyyətin üzərinə düşür. Biz resursları qorumaq, artırmaq, müəyyən strukturları gücləndirməklə bu süstlüyü aradan qaldırmağa çalışacağıq. Xalqın dəyişikliklərə inamını artırmalıyıq».

«BU QURULTAY VACİB HADİSƏ OLDU»

«Qurultayın ləngiməsinin səbəbi yerin ayrılmamağı idi. Gecikmiş olsa da, bu qurultay vacib hadisə oldu. Azərbaycanın siyasət tarixində qalacaq bir qurultay oldu. Nizamnaməyə uyğun İsa Qəmbər namizədliyini irəli sürmədi. Qurultay seçki kampaniyası ilə keçirildi. Bu seçkilərə bütün cəmiyyətin marağı vardı. Seçkilər tam demokratik keçirildi. Səslər canlı yayımda sayıldı. Mən özüm də başqan seçilməyim xəbərini kənardan aldım. Dünyanın müxtəlif ölkələrində yaşayan azərbaycanlıların bu seçkilərdən xəbəri oldu».

«İSA QƏMBƏR MÜSAVAT MƏCLİSİNİN ÜZVÜDÜR»

«İsa Qəmbər qurultayda kimi dəstəkləyəcəyini bildirmirdi. Digər Müsavat üzvlərinin opponentləri müdafiə etməsi də vəziyyəti aydın göstərir. Təşkilat komitəsinin toplantısında təklif etdim ki, nizamnaməyə əlavə edilsin ki, keçmiş başqanlar Məclisin üzvüdür. Dəyişiklik qəbul olundu. İsa Qəmbər Müsavat Partiyası Məclisinin üzvüdür».

«PARTİYADA CİDDİ PARÇALANMALAR OLMAYACAQ»

«Partiyadan gedənlərin partiyanın üzvü olub-olmadığı araşdırılır. Samir Kazımlı uzun zamandır Müsavat Partiyasına qarşı təbliğatda kifayət qədər aktiv iştirak edir. Bu səbəbdən o, Müsavatdan çıxdığını bəyan edəndə, mən təəccübləndim. Gün ərzində müəyyənləşdirə bilmədik ki, Samir Kazımlı partiyanın hansı rayondan üzvüdür. Maraqlı budur ki, özləri Müsavatın fəaliyyətində iştirak etməyənlər partiyanı fəaliyyətsizlikdə suçlayırlar. Bizim üçün hər bir üzv vacibdir. Ona görə də heç kimin partiyanı tərk etməyini istəmirəm. Düşünürəm ki, partiyada ciddi parçalanmalar olmayacaq».

«MƏCLİSİN BOŞ QALMIŞ YERLƏRİNƏ SEÇKİLƏR OLACAQ»

«Bu gerçəkdir ki, kifayət qədər tanınmış gənclər məclisə seçilməyiblər. Başqan seçimində yaranmış rəqabət ona gətirib çıxarıb ki, kiminsə başqanlığına səs verməyənlər onun ətrafında olan şəxslərin məclis üzvlüyünə də səs verməyiblər. Məclisə 38 boş yer var. Məclisin növbəti toplantısında boş qalmış yerlərə seçkilər müzakirə olunacaq».

«HAKİMİYYƏT MÜXALİFƏTLƏ MÜNASİBƏTLƏRDƏ DƏYİŞİKLİK ETMƏLİDİR»

«Azərbaycan cəmiyyəti dəyişikliklər arzusundadırlar. İnsanlar belə yaşamaq istəmirlər. Azadlıqlarına, təhlükəsizliklərinə əmin olmaq istəyirlər. Ancaq onların dəyişikliklərə inamı yoxdur. Mən bu inamı yaratmağa, müxalifətin fəaliyyətini uzlaşdırmağa çalışacağam. Biz digər siyasi partiyalarla funksional əməkdaşlığın tərəfindəyik. Dəfələrlə bəyan etmişik ki, ümummilli məsələlərdə hətta hakim partiyayla da əməkdaşlığa hazırıq. Hakimiyyətlə dialoq o vaxt ola bilər ki, müxalifət vacib siyasi proseslərdə iştirak etsin. Hakimiyyət müxalifətlə münasibətlərdə dəyişiklik etməlidir».

XS
SM
MD
LG