Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 17:09

FTB «cihadçı John»un kimliyinin müəyyən edildiyini bildirib


"Cihadçı John" adı ilə tanınan şəxsin görüntüsü
"Cihadçı John" adı ilə tanınan şəxsin görüntüsü

-

ABŞ Federal Təhqiqatlar Bürosunun (FTB) rəhbəri bəyan edib ki, onun idarəsi Amerika jurnalistləri James Foley, Steven Sotloff və britaniyalı humanitar yardım işçisi David Haines-in “London ləhcəsində danışan qatilini” müəyyən etdiyinə inanır.

Beləliklə, FTB-nin direktoru James Comey Atlantik okeanın iki sahilində “cihadçı John”un kimliyinin müəyyənləşdirildiyi barədə bəyanat verən ilk rəsmi şəxs olub.

Bununla belə, cənab Comey bildirib ki, terrorçunun şəxsiyyəti hələlik açıqlanmayacaq.

“Cihadçı John”un yaxalanmasına cəhd ediləcəkmi” sualına James Comey cavab verib ki, “biz Amerika xalqının istədiyini edəcəyik”.

O həmçinin girovların məhz videodakı şəxs tərəfindənmi öldürüldüyü, yoxsa qətlin kənarda icra olunub-olunmadığı ilə bağlı sualı da şərhsiz buraxıb.

Mərkəzi Kəşfiyyat İdarəsinin keçmiş casuslarından Aki Peritz “The Daily Telegraph” qəzetinə deyib ki, “cihadçı John”un şəxsiyyətinin müəyyən edilməsi işin asan tərəfidir. Ən çətini onu yaxalayıb məhkəmə qarşısına gətirmək olacaq.

Bununla belə, Peritz bildirib ki, indi xüsusi xidmətlər onun Britaniyadakı partnyorlarını aşkar edə bilərlər.

Bəzi ekspertlər terroçunun şəxsiyyətinin gizli saxlanmasının bir səbəbini də məhz bunda görürlər.

“Burası da var ki, “cihadçı John” Suriyadadır və bu ölkənin müttəfiqlər tərəfindən bombardman edilməsi onun innən belə salamat çıxacağına təminat vermir”– deyib Peritz.

“Atamın qisasını alın”

James Foley, Steven Sotloff və David Haines-i edamsayağı qətlə yetirən terrorçu indi də ikinci britaniyalının - Alan Henning-in başını kəsməklə hədələyir.

David Haines-in qızı siyasətçiləri İŞİD-in kökünü kəsməyə, atasının qisasını almağa çağırıb.

Baş nazir David Cameron Haines-in qatillərinin ələ keçiriləcəyini vəd edib.

FTB bildirib ki, terrorçunun şəxsiyyətinin müəyyən edilməsində Britaniyanın Mİ5 və Mİ6 xüsusi xidmətləri yaxından iştirak edib.

Britaniya parlamenti hava reydlərinə səs verəcək

“Cihadçı John” adı ilə tanınan terroçunun kimliyinin müəyyən edildiyi barədə xəbər Britaniya parlamentinin cümə günü keçiriləcək fövqəladə iclası ərəfəsində yayılıb.

Bu iclasda millət vəkilləri Birləşmiş Krallığın ABŞ-ın başçılığı altında İD-ə raket zərbələri endirən beynəlxalq koalisiyaya qoşulması barədə səsvermə keçirəcəklər.

Siyasətçilər “tarixi səsvermədə” Londonun hava reydlərinə qoşulacağı barədə qərara səs veriləcəyinə şübhə etmirlər.

Britaniya millət vəkillərinin səsə qoyacaqları qərar Kral Hərbi Hava Qüvvələri təyyarələrinin Şimali İraqdakı İŞİD mövqelərinə raket zərbələri endirməsinə yaşıl işıq yandırmalıdır.

Britaniyanın müdafiə naziri Michael Fallon bəyan edib ki, Britaniya hərbiyyəsinin qoşulduğu kampaniya üç və ya dörd ilədək davam edə bilər.

Səsvermədən dərhal sonra “Tornado”lar havaya qalxacaq

Lakin Kral Hərbi Hava Qüvvələrinin keçmiş komandanı, baş avisasiya marşalı lord Michael Graydon deyib ki, Birləşmuiş Krallığın hərbi aviasiyası son illərdə məruz qaldığı ixtisarlardan xeyli zəifləyib və indiki halında onun aparacağı kampaniya səmərəli olmaya bilər.

Xəbər verilir ki, Britaniyanın 6 Tornado təyyarəsi Kiprdəki hərbi bazadadır və Şimali İraq səmasında kəşfiyyat uçuşlarını həyata keçirir.

Britaniya hökuməti bildirib ki, bu təyyarələr parlament səsverməsindən dərhal sonra İraqdakı hədəflər üzərinə səmtlənə bilən “Paveway IV” mərmiləri və “Brimstone” raketlərini atmağa başlayacaq.

Hökumət həmçinin bildirib ki, raketlərin səmtləndirilməsi üçün İraq ərazisində, yer üstündə Britaniya hərbçilərindən ibarət dəstə olacaq.

Suriya üçün ayrıca səsvermə

David Cameron həmçinin bəyan edib ki, parlament Suriya üzərinə zərbələrin endirilməsinə dair səsvermə üçün təkrar çağırıla bilər.

Yüksək rütbəli ordu zabitləri bildiriblər ki, yalnız İraqdakı hədəflərin vurulması “mənasız” ola bilər.

Burası da var ki, Suriyadakı obyektlərə zərbə endirilməsinə icazə verən qərara bir çox millət vəkilləri etiraz edə bilərlər.

Başlıca ehtiyatlanma bundan ibarətdir ki, Suriyanın hava hücumundan müdafiə hissələri təyyarələri vurub sala bilər.

İŞİD-i ərəb qadın və Səudiyyə şahzadəsi də bombalayacaq

Bununla belə, istər Britaniya siyasətçilərinin, istərsə də ictimaiyyətin İŞİD-ə qarşı qətiyyətli addımlara meyli son həftələrdə xeyli artıb.

Britaniyanın müdafiə naziri bildirib ki, ölkə indiyədək bir neçə terror basqını ilə üzləşib. Beləki, 2007-ci ildə London nəqliyyatında partlayışlar törədilib, hərbçi Lee Rigby-nin başı islamçı ekstremist tərəfindən Londonun mərkəzi küçələrindən birində nümayişkəranə şəkildə kəsilib.

Bu arada İŞİD-ə qarşı hava reydlərində iştirak edən Birləşmiş Ərəb Əmirliklərinin donanmasında ilk qadın təyyarəçinin – mayor Mariam al-Mansouri-nin döyüşə qatılacağı xəbər verilib.

Səudiyyə Ərəbistanının hərbi pilotları arasında isə vəliəhdin oğlu şahzadə Khaled bin Salman da var.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG