Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 12:14

«Dilqəm Əsgərov və Şahbaz Quliyev 9 dəfə doğma torpaqlarına baş çəkməyə gediblər»


Kəlbəcərdə girov götürülmüş Dilqəm Əsgərov

Kəlbəcərdə girov götürülmüş Dilqəm Əsgərov

-

ƏLİ HƏSƏNOV: ERMƏNİSTAN BOŞALIR

"Ermənilər Azərbaycan torpaqlarını 22 il işğal altında saxlamaqla heç nəyə nail olmayıblar. Ermənistanda Sarkisyan-Köçəryan rejiminin sonu gələcək". Trend-in məlumatına görə, bunu Baş nazirin müavini, Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov deyib. Ə.Həsənov bildirib ki, hər il Ermənistanı 150-170 min nəfər tərk edir, digər tərəfdən təbii artım azalır: "Bu, Ermənistanı dalana dirəyir. Belə getsə, müharibəyə də ehtiyac qalmayacaq, Ermənistan boşalacaq”.

Onun sözlərinə görə, Kəlbəcərdə girov götürülmüş Dilqəm ƏsgərovŞahbaz Quliyev 9 dəfə doğma torpaqlarına baş çəkməyə gediblər: “İki nəfər torpağını sevən, qəhrəman azərbaycanlının Kəlbəcərə getməsindən sonra orada məskunlaşan ermənilərin 60-70 faizi qaçmağa başlamışdı. Ermənistanın müdafiə naziri bunu etiraf etmişdi. Sonra iddia etməyə başladı ki, bunun qarşısının alınmasına başlanıb”. Ə.Həsənov bildirib ki, D.Əsgərov və Ş.Quliyevə qarşı açılan cinayət işləri əsassızdır.

ÜZEYİR MƏMMƏDLİNİN BİBİSİ: “DÖZMƏYƏ MƏCBURUQ, ƏLACIMIZ YOXDUR”

Gənc aktivist Üzeyir Məmmədli

Gənc aktivist Üzeyir Məmmədli

“Media forum” saytı Bakı İstintaq Təcridxanasında saxlanan “Nida”çı məhbus Üzeyir Məmmədlinin vəziyyəti ilə maraqlanıb. Bibisi İradə Məmmədli sentyabrın 24-də “Media forum” saytına deyib ki, Üzeyirlə hər həftə görüşür: “Pis deyil. Bəzən rahatsızlığı olur, bu da həbs şəraitində normal haldır. Üzeyir səhhətində yaranan problemləri heç vaxt qabartmaq istəməyib. Həkim müayinə edir. Əhvalı yaxşıdır, depressiyada deyil. Kitablar, qəzetlər oxuyur, ictimai-siyasi hadisələrlə maraqlana bilir... İndiki şərtlərdə Üzeyirin tezliklə azadlığa çıxacağına ümidim yoxdur. Ümidi daha çox kənardan gözləyirik, nəinki içəridən. Hələ ki, ümidverici hal yoxdur. Bu haqsızlıqla barışmaq çox çətindir. Amma dözmək məcburiyyətindəyik, başqa əlacımız yoxdur. Üzeyir əsla təəssüf hissi keçirtmir. Hətta onun yanında nəyisə təəssüflə danışmağımıza belə imkan vermir”.

ELŞAD ABDULLAYEV SÜKUTU POZDU

“Yeni Müsavat” qəzetinin ötən sayında “mandat alveri” qalmaqalının əsas fiquru, 2012-ci ilin dekabrın 26-da İstanbulda dünyasını dəyişən Sevinc Babayevaya aid olduğu bildirilən səs yazısı barədə yazmışdıq. 18 dəqiqəlik səs yazısında S.Babayeva ABU-nun sabiq rektoru Elşad Abdullayev barədə danışıb, eləcə də onun itkin düşmüş qardaşı Mahir Abdullayevin haqqında bilinməyənləri açıqlayıb. S.Babayeva işarə verib ki, M.Abdullayevin ortadan yox olmasında qardaşı E.Abdullayevin də izlərini axtarmaq lazımdır. Bundan başqa, o, M.Abdullayevin MTN zabiti olması barədə deyilənləri də yalan adlandırıb. Mərhum S.Babayeva onun heç vaxt rəsmi formada olmadığını, işə gedib-gəlmədiyini, bütün günü ABU-dakı otağında oturduğunu deyib.

Sentyabrın 24-də isə E.Abdullayev bu səs yazısı ilə bağlı hazırladığı cavabı yazılı şəkildə “Yeni Müsavat” qəzetinə yollayıb. O, iddia edib ki, mərhum Sevinc Babayevanın səsinə oxşadılan “o dünyadan göndərilən audio səsi” həqiqətə uyğun olmayan saxta danışıqdır: “Bu saxta səs zərərçəkmişi təhdid etməyə, böhtan atmağa, şərləməyə və təzyiq altında saxlamağa hesablanmış və saxtalaşdılmış qondarma yazıdır. MTN zabiti Mahir Abdullayevin Azərbaycanda adam oğurluğu ilə məşğul olan poqonlu mütəşəkkil cinayətkar dəstə tərəfindən oğurlanmasını ört-basdır etməyə xidmət edir. Sevinc Babayevanı saxta səslə ictimaiyyətə təqdim edən şəxs məhz Mahir Abdullayevi bilavasitə oğurlayan şəxsdir”.

“BUNDAN ANCAQ ŞİRKƏTLƏR SEVİNƏCƏK”

Azərbaycanın Mədən Hasilatı üzrə Şəffaflıq Təşəbbüsü (EİTİ) qrupuna üzvlük işinə yenidən baxılması məsələsi gündəmə gəlib.

Mədən Sənayesində Şəffaflığın Artırılması Koalisiyasının təsisçilərindən biri Neftçilərin Hüquqlarının Müdafiəsi Təşkilatının sədri Mirvari Qəhrəmanlı "Bizim Yol"a bildirib ki, indi üzvlüyə yenidən baxılması məsələsinin gündəmə gəlməsinin səbəbi vətəndaş cəmiyyətinə olan basqıdır. Onun fikrincə, bu məsələ hökumət üçün müsbət heç nə vəd etmir: "Özü də hökumət komissiyası ilə memorandum imzalamış koalisiya üzvlərinə ciddi təzyiqlər var. Onların da bank hesablarına həbslər qoyulub. Hətta mənim bank hesabıma qoyulan həbs bilavasitə Mədən Sənayesində Şəffaflığın Artırılması layihəsi ilə bağlıdır. Nəticədə layihəni dayandırdılar.

Bütün bunlara görə, Human Rights Watch təşkilatı təklif edib ki, Azərbaycanı sözügedən təşkilatın üzvlüyündən kənarlaşdırsınlar. EİTİ-dən çıxarılmağımız ölkəmiz, həmçinin hökumət üçün ciddi bir zərbə ola bilər. Yalnız şirkətlər sevinə bilər. Çünki onlar 10 ilə yaxındır ki, təşəbbüsə qoşulduğu halda öz hesabatlarını açıqlamırlar. Azərbaycanın qurumdan çıxarılması onlar üçün bir bəhanə olacaq, qeyri-şəffaflıqlarını daha da artıracaqlar".

DÖVLƏT SİFARİŞİ OLAN LAYİHƏLƏRDƏKİ USTA VƏ FƏHLƏLƏRİN PULUNU KİMLƏR “YEYİR”?

Azərbaycan, Bakı fəhləsi

Azərbaycan, Bakı fəhləsi

Dövlət sifarişilə həyata keçirilən layihələrə cəlb olunan usta və fəhlələrin pulunu bəzi hallarda tam vermirlər. Bu barədə ara-sıra “Azadlıq” qəzetinə şikayət məktubları daxil olub. Bu qəbildən olan daha bir məktub Əvəz Nəcəfov, Eldar Abbasov, İsa Alıyev və Elşad Vəliyevdən gəlib.

Onlar bildirir ki, “Azəri Sənaye Inşaat” MMC-nin sahibi Əlzamin Bayramovun rəhbərlik etdiyi şirkətin həyata keçirdiyi tikintisi, binaların üzlənməsi kimi işlərdə iştirak ediblər. Lakin onlara veriləsi zəhmət haqqı ödənilmir. Şikayətçilər deyir ki, problemlə əlaqədar Əmək Müfəttişliyinə də müraciət ediblər. Lakin adıçəkilən qurumun müfəttişi şikayətlərinə baxmaqdan yayınır: “Hər dəfə ”bu gün gecdir, sabah gəlin; gedin, birisi gün gəlin" deməklə şikayətimizə baxmır".

Günün bütün mövzuları

XS
SM
MD
LG