Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 18:39

Cəbhə xəttində ağ bayraq


Tərtər sakini Eldar Əliyev evində ağ bayraq qaldırıb
Tərtər sakini Eldar Əliyev evində ağ bayraq qaldırıb
Ağ bayraq…

Tərtər şəhəri, Sahil küçəsindəki 2 saylı evin damında, artıq 2 aya yaxındır ki, ağ bayraq dalğalanır. Cəbhə xəttinin bir neçə kilometrliyində yerləşən Tərtər rayon mərkəzi ilə bağlı bu mənzərə adamda «təslim şəhər» təəssüratı yaradır. Ancaq, həmin evin sahibi Eldar Əliyevlə tanış olandan sonra məlum olur ki, bu ağ bayrağın Azərbaycan və Ermənistan silahlı qüvvələri arasında ara-sıra baş verən atışmalarla heç bir bağlılığı yoxdur. Eldar Əliyev bunu Tərtər Rayon İcra Hakimiyyətinin onu müflis etməsi ilə izah edir: «Ermənilər bizi ağ bayraq qaldırmağa məcbur edə bilmədi. Ancaq yerli məmurlar bunu bacardı…»


Eldar Əliyev 1995-ci ildə tikinti materiallarının satışı ilə məşğul olmaq üçün Tərtər çayının sağ sahilindən yer alıb. Onun sözlərinə görə, ətraf evlərin sakinlərinin zir-zibil atdıqları və xeyli çökəklikdə yerləşən bu ərazinin düzəldilməsi üçün, gəlininin qızıl, zinət əşyalarını belə satmaqdan çəkinməyib. Ötən ilin sonlarında Tərtər rayon icra hakimiyyəti başçısının dəyişdirilməsi ilə şəhərdə yenidənqurma işləri başlayıb. Bir çox sahibkarın, o cümlədən Eldar Əliyevin mağazası əlindən alınaraq, onlara, şəhərin Vidadi küçəsində başqa bir yer verilib.

«Ermənilər bizi ağ bayraq qaldırmağa məcbur edə bilmədi. Ancaq yerli məmurlar bunu bacardı…»
Eldar Əliyevin deməsinə görə, ona icra hakimiyyətindən vəd veriblər ki, Vidadi küçəsində yeni avtovağzal inşa ediləcəyindən təzə mağazalar daha gediş-gəlişli olacaq. Üstəlik yeni mağazaların bütün tikinti xərcləri də dövlətin hesabına ödəniləcək. Ancaq yeni avtovağzalın istifadəyə verilməsinin gecikməsi bir yana, ona dəyən maddi ziyan da ödənilməyib: «Həmin yer düz qəbiristanlığın yanıdır. Alver getmir. O vaxtdan mağazanı bağlayıb, prezidentə, Təhlükəsizlik Şurasına şikayətlər göndərirəm…»


Eldar Əliyevin sözlərinə görə, Tərtər rayon polisi hətta iki dəfə ağ bayrağı onun evinin damından çıxarmağa çalışıb. Ancaq qonşuların köməyi ilə bayrağın endirilməsinə yol verməyib. Böyük oğlu isə bu dava-dalaşa dözməyərək Azərbaycandan gedib. Eldar Əliyev deyir ki, Tərtər Rayon İcra Hakimiyyəti ona dəyən maddi ziyanı ödəməyənə qədər nə baş verir-versin evinin damından ağ bayrağın çıxarılmasına imkan verməyəcək...


«Son bir ildə Tərtər şəhərində 300-dən çox yöndəmsiz tikili, qeyri-qanunu köşklər götürülərək, onların yerində müasir üslubda ticarət obyektləri inşa edilib»- bunu isə Tərtər Rayon İcra Hakimiyyəti başçısının sosial-iqtisadi məsələlərlə bağlı müavini Fəxrəddin Binnətov deyir.


İcra hakimiyyəti başçısının başqa bir müavini Ramiz Şabanov deyir ki, heç kim Eldar Əliyevə yeni mağazasının xərcinin ödəniləcəyi ilə bağlı vəd verməyib: «Bu adam şər-böhtanla məşğuldur. Bir də lap orada alver getmir. Neyləyək? İcra hakimiyyəti gedib orada onun üçün alver etsin?..»


Tərtərin su problemi


Su qıtlığı kənd təsərrüfatının inkişafına mane olur
Keçmiş Ağdərə rayonu ərazisində yerləşən Sərsəng su anbarı Ermənistan silahlı qüvvələrinin nəzarətinə keçdikdən sonra Tərtər rayonunda su qıtlığı yaranıb. Ona görə də artıq xarabazara çevrilmiş Şəhriyar kəndində deyil, Tərtər rayonunun əksər yaşayış məntəqələrində əhali istədiyi kimi əkin-biçin işləri ilə məşğul ola bilmir.


Tərtər rayonunun sərhəd yaşayış məntəqələrindən biri də Qapanlı kəndidir. Elə tarixən azərbaycanlıların yaşadığı bu kənd də tədricən boşalmaqdadır. Bir tərəfdən atəşkəsin pozulmasının tez-tez təkrarlanması və bir tərəfdən də su qıtlığı Qapanlıda da insanların əkin-biçinə həvəsini xeyli azaldıb. Qapanlıda, Ermənistan silahlı qüvvələrinin postu ilə cəmi 300 metr arası olan bir evdə qonaq oluruq. Bu evin qapı və pəncərəsini qarşı tərəfdən atılan güllələr deşik-deşik edib. Həyətdə mal-qara saxlamaq üçün tövlə yoxdur. Ev yiyəsi Qaryağdı Tanrıverdiyevin sözlərinə görə, mal-qaranı evin arxa divarına bağlayırlar ki, qəfil gülləyə tuş olmasınlar: «2 hektar 70 sot pambıq əkmişəm, su olmadı quruyur. Onu da biçə bilmədik. Çıxırıq biçməyə güllə atırlar…»


Qaryağdı Tanrıverdiyev deyir ki, ailəni əsasən Bakıdakı şadlıq saraylarının birində xidmətçi işləyən oğlu dolandırır. Həmin oğlu nə göndərdi elə onunla da kifayətlənirlər. Ancaq Qapanlıda Qaryağdı Tanrıverdiyevdən də acınacaqlı vəziyyətdə yaşayanlar var.


Çətinliklərə baxmayaraq, 550 bal


Ancaq görünür Qapanlıda yaşamaq da olar, hələ bir istədiyin uğurlara çatmaq da. Elə Qaryağdı Tanrıverdiyevin test imtahanlarında 550 bal toplayıb Bakı Dövlət Universitetinin kitabxanaçılıq fakültəsinə daxil olan oğlu Emin kimi. Heç bir müəllim yanında hazırlaşmayan və tez-tez atəşkəsin pozulması üzündən yarı uçuq Qapanlı Kənd Məktəbində dərslərinə məcburən ara verən Emin Tanrıverdiyevin 550 bal toplamasını qonum-qonşu təəccüblə qarşılayıb. Emin Tanrıverdiyev deyir ki, bu bal ona Bakı Dövlət Universitetinin ödənişli qaydada hüquq fakültəsinə də daxil olmağa imkan verirdi.

Tərtər rayonunda su qıtlığı təkcə əkin sahələrində yox, həyət-bacalarda da özünü göstərir. Mamırlı kəndində hansı evə gedirsən susuzluqdan quruyan bağ-bağat görəcəksən
Ancaq, ailəsinin maddi vəziyyətini nəzərə alaraq kitabxanaçılıq ixtisası ilə kifayətlənib.


120 ailənin məskunlaşdığı taxta şəhərcik


Tərtər rayonunda qaçqınlar əsasən «İsmayılbəyli Yol Ayrıcı» deyilən ərazidə məskunlaşıblar. İsmayılbəyli kəndinin yaxınlığında salınan bu taxta şəhərcikdə Ağdam rayonundan qaçqın düşən təqribən 120 ailə yaşayır. Qaçqınlar danışırlar ki, taxta evlər onları nə yağışdan, nə də qardan qoruyur. Azacıq qar, yağış yağdısa bu evlər dammağa başlayır. 120 ailənin məskunlaşdığı taxta şəhərciyin suya olan tələbatını isə bir artezian bulaq ödəyir.


Şəhərcikdəki qaçqınların demələrinə görə, əsasən Bakıda və Rusiyada işləyən qohumlarının yardımları ilə dolanırlar. Onlara qaçqın kimi verilən yardımlar isə heç bir həftə üçün ehtiyaclarını ödəmir: «İki aydan bir adambaşına 6 kiloqram un, 1 kiloqram yağ, 900 qram şəkər tozu və 60 qram duz alırıq. Bundan başqa hər bir adama 25 min çörək pulu və hər bir ailəyə 35 litr yanacaq verilir…»


Tərtər şəhərindəki mərkəzi parka toplaşan insanlar ünvanlı sosial yardımın verilməsindəki bürokratik maneələrdən narazılıq edirlər. Tərtər Rayon Sosial Təminat İdarəsində isə hesab edirlər ki, əhalinin ünvanlı sosial yardımla bağlı narazılığı daha çox məlumatsızlıqdan irəli gəlir. Çoxları qanuna əsasən onlara ünvanlı sosial yardım düşmədiyi halda bu reallıqla barışmaq istəmirlər. İdarənin Ünvanlı Sosial Yardım sektorunun müdiri Abbas Cavadov deyir ki, bu günə kimi onlara 672 nəfər müraciət edib. Onlardan yalnız 261 nəfərinin sənədləri qəbul edilib.


Rayonun ümumi ab-havasını Tərtər şəhər bazarından duymaq mümkündür
Tərtər şəhər mərkəzi parkına toplaşan insanları narahat edən məsələlərdən biri də əmək təqaüdü ilə işsizlik təqaüdü arasında fərqin çox az olmasıdır.


Susuzluqdan quruyan bağ-bağatlar


Tərtər rayonunda su qıtlığı təkcə əkin sahələrində yox, həyət-bacalarda da özünü göstərir. Mamırlı kəndində hansı evə gedirsən susuzluqdan quruyan bağ-bağat görəcəksən: «Xurma, ərik ağaclarım tamamilə quruyub. Bu il susuzluqdan məhsul olmadı…» Bu yarı qurumuş bağın sahibi, Habil İbrahimov deyir ki, bir neçə dəfə pul toplayıb quyuların mühərriklərini təmir ediblər. Ancaq, mühərriklər nədənsə tez-tez yandığından onu öz hesablarına mütəmadi təmir etdirə bilmirlər. Kəndə bir-iki işləyən artezian da ancaq əkin-sahələri və içmək üçün istifadə edilir. Həyət-bacanı suvarmağa isə su tapa bilmirlər. Habil İbrahimov kəndin keçmiş uşaq bağçasının yarı-uçuq binasında yaşayır. Onun evinin də bağı kimi, deyəsən xoş günləri arxada qalıb. Habil İbrahimov Muğanlı kəndindən olsa da həyat yoldaşı Kəlbəcər qaçqınıdır. Elə qaçqın ailəsi kimi də onların uşaq bağçasının yarı-uçuq binasına köçmələrinə etiraz etməyiblər. Ötən il onun bağı yaxşı məhsul verdiyindən uşaq bağçasının həyətində yeni evin tikintisinə başlayıb. Ancaq, bu il həyətdən məhsul götürə bilmədiyindən evin tikintisi də yarımçıq qalıb.


Əslində, Regionların İnkişafına Dair Dövlət Proqrammı çərçivəsində Tərtər Rayon İcra Hakimiyyətinə tapşırılan vəzifələrdən biri də yeni artezian quyularının istifadəyə verilməsidir. İcra Hakimiyyəti Başçısının müavini Fəxrəddin Binnətov deyir ki, onlar son bir ildə bu istiqamətdə az iş görməyiblər: «Son bir ildə 70-80 artezian quyusu bərpa edilib…»


«Bu hələ ehtiyacı ödəmir?»


«Bəli ödəmir. Ona görə daha 30 artezian quyusunun bərpası nəzərdə tutulur. Onun 10-u bu ilin planına salınıb. Ondan da artıq 5-i bərpa edilib…»


Rayonun ümumi ab-havasını Tərtər şəhər bazarından da duymaq mümkündür. Şəhərdəki yeganə bazar o qədər də böyük deyil. Alış-veriş isə çox sönükdür. Baxmayaraq ki, kənd təsərrüfatı rayonlarında Bakıya nisbətən bolluq olmalıdır:


Ancaq ət Tərtər bazarında Bakı ilə müqayisədə bir qədər ucuzdur. Əgər Bakıda bir kiloqram qoyun ətini 24 min manatdan ucuz almaq mümkün deyilsə, Tərtər bazarında bu alıcıya təqribən 6 min manat ucuz başa gəlir. Ancaq, qəssab gileylənirdi ki, ətin bir kiloqramını 18 min manata satsa da müştəri tapa bilmir.


AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG