Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 21:47

«Salyandan o yana nə var, yazırlar Hadı Rəcəblinindir. İndi mən neyləyim?!»


Hadı Rəcəbli
Hadı Rəcəbli

-

Mətbuatın yazdığına görə, Milli Məclisin Sosial siyasət komitəsinin sədri Hadı Rəcəbli aldığı əməkhaqqının aşağı olmasından şikayətlənib. Komitə sədrinin maaş azlığından şikayətlənməsi bir sıra şərhlərə yol açıb. Ancaq komitə sədri «Yeni Müsavat»a müsahibəsində yazılanları təkzib etdi.

- Hadi müəllim, doğrudanmı bu gün parlamentin komitə sədri olaraq siz dolana bilmirsiniz?

- Mən uzun illər mətbuatla əlaqədə olmuşam. Elə bir söz deməmişəm. Jurnalistlər müraciət edəndə çalışıram ki, onlara müsahibə verim. Ancaq belə də olmaz axı, mən intervü verirəm, fikrimi kontekstdən çıxarırlar, sonra məcbur olub təkzib edirəm. Vallah belə jurnalistika, belə yoldaşlıq olmaz. Hadı Rəcəbli harada və haçan deyib ki, əməkhaqqım mənə çatmır? Hadı Rəcəbli belə deyə bilməz. Deyə bilər ki, tələbatla təminat düz mütənasib deyil. İnsan təmin oluna-oluna onların tələbatı artır. Mən bunları mətbuatda deyirəm, bu barədə televiziya çıxışlarım olub. Sevinirəm ki, dövlətimiz o qədər inkişaf edib ki, insanlarımızın rifahı yaxşılaşıb. Yaxşılaşa-yaxşılaşa da tələbatı artıb. Bunu mən deyə bilərəm. Amma sən götür yaz ki, Hadi Rəcəbli deyir maaşım mənə çatmır... Mən belə şey deməmişəm axı... Mətndə başqa şeydir, amma başlığa çıxarıblar ki, Hadı Rəcəbli maaşından narazıdır. İntervüdə olmayanı başlığa çıxararlarmı? Belə Allahsızlıq olarmı? İnan, bundan sonra adam deyir daha heç kimə müsahibə verməyim. Mən bu mövzunu ortaya atanların əməllərini pisləyirəm. Bu, ədalətsiz mövqedir. Olmayan bir məsələni qəzetlərin, saytların başlığına çıxarmaq, «facebook»da oynatmaq düz iş deyil. Mənim açıqlamamı oxuyan görür ki, onun içində elə fikir yoxdur.

- Deyəsən maaşınız 1950 manatdır...

- Ola bilər bir az da çox olsun. Söhbət ondan getmir. İnsan təmin olunduqca tələbatı artır, bu, qanunauyğunluqdur. Mən də bunu demişəm.

- Bundan əvvəl də oxşar söhbətlər yayılmışdı. Deməli, siz birmənalı şəkildə dolanışıqdan şikayətçi deyilsiniz?

Mən 45 manat əməkhaqqına işləmişəm. 12 yaşından fəhləlik eləmişəm.

- Dünyasında narazı qala bilmərəm. Necə yəni? Mən 45 manat əməkhaqqına işləmişəm. 12 yaşından fəhləlik eləmişəm. O adamlar ki, haqqımda yazır, onlar məni tanımırlar. Adamların tələbatı ilə təminatı fərqlidir axı. Hər bir adamın əməkhaqqı uyğundur. Kvalifikasiya, 19 bənd, tarif cədvəli, ixtisaslı-ixtisassız adam məsələsi var.

- Ümumiyyətlə, siz parlamentin komitə sədri olaraq ölkədə sosial-iqtisadi vəziyyəti necə dəyərləndirirsiniz?

- Yaxşı dəyərləndirirəm. Ona görə ki, durum yaxşılaşdıqca insanların arzuları artır. Vaxtilə 4 saat elektrik enerjisi istəyən camaat üçün indi su, kanalizasiya xətti, yol çəkilir. Bunlar ola-ola yeni arzular yaranır, mən bundan danışıram. Bu da təbiidir, qanunauyğunluqdur. Get Amerikada soruş, deyəcək maaşım çatmır, milyonçudan soruş, deyəcək vallah filan şeylərə pul çatdıra bilmirəm. Biz bundan danışmışıq, deməmişik ki, Hadının pulu çatmır. Mən maaşımla o qədər xeyriyyəçilik eləmişəm, bunu camaat bilir. Adamlara kömək edirəm, adamlar maaşımı soruşurmu?

- Bu zaman da ortaya suallar çıxır ki, kimsə yalnız maaşa baxırsa, xeyriyyəçiliyi hansı pulla edir?

- Elə o maaşın hesabına da etmək olar. Qənaət elə, əlini sıx, bu maaşdan da xeyriyyəçilik elə. Hadı müəllimin bahalı maşınları yoxdur, əynindəki kostyumları hamı görür, bahalı qalstuk geymir. Hadı müəllim öz maaşı ilə dolanan adamdır. Sən məni haradasa görmüsənmi ki, «Infiniti»də gəzim?

- Görməmişəm, yeri gəlmişkən, nə sürürsünüz?

- Heç nə. Mənim şəxsi maşınım yoxdur, xidməti avtomobildir.

- Tez-tez palıddan yazırlar...

- Palıd onların gözlərinə girsin! (gülür) «Palıdlı sahə»ni biri yazıb, çörəyi dizi üstündə olan adamdır. Elşad, mənim adıma heç bir biznes yoxdur. Bunu birmənalı qeyd edirəm. Harada istəsəniz yazın, deyin. Salyandan o yana nə var, yazırlar Hadı Rəcəblinindir. İndi mən neyləyim?

- Ancaq adətən mal-mülk başqasının adına yazılır...

- Görürsən, indi də belə deyirsən. Belə çıxır ki, camaat məni kasıb görmək istəyir? Gah deyirlər maaşı çatmır, gah da deyirlər ki, filan obyektləri var. Onda necə danışaq?

- Mən mətbuatda yazılanlar barədə soruşuram ki, səmimi cavab verəsiniz...

- Mən də səmimi cavab verdim ki, qardaş, mən heç bir sahibkarlıq fəaliyyəti ilə məşğul olmuram, heç bir biznesim yoxdur. Sən parlamenti görürsən, 125 nəfər var. Birinci ora kim işə gəlib-gedir? Kim birinci o binaya girir, axşam çıxır?

Milli Məclisdə kimin nəyi var, hamı bilir. Amma yazanda ki, Hadı müəllimin «Palıdlı sahə»si var, bu, ədalətsizlik olur. Sən başqasını da görməlisən axı.

- Mən orda olmuram axı, haradan bilim.

- Gərək biləsən. Hər halda müşahidələrin olmamış deyil. Hadı Rəcəbli səhər saat 10-un yarısı işə gəlir, 7 radələrində işdən gedir. İndi sən bütün parlamentə baxandan sonra Hadı Rəcəblini onlarla müqayisə edə bilərsən də.

- Deməli, Hadı Rəcəbli parlamentin ən intizamlı deputatıdır?

- Bu, bir. İndi sən dedin onu. İkincisi, sosial durumuna baxanda kimdir orda ən ortabab, ən orta deputat? O da Hadı Rəcəblidir. Bəs mətbuat niyə olmayan şeyi çıxarır, yazır? Sensasiya xətrinə belə şeylər yazmaq düzgün deyil axı.

- Bəlkə elə öz çevrənizdən kimlərsə sizə qarşıdır deyə, vaxtaşırı adınız hallanan xəbərlər mətbuata ötürülür...

- Yox, mən kimə pislik eləmişəm axı? Başımı aşağı salıb işimizlə məşğulam.

- Bəs, «Palıdlı sahə» kimindir?

- Başqasının. Həsənqulunun, mən nə bilim kimindir.

- Yəni sizin ailə üzvlərinə aidiyyəti yoxdur?

- Yox, ailə üzvlərimə də aid deyil. Axı «Palıdlı sahə»dən başqa şeylər də yazırlar, sən oxumursan? Hadı müəllimi mətbuat hər cür tənqid edə bilər, amma Allahsızlıq olanda pis oluram da. Milli Məclisdə kimin nəyi var, hamı bilir. Amma yazanda ki, Hadı müəllimin «Palıdlı sahə»si var, bu, ədalətsizlik olur. Sən başqasını da görməlisən axı.

- Milli Məclisdə sahibkarlıq fəaliyyəti ilə məşğul olanlara sözünüz nədir?

- Bunlar zirək, bacarıqlı adamlardır da.

- Bəs, qanun pozuntusu?

- Qanunu pozana qanunla cavab verilsin. Qanunu pozmamaq da mümkündür.

- Son vaxtlar xeyir-şər məclisləri ilə bağlı müzakirələr gedir. Toya gedəndə nə qədər nəmər salırsınız?

- Bax, indi sən məndən bunu soruşursan. Onu da müqayisə elə ki, pensiyaçı toya nə qədər pul salır, Hadı Rəcəbli nə qədər salır. Mən miqdarını bilməyəcəyəm.

- Burda nə sirr var ki?

- Məsələn, mən bir dəstə gül aparıram. Görürsünüz o məsələlərdə də yanlışlıqlar var.

- Toy və yas məclislərinin qanunla tənzimlənməsi fikrinə necə yanaşırsınız?

Qadağa qoyan düz eləmir, qanunları pozur, belə olmaz! Sən necə deyə bilərsən ki, süfrəyə nə ver? Biri yağı çox, digəri az verər, biri həyət toyuğu alar, digəri fabrik toyuğu, bunları tənzimləmək olmaz.

- Mən o məclislərdəki ifratçılığa pis baxıram, gərək örnək məsələlər, iradlar, qınaqlar ola. Mən də təntənəli məclislərin olmasını qınayıram, buna pis baxıram. Ancaq mən bunun qanunla tənzimlənməsinin tərəfdarı deyiləm. Məsələn, ola bilər qəbiristanlıqlar qanunla tənzimlənsin, amma yeməyi, süfrəni necə tənzimləyərsən? Qəbiristanlıqlar haqqında Məclisə layihə gəlsə, onu müdafiə edəcəyəm. Amma hüzr yerlərini qanunla tənzimləmək olmaz. Şəriətdə demirlər ki, sən bananları bir-biri ilə öpüşdür, qoy yas məclisinə. Bu məsələlər şəriət qaydaları ilə tənzimlənir. Qadağa qoyan düz eləmir, qanunları pozur, belə olmaz! Sən necə deyə bilərsən ki, süfrəyə nə ver? Biri yağı çox, digəri az verər, biri həyət toyuğu alar, digəri fabrik toyuğu, bunları tənzimləmək olmaz. Başqa ölkələrin belə qanunları var, amma bizə uyğun deyil.

- Siz övladlarınıza toy eləyibsiniz...

- Dörd balama toy eləmişəm, hamısı cəmiyyətdə gedən proseslərdən fərqli olub. Öz toyum da fərqli olub. Çalışmışam ki, balalarımın toyu da fərqli olsun.

- Fərq nədə idi?

- Ya yemək-içmək barədə fərqli olub, ya tərtibatında, dəvət olunan qonaqlarında fərq olub.

- Maraqlısı odur ki, sizin fikirləriniz çox hallarda uzun müddət müzakirələrə səbəb olur, xeyli yazılar yazılır. Səbəbini özünüz düşünübsünüzmü?

- Çünki sosial məsələlərdən danışıram. Mənim danışdığım məsələ əhalinin böyük hissəsinə təsir edir. Danışarkən mən diqqətli oluram e, gərək mətbuat da diqqətli olsun ki, aləm qarışmasın. Ona görə də mən jurnalist həmkarlarımdan xahiş edirəm ki, bu məsələlərdə diqqətli olsunlar. Xahiş edirəm, iri hərflərlə yazın ki, mən heç kimə deməmişəm ki, maaşım azdır...

- Hadı müəllim, deputatlığı məmur postuna dəyişmək istəyiniz yoxdur ki?

- Mənim 67 yaşım var, vəzifələrin ən yüksəyini də görmüşəm. Mən deputatlığı özümçün ən yüksək vəzifə hesab edirəm. Partiyama, namizədliyimi irəli sürən adamlara dərin minnətdarlığımı bildirirəm. Mən şükranlı adamam. Çox razıyam, maaşımdan da, tutduğum vəzifədən də, mövqedən də. Çalışaram vəzifəmin öhdəsindən layiqincə gəlim. İnan ki, hara məsləhət olsa, orda bir az da yaxşı işləyərəm.

- 2015-ci il parlament seçkilərinə qatılacaqsınız?

- Partiya məsləhət bilsə, hə, yox, məsləhət bilməsə, qatılmayacağam. Mən partiyamın dəstəyi ilə güclüyəm. Seçki daha çox partiyaların dəstəyindən asılıdır.

XS
SM
MD
LG