Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 11:57

Azərbaycana giriş-çıxış müşkülü [Video]


-

Hüquq müdafiəçisi Mirvari Qəhrəmanlı və hüquqşünas Günay İsmayılova son vaxtlar ölkəyə giriş-çıxışda ictimai fəal və jurnalistlərin üzləşdikləri problemlərdən danışırlar.

«BİZ OĞRU, QULDUR DEYİLİK»

Mirvari Qəhrəmanlı hesab edir ki, bu cür qadağalarla əlavə stress yaşatmaq istəyirlər:

«Ölkədən çıxmaq istəyənlərə qadağa qoyurlar ki, niyə vaxtında çıxmamısınız. Qayıtmaq istəyənlərə də deyirlər ki, hara gəlirsiniz, görmürsünüz ölkədə vəziyyət necədir. Bütün bunlar ölkədə gedən proseslərin bir hissəsidir. Həbslərlə, ölkədən çıxmağa məcbur etməklə və təzyiq altında saxlamaqla «təmizləmə» işləri aparırlar. Ölkəyə qayıdanda məni sərhəddən buraxmırdılar. Tanıyan şəxslər maraqlanırdılar ki, məni niyə saxlayıblar. Əlavə stress yaşatmaq istəyirdilər mənə. Nəhayət, çamadanımı yoxlayıb məni buraxdılar. Biz oğru, quldur deyilik. Bank hesabımı da bağlayıblar. Kürəkənim ağır xəstədir. Pulumu çıxara bilmirəm ki, müalicəsinə pul ayırım. Bu biabırçılığın qarşısını almaq lazımdır».

«ƏSAS MƏQSƏD BİZİ BİABIR ETMƏKDİR»

Günay İsmayılova ölkəyə giriş-çıxış probleminin təzyiq vasitəsi olduğunu deyir:

«Hesab edirlər ki, ölkədən xaricə çıxan fəal insanlar xaricdə Azərbaycana qarşı kampaniya aparacaq. Ona görə ölkədən çıxmağa məhdudiyyət qoyulur. Biz ölkədən çıxanda deklarasiya doldururuq. Üzərimizdə olan pulu qeyd edirik. Ayaqqabını yoxlamaq, çantanı yoxlamaqla iş bitmir. Pulu gətirmək istəyən insan hər yolla gətirə bilər. Sadəcə, bu bir təzyiq vasitəsidir. Əsas məqsəd bizi biabır etməkdir. Ancaq əksinə özləri biabır olurlar. Məni beynəlxalq tədbirlərə çağıranda deyirəm ki, məsuliyyət hakimiyyət üzərindədir. Məni ölkədən buraxmırlar. Xaricə getməsək də, internet vasitəsilə dünyaya öz səsimizi çatdıra bilərik. Bizim demək istədiklərimiz hər bir halda beynəlxalq tədbirlərdə çatdırıla bilir».

XS
SM
MD
LG