Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 22:31

«Dünya getdikcə millətçi olur»-Mətbuat icmalı


Barcelonada stadionda Real Madrid -Barcelona oyunu
Barcelonada stadionda Real Madrid -Barcelona oyunu

-

Dünya qloballaşır, ancaq eyni vaxtda millətçilik qəribə şəkildə artır. Asiyanın 3 ən böyük ölkəsini - Çini, Yaponiyanı, Hindistanı millətçi liderlər idarə edir. Misirdə hərbçilər islamçılarla mübarizədə alternativ kimi millətçiliyə üz tutur.

Dünyada insan alverinin dövriyyəsi bir ildə 150 milyard dollara çatır. Qul kimi yaşayan, işləyən, alıb-satılan insanlar 30 milyondur. Bu, Afrikada 350 ildə satılan qulların sayından 2 dəfə çoxdur.

Mur adlı pələng satiriklərin qəhrəmanına çevrilib.

Dünya mediası nədən yazır?

MİLLƏTÇİLİK QƏRİBƏ ŞƏKİLDƏ ARTIR

“Qlobal siyasətdə millətçilik qəribə şəkildə güclənir”.- bunu Financial Times qəzeti yazır.

Qəzet xatırladır ki. 1990-cı ildə idarəçilik üzrə mütəxəssis olan yaponiyalı Kenichi Ohmae “Sərhədsiz Dünya “ kitabını yazdı. Bu kitab qloballaşma haqdadır. Son 25 ildə dünyada biznesin, maliyyənin, texnologiyanın və siyasətin inkişafı bu kitabda deyilənləri sübut edir – sərhədlər , onların qoruduqları milli dövlətlər mənasını itirir.

Elə bir beynəlxalq konfrans olmur ki, orda hansısa problemlə bir dövlətin təklikdə mübarizə apara biləcəyi deyilsin.

Dövlətlərin əsas narahatlıq mənbəyi olan və göz bəbəyi kimi qoruduqları suverenlik, milli kimlik, ərazi artıq anaxronizmə, keçmişin qalığına çevrilir.

Ancaq onda niyə siyasətçilər və seçicilər unudublar ki, müasir dünyada dövlətlər, sərhədlər, milli kimlik artıq mənasızdır. Şotlandiyada referendumda 45 faiz müstəqilliyə səs verdi. Bu referendumu Kanadadan ayrılmaq istəyən Kvebekdə, İspaniyadan ayrılmaq istəyən Kataloniyada, eləcə də Tibetdə və başqa yerlərdə diqqətlə izləyirdilər.

Qəzet yazır ki, dünyanın ən təhlükəli millətçisi isə hazırda Putindir. Avropa Putini neytrallaşdırmağa çalışsa da Qərbi Avropanın millətçilərti Putinə açıq rəğbət bildirir. Məsələn, Fransada Milli Cəbhənin lideri Marine Le Pen.

Hətta rifahın yüksək olduğu İsveçdə ifrat sağçı partiya olan İsveç Demokratları parlament seçkilərində 13 faiz səs yığıb.

Asiyanın 3 ən güclü dövlətini – Çini, Yaponiyanı və Hindistanı xarizmatik millətçi liderlər idarə edir. Hindistan lideri – baş nazir Narendra Modi milli dirçəliş şüarları ilə Hindistanda iqtisadi və sosial islahatlar aparır.

Misirdə hakimiyyətə gələn hərbçilər islamçılara alternativ ideologiya kimi millətçiliyə üz tutub.

Qəzet onu da yazır ki, bütün bu təmayüllərin görünməyən təhlükələri də var. Məsələn, Çində sorğu keçirilib, orda 50 faiz deyib ki, Yaponiya ilə müharibənin olacağını gözləyirlər. Yaponiyadakı sorğuda isə 90 faiz deyib ki, Çin haqda mənfi fikirdədirlər.

İNSAN ALVERİ

Foreign affairs məcmuəsi “İnsan alverinin qarşısını necə almaq” adlı məqaləsində yazır ki, insanı almaq və satmaq çox sərfəli biznesdir və inkişafa

ən böyük əngəllərdən biridir.

Bu biznesin illik dövriyyəsi 32 milyard dollardan 150 milyard dollara kimidir. Bu, 10 milyonlarla insanı əhatə edir.

Beynəlxalq Əmək Təşkilatının ehtimalına görə hazırda 21 milyon kişi, qadın və uşağı hər hansı formada qul kimi saxlayırlar, işləməyə məcbur edirlər və ya alıb-satırlar.

Qlobal Qul İndeksinə görə, dünyada belə adamlar 29,8 milyondur.

Bunun nə demək olduğunu təsəvvür etmək üçün, yada salmaq lazımdır ki, 1525-ci ildən 1866-cı ilə kimi, yəni təxminən 350 ildə Afrikada qul edilib, satılan adamların sayı indi qul kimi yaşaynların sayından 2 dəfə az olub. Bu məlumatı Trans-Atlantik Qul Ticarəti Göstərici Bazası verir.

Foreign Affairs yazır ki, ancaq hökumətlərin göstəriciləri və bunun statistikasını aparmaq yolları fərqlidir. 2008-ci ildən bəri ABŞ-ın Dövlət Departamenti insan alverinin şəxsiyyəti müəyyənləşmiş qurbanları ilə bağlı statiskanı toplamağa başlayıb və bütün dünya üzrə cəmi 247 min insan alveri qurbanı tapıb. 2006-cı ildən bəri hər il dünyada insan alverinə görə cəmi 6675 adam məhkəməyə cəlb olunur və onlardan yalnız 4 min nəfəri hər il məhkum olunur.

Foreign Policy yazır ki, insan alveri və ya insanın qula çevrilməsi bəzən təsadüfən dünyanın gözü qabağında olur. Nigeriyada Boko Haram təşkilatı bu yaxınlarda 276 məktəbli qızı oğurladı. Ehtimala görə, onları qulluğa satdılar. 2012-ci ildə İlahi Müqavimət Hərəkatı haqda film çıxmışdı, orda göstərilirdi ki, uşaq əsgərlər vaxtilə valideynlərindən oğurlanan uşaqlardır.

MUR PƏLƏNGİ

Guardian qəzeti yazır ki, Rusiyanın hələ sovet dövründən populyar uşaq proqramı olan “Gecəniz xeyrə qalsın, uşaqlar” verilişində yeni personaj Rusiya satiriklərinin qəhrəmanına çevrilib. Yeni personaj Mur adlı Amur pələngidir.

Proqramın prodüseri Miroshenkov deyib ki, yeni qəhrəman ideyası prezidentdən gəlib.

Putinin Amur pələnglərinə rəğbəti məlumdur. Bu yaxınlarda o, iki Amur pələngini tayqaya burxadı, Putin həmçinin Amur pələngini qoruyan fond yaradıb.

Amur pələnginin Putinlə assosiasiya olunması və Rusiya televiziyasının siyasilışməsi uşaq verilişində yeni personajı satiriklərin qəhrəmanına çevirib. Twitterdə biri yazır ki, bu, Mur adlı pələng deyil, MUR-dan olan pələngdir. MUR – Moskva Cinayət Axtarışı idarəsinin adıdır. Müəllif yazır ki, bu pələng qayda-qanun yaratmağa gəlib.

Maraqlıdır ki, verilişə yeni personajın əlavə ediləcəyi elan olunada Rusiyanın populyar şairi və satiriki Dmitry Bykov demişdi ki, bu, ya pələng olacaq ya da kirpi. Bykovun fikrincə, bu personaj “müdafiə oluna bilən ağıl” rəmzi olacaq. Çünki satirikin fikrincə,

hazırda Rusiya Qərb sanksiyaları ilə üzləşib, ona görə personaj müdafiə olunmaq qabiliyyətini göstərməlidir.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG