Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 00:27

Deputatın qardaşı oğluna ömürlük cəza verildi


-

Sentyabrın 23-də Bakı Ağır Cinayətlər Məhkəməsində “1001 gecə” restoranda qətl hadisəsi törətməkdə təqsirli bilinən Rəşad Mirələmova hökm oxunub. O, ömürlük həbsə məhkum edilib.

Rəşad Mirələmov 17 iyul 2012-ci ildə Səbail rayonu, Salyan şossesi 32 ünvanda yerləşən istirahət mərkəzində odlu silahdan atəş açmaqla bir nəfəri öldürməkdə, bir nəfəri yaralamaqda təqsirli bilinib.

Rəşad Mirələmov 10 il əvvəl də eyni əməldə təqsirli bilinərək Ağır Cinayətlərə Dair İşlər Üzrə Məhkəmənin hökmü ilə məhkum olunmuşdu. Hökmdən 7 il sonra azadlığa çıxıb. Azadlığa çıxdıqdan 1 il sonra yenə qətldə təqsirləndirilib.

O məhkəmə ifadəsində göstərib ki, Lənkəran şəhərində tanışı Taleh Həsənovun qarşısında nüfuz qazanmaq üçün sonuncunun Zamin Bağırova borca verdiyi 3 min 700 manat puldan imtina etməsini tələb edib. Lənkəran şəhərində yerləşən “Cənub” şadlıq sarayının çayxanasına gələrək masa arxasında əyləşmiş Zamin Bağırovu çayxananın arxasına çağırıb. Əlindəki bıçağın dəstək hissəsi ilə göz və kürək, təpikləsə bədəninin digər nahiyələrinə zərbələr vurub. Taleh Həsənova verdiyi borcundan imtina etməsini tələb edib.

2012-ci ilin iyun və iyul aylarında Rəşad Mirələmov bir neçə nəfərlə əlbir olaraq Lənkəranın Şilavar kənd sakini Firdosi Bağırovu döyüblər. Ondan Taleh Həsənova, Valeh Əliyevə və qeyrilərinə mövcud olmayan borcu - 19 min dolları alıblar.

Bununla bağlı F.Bağırov Ramal Bayramova və Elman Əhmədova müraciət edib. 17 iyul 2012-ci ildə gecə 3 radələrində mübahisəli tərəflər münasibətlərini aydınlaşdırmaq üçün Şıx çimərliyindəki “1001 gecə” istirahət mərkəzinə toplaşıblar. Rəşad Mirələmov özündə olan “Makarov” markalı tapançadan qarşı tərəfə atəşlər açıb. Nəticədə Ramal Bayramov ölüb, Səməd Mənsimov yaralanıb.

Rəşad Mirələmov deputat Hüseynbala Mirələmovun qardaşı oğludur. Hadisədən bir neçə gün keçməsinə baxmayaraq Rəşad Mirələmov həbs olunmamışdı. Hüseynbala Mirələmov mətbuata qardaşı oğlunun ruhi xəstə olduğunu bildirirdi. Zərərçəkən tərəfin tələblərindən sonra Rəşad Mirələmov həbsə alındı.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG