Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 17:57

-

Naxçıvanda qeydiyyatdan keçmiş 638 din xadiminə vahid geyim forması verilib. Bu haqda Naxçıvanda fəaliyyət göstərən Multikulturalizm və Dinin Məsələlər üzrə komissiyaların müşavirəsində məlumat verilib.

“Şərq qapısı” qəzetinin yazdığına görə, Müşavirədə çıxış edən Naxçıvan Ali Məclisi sədrinin müavini Mirhəşim Seyidov bildirib ki, vahid geyim formasına əməl olunması nəzarətdə olmalıdır:

“Attestasiya, xüsusi geyim forması ilə təminat və mərasimlərdə bu geyim formasına əməl olunması komissiyanın nəzarətində olmalıdır. Din xadimlərinin biliklərinin artırılması xüsusilə diqqətdə saxlanılmalı, onlar müvafiq kurslara cəlb edilməlidir...

Komissiyalar təkcə rayon mərkəzlərində deyil, eləcə də yeni tikilmiş kənd mərkəzlərində də müvafiq maarifləndirici söhbətlərin aparılmasını təmin etməlidirlər”.

Mirhəşim Seyidov dini mərasimlərdə oxunan ayələrin Azərbaycan dilində izahının verilməsi məsələsinə də toxunub:

“Çalışmaq lazımdır ki, dini mərasimlərdə oxunan “Quran” ayələrinin və duaların Azərbaycan dilində də izahı verilsin.

Dini bayramların, ayinlərin və yas mərasimlərinin milli-mənəvi dəyərlərimizə və adət-ənənələrimizə uyğun şəkildə keçirilməsi təmin olunmalıdır.”

Şərhləri göstər

XS
SM
MD
LG