Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 05:10

Məktəb kollektivi ilə sakinlərin bölüşdürə bilmədiyi yol...


Arxiv fotosu
Arxiv fotosu

Uzun müddətdir ki, Xətai rayonu, Xudu Məmmədov, 4B ünvanında yaşayan sakinlərlə yaxınlıqda yerləşən orta məktəb kollektivi arasında münasibətlər gərginləşib. AzadlıqRadiosunun "Qaynar xətt"inə şikayət edən sakinlərin sözlərinə görə, səbəb 245 saylı orta məktəblə bina arasında qalan boş ərazidir. Təmir olunan məktəb kollektivinin həmin ərazini məktəbin ərazisi kimi hasara aldırması, bina sakinlərini narahat etməyə başlayıb. Uzun illərdir həmin boş ərazini istirahət yeri kimi istifadə etdiklərini deyən sakinlər, bu hissənin həm də böyük əhəmiyyətə malik olduğunu bildirirlər.

"ORA BİZİM GEDİŞ-GƏLİŞ YOLUMUZDUR"

Bina sakini Afiq Nuriyev deyir, bura insanların gəliş-gediş yeridir:

“Fövqəladə bir hadisə baş versə, heç bir maşın gəlib bura girə bilməyəcək. Yəni bizim əsas məqsədimiz odur ki, yol bağlanmasın”.

Bina sakini Mirəhməd Abbasov isə deyir ki, təcili yardım maşınları burdan keçir. Su anbarları buradadır.

Sakinlərin deməsinə görə, bir neçə dəfə ərazinin məktəb kollektivi tərəfindən zəbt edilməsinin qarşısını ala biliblər:

“Hətta bir neçə gün əvvəl məktəbin ərazisinə xüsusi dirəklər də gətirilib, lazım olan ərazidə qoyulub. Lakin məktəbdə müəllimə işləyən Məlahət adlı xanım tərəfindən yenidən iddia qaldırılıb və həmin dirəklər sökülüb”.

245 saylı məktəbdə müəllimə kimi çalışan Məlahət Ağayeva isə bu işdə bütün məktəb kollektivinin və məktəbdə təhsil alan şagirdlərin valideynlərinin onu dəstəklədiyini bildirir. Hətta binayla məktəb arasında olan boş ərazinin məktəb ərazisi kimi hasarlanması üçün hər kəsdən imza aldığını da deyir:

"HARDAN BİLSİNLƏR Kİ, MƏKTƏBİN ƏRAZİSİ HARADIR"

"Sakinlər qeyri-qanuni özü üçün məktəbin ərazisinə girərək tikililər tikiblər. Birinci mərtəbədə yaşayan bir xanım qanunsuz olaraq eyvanı uzadıb. Onlar buraya 1970-ci illərdən sonra köçüblər. Hardan bilsinlər ki, məktəbin ərazisi haradır”.

Sakinlərlə məktəb kollektivi arasında mübahisəyə səbəb olan ərazinin gələcək aqibətini öyrənmək üçün Mənzil Kommunal Təsərrüfatı Birliyinə müraciət etdik. Bildirdilər ki, aidiyyəti qurumlar məsələni araşdırır.

XS
SM
MD
LG