Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 04:57

Səid Nuri: «Vaşinqtona çatan kimi ABŞ rəsmiləri məni qəbul etdi»


Səid Nuri
Səid Nuri

-

Bakıya səfəri zamanı bir neçə gün ölkədən çıxışına qadağa qoyularaq sorğu-sual edilən ABŞ vətəndaşı Səid Nuri sentyabrın 14-də Vaşinqtona qayıdıb. O, «Amerikanın Səsi»nə müsahibədə Bakıda baş verən hadisələr və daha sonra Vaşinqtonda keçirdiyi görüşlər barədə danışıb.

- Səid bəy, problemlərlə müşayiət olunan Bakı səfərinizdən sonra artıq Amerikadasınız və Vaşinqtonda görüşlər keçirirsiniz. Kimlərlə görüşmüsünüz və görüşdüyünüz şəxslər əsasən nələrlə maraqlandılar?

- Amerikaya dönəndən sonra Amerika dövlət rəsmiləri, Konqres, Senat, Dövlət Departamenti, hazırkı hakimiyyət rəsmiləri, beynəlxalq hüquq-müdafiə təşkilatlarından çoxlu görüş təklifləri aldım. Onlar hamısı Azərbaycanda son günlərdə mənim bağlı baş verən hadisələrə görə çox əndişəli idilər. Bu hadisələrin səbəbini öyrənməyə çalışırdılar.

- Zəhmət olmasa, bir qədər konkretləşdirək. Konkret kimlərlə görüşləriniz oldu?

- Dövlət Departamentində dövlət katibinin müşavirləri ilə görüşdüm. Bundan başqa öz yaşadığım İllinoys ştatının konqresmenləri, Helsinki Komitəsinin nümayəndələri, İllinoys ştatının senatoru Dik Durbin ilə görüşə bildim, eləcə də Freedom House və digər təşkilatlarda görüşlər oldu.

- Səid bəy, Azərbaycana getməkdə məqsədiniz nə idi? Nə üçün Azərbaycana getmişdiniz?

- Azərbaycan səfərim planda yox idi. Yəni, başqa işlərlə çox məşğul idim. Sadəcə Ukraynada olduğum müddətdə xəbər aldım ki, atam ağır xəstədir. Son anda qərara gəldim ki, Azərbaycana gedim. Çox təəccüblüdür ki, ilk öncə Ukraynadakı Azərbaycan səfirliyi mənə viza vermək istəmirdi və bunu açıq büruzə verirdilər. İki həftə gözləyəndən sonra mənə viza verdilər. Sonra da bu hadisələr baş verdi.

- Bəs Bakıda nə baş verdi? Bir neçə dəfə dindirildiyinizi yazmışdınız. Sizdən nə soruşurdular? Nə deyirdilər sizə?

- Mən avqustun 4-də Azərbaycanı tərk etmək istəyəndə məni aeroportda saxladılar və bildirdilər ki, ölkədən çıxa bilmərəm. Bunun haqqında Respublika Prokurorluğunun və başqa orqanların göstərişi var. Onları araşdıranda məlum oldu ki, məni QHT-lərlə bağlı cinayət işinə görə şahid qismində dindirmək istəyirlər. Sonra Ağır Cinayətlərə dair İstintaq İdarəsinə dəvət olundum. Oraya vəkil Yalçın İmanovla getdim. 4 saat 20 dəqiqə dindirilmə oldu. Suallar çox gözlənilməz idi. Yəni, 2007-ci ildə Azərbaycanı tərk etdikdən sonra Azərbaycanda baş verən siyasi hadisələrdə aktiv iştirakım olmamışdı, ancaq kənardan dəstək formasında iştirakım olmuşdu. Orada suallar o qədər qəribə və gözlənilməz idi ki, bu, Azərbaycan hakimiyyətinin fantaziyasının limitsiz olmasının göstəricisiydi. Suallar əsasən son günlər baş verən həbslərlə bağlı idi. Məsələn, RATİ ilə bağlı bir neçə sual verildi, Rəsul Cəfərovla, İntiqam Əliyevlə, Amerikanın NED təşkilatı və onların Azərbaycandakı layihələri, qrantları ilə bağlı sual verildi. Bundan başqa N!DA Hərəkatı, AXCP sədrinin müavini Fuad Qəhrəmanlının ötən il Amerika səfəri haqqında suallar verdilər.

- Bu sualları nə ilə əlaqələndirib sizə verirdilər?

- Mənim özümə də çox maraqlı gəldi. Sözün açığı dəqiq başa düşmədin onların istəyi nədir. Amma digər suallardan da o istiqamət götürülmüşdü ki, sanki Amerika Azərbaycanda dövlət əleyhinə nə isə hazırlayır. Sual verirdilər ki, Amerika rəsmilərindən kimi tanıyıram? Dördulduzlu Amerika generalı Stanley McChrystal-la nə kimi əlaqələrim var? David Petraeus haqqında soruşurdular. Mənim Ukraynaya tez-tez səfərlərimin səbəbləri ilə maraqlanırdılar. İraq və Əfqanıstanda nə zaman olduğum haqqında suallar verirdilər.

- Cavabınız nə olurdu?

- Suallar həqiqətən çox gözlənilməz idi. Mən də bildirdim ki, mən sadəcə həmin adamları kənardan tanıyır. Sadəcə onlara böyük bir simpatiyam var. Səfərlərin də hamısı şəxsi səfərlər olub. Yəni onun Azərbaycan dövlətinə, Azərbaycan hökumətinə heç bir aidiyyəti yoxdur.

- Sizin şəxsi həyatınızla bağlı yayılan videonu kimin etdiyini düşünürsünüz?

- Bu video birbaşa Azərbaycan xüsusi xidmət orqanlarının əli ilə çəkilmiş videodur. Mənim son səfərim Bakıya dördüncü səfərim idi, hər səfərimdə mən izlənildiyimi çox gözəl bilirdim. Bu video ötən ilin may ayında çəkilib. Mən qız yoldaşımla Azərbaycana gedəndə şəhərin mərkəzində hotellərdən birində qalırdıq. Video orada çəkilib. Sadəcə son gün bu videonu buraxdılar. Elə həmin gün mənim ölkədən çıxarılmağımla bağlı qərar qəbul olunmuşdu. Sonradan mən bildim ki, Azərbaycan hakimiyyətinin ən yuxarı rəsmiləri səviyyəsində Amerika dövlətinə söz verilmişdi ki, mən bu gün ölkədən buraxılacağam. Və həmən gün səhər bu video internetdə buraxıldı. Mən tam əminliklə deyə bilərəm ki, bu, psixoloji təzyiq və məni provokasiyaya çəkmək niyyəti ilə olmuşdu.

- Bu video ilə bağlı hər hansı hüquqi addım atmaq fikriniz varmı?

- Bəli, vəkillərlə məsləhətləşmişik, biz həmin hoteli məhkəməyə verməyi planlaşdırırıq. Çünki hotelin adı və tarix məlumdur. Həmin hoteli məhkəməyə verəcəyik.

- Bu, Amerikada, yoxsa Azərbaycanda baş verəcək?

- Azərbaycanda baş verəcək.

- Bir Amerika vətəndaşı kimi Azərbaycana səfər etmək istəyən və ya səfər etməyi planlaşdıran amerikalılara nə məsləhət görərdiniz? Onlara sözünüz nədir?

- Mən istəmirəm insanları Azərbaycana səfər etmək barəsində qorxudum. Bu, sırf siyasi məsələdir. Yəni burada tək mənim Amerika vətəndaşlığım yox, keçmişdəki siyasi fəaliyyətim də rol oynayır. Sadəcə mən Azərbaycan hakimiyyəti üçün uyğun vaxtı orada oldum. Lakin demək istəyirəm ki, ehtiyatlı olsunlar və bilsinlər ki, onların olduqları hotellərdə kameralar var.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG