Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 12:23

Tərbiyəsiz uşaq kimidir yaşam!..


Məlihə Əzizpur
Məlihə Əzizpur

-

Arazın o tayından

Məlihə Əzizpur

ŞEİRLƏR

Tərbiyəsiz uşaq kimidir yaşam!

"Nə dil qanır, nə də Tanrı."

Şımarıq - saymaz.

Birisinin ağzını əyir

Birisinə söyüş verir

Birisinə boğma basır

Birisini yıxıb qaçır

Birisinə tikə tutub,

Birisindən acıq açır.

Yaşam,

Tərbiyəsiz uşaq kimidir

Təmkinsiz - şıltaq.

-Zəhləsini qaçırdır adamın-

Bu, dədəsi - nənəsi

Bəlli olmayan sırtıq . . .

***********

Orada bir ağac!

Bir kəndir bağlanmış boynuna

Ölüm biçimində.

İstədiyin kimi asa bilərsən məni,

... Dadını çıxara bilərsən yəni.

Burada bir mən!

Bir, çatı salınmış boynuma

Yaşam biçimində.

İstədiyim kimi asılmaya bilərəm səndən

Və, dadını çıxara bilərəm özgürlüyün . . .

Orada bir ağac

Burada bir mən

Arada bir sən . . .

* * *

Bir kəndir sallanır

Yaşamla ölüm arasında . . .

**************

Bir gün,

Təbriz’ə yolun düşər yenə‌ də!

Qaldırımları addımlarsan,

Kitabla dolu çantanla.

Bir qəzetə alarsan,

Xiyavandan, xiyavana keçərsən;

"Bağ Qabağı . . .

Bazar Ağzı . . .

Saat Qabağı . . .

Şəhnaz . . ."

Nə bilim, haradansa ötərsən,

Birdən adım də‌yər gözünə

Özün yadına düşərsən

Yolunu dəyişərsən

Bir çay içib dincini alarsan

Qəzetini varaqlarsan:

"Heydər baba! yolum səndən kəc oldu . . ."

Ürəyin tökülər,

Qalxarsan,

Kitab evlərinə baş çəkərsən

Özünü görərsən, mən yadına düşərəm.

Küçə‌ləri dolam dolam dolanarsan

Adım dəyər gözünə,

Özün yadına düşərsən,

Bir mahnı mızıldarsan dodağaltı:

"Təbriz’in küçə‌ləri dolan ba dolan . . ."

Bir dostla rastlaşarsan

İki kitab pay verərsən,

Şəhərin kefini soruşarsan:

"İç qanaması var yoldaş! . . ."

Susarsan, addımlarını sayarsan;

Nəm neçə yüz neçə " siniq muzayik ..."

Işıq qızarar, dayanarsan

Adım dəyər gözünə, özünə gələrsən

Tablodakı ölüm afişini oxuyarsan:

"Dərdsizlikdən, özünü öldürdü bu kefli . . ."

Gülümsərsən,

Işıq göyərər

Təbrizin əlindən tutub gedərsən . . .

**********

Bir dolun ayla bəzənmişdi gecə!

Mübhəm duyğular daşıyırdı içimə

Dənizdən əsən ilıq əsinti.

Doğrusu,

Qürbət,

Sarmışdı bütün hücrələrimi

Amma,

Bir dolun ayla bəzənmişdi gecə!

Kiçik dalğalar,

Döyüntüləri ilə anladırdı varlığını

Parıldayırdı mavi dəniz

Tamamlanmış şeirə bənzəyirdi gözlərin

Və mahnılara götürürdü məni,

An ba an:

". . . Mən səni gördüm ay işığında

Könlümü verdim ay işığında . . ."

Bir dolun ayla bəzənmişdi gecə!

Özündən getmişdi dünya,

Gözəllik,

Yavaş yavaş pıçıldaşırdı mənimlə

Və mən

Sevməyə başlamışdım səni

Melodilər kimi

Röyalar kimi

Dualar kimi . . .

Bir dolun ayla bəzənmişdi gecə !

**************

Kimdən miras qaldı mənə

Bu, varlığıma qanıq verməyən yaşam

Bu, yaşamıma qanıq verməyən varlıq?!

Taxılmışam saniyələr astanasına

Gələn keçir - gedən keçir üstümdən!

Mən, kimin artığını yaşanıram

Kimin taleini təkrarlanıram

Yoxluğa doğru,

Kimin ölümünü tamamlayıram?!

* * *

Kimdən miras qaldı mənə

Bu, ölümümə qanıq verməyən yoxluq

Bu, yoxluğuma qanıq verməyən ölüm?!

Taxılmışam saniyələr astanasına

Gələn keçir - gedən keçir üstümdən

Və mən,

Hələ yanıtlananmamışam

Bu gedişin, çiy fəlsəfəsi ilə . . .

(Azərbaycan Yazıçılar Birliyinin "Cənubi Azərbaycan ədəbiyyatı" şöbəsinin dəstəyilə çap olunur)

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG