Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 10:48

Kürdəmirin icra məmurlarından şikayət var


Saday Şəkərli
Saday Şəkərli

-

Şair Saday Şəkərli AzadlıqRadiosunun “qaynar xətt”inə Kürdəmir rayon icra məmurlarından şikayət edib. O, keçmiş iş ortağı ilə pul mübahisəsinə dair çıxarılmış məhkəmə qətnaməsinin icra olunmadığını deyir.

Şikayətçinin sözlərinə görə, bir dostunun vasitəsilə tanış olduğu Yusif Veysəlova iş qurmaq üçün 150 min dollar verib. Sonradan Yusif Veysəlov biznesinin iflasa urğadığını bildirib və pulu qaytarmayıb:

"MƏNİ ŞİRNİKDİRDİ"

“Əvvəl şifer gətirdi, mən də qazandım. Dedi, sənin üçün ayrıca iş quracam, yaxşı qazancın olacaq. Beləcə, şirnikdirdi məni... İkinci dəfə 150 min dollar verdim. O məbləğin 30 min manatını bankdan kredit götürmüşdüm. Başqa adamlardan da xeyli pul alıb vermişdim. Bir gün dedi ki, Rusiyaya mal vurdum, mal da batdı, pul da”.

Saday Şəkərli əvvəl polisə şikayət edib. Polis borc mübahisəsi olduğunu əsas gətirərək ona məhkəməyə müraciət etməyi tövsiyyə edib. O da cavabdeh tərəfin qeydiyyatda olduğu ərazi üzrə Kürdəmir məhkəməsində iddia qaldırıb. Məhkəmə 150 min dolların Yusif Veysəlovdan alınaraq Saday Şəkərliyə qaytarılması barədə qətnamə çıxarıb. Həmin vaxt məhkəmə həm də Yusif Veysəlovun ölkədən çıxmasının məhdudlaşdırılması barədə qərar çıxarıb. Ancaq elə eyni məhkəmə qərarı ləğv edib. Yusif Veysəlov da Rusiyaya gedib. Bir neçə ay keçdikdən sonra Azərbaycana qayıdaraq şikayət müddəti ötmüş qətnamədən apellyasiya şikayəti verib.

Saday Şəkərli:

“Təqribən 7 aydan sonra gəldi. Ötürülmüş şikayət müddətini bərpa etdirib apelliasiya şikayəti verdi. Öz verdiyi şikayət üzrə məhkəmə iclasına bircə dəfə də gəlmədi. Şirvan Apellyasiya Məhkəməsi 150 min dolların guya 50 min dollarının sübuta yetirilmədiyini əsas gətirib mənə ödənilməli olan məbləği 100 min dollara endirdi”.

İCRA MƏMURU NƏ DEYİR...

Ancaq Saday Şəkərli hətta 100 min dollara da razıdır. Təki pul qaytarılsın:

“3 ildir banka kredit ödəyirəm. Kimlərdən ki, pul alıb vermişdim, o adamlar pullarını tələb edirlər. Heç yerdə işləmirəm. Yaşamaq çox çətindir. Bilmirəm bankın kreditini ödəyim, borclulara cavab verim, yoxsa başımı dolandırım. İcra məmurları onun yerliləridir deyə, özləri ona kömək edirlər bu işdə. Ədliyyə Nazirliyinə qədər getmişəm, hətta Kürdəmir rayon baş icra məmuruna da zəng vurub tapşırıblar ki, işə məsuliyyətlə yanaşsınlar. Bununla belə, icra məmurları o adamdan pulun alınmasında maraqlı deyillər. Tələblərimə baxmayaraq, hələ də o adamın ölkədən çıxmasına məhdudiyyət qoyulmayıb”.

Kürdəmir rayon icra şöbəsinin icra məmuru Vüqar Verdiyev deyir, Yusif Veysəlov Şirvan Apellyasiya Məhkəməsinin qərarından Ali Məhkəməyə kassasiya şikayəti verdiyinə görə, məhkəmə qərarını icraya yönəldə bilmirlər:

“İcra vərəqi bizim icra şöbəsinə bu il iyulun 16-da daxil olub. Mən Yusif Veysəlovun əmlakının axtarışı ilə bağlı sorğular vermişəm. Bir də Veysəlovun vəkili şöbəmizə ərizə göndərib ki, Ali Məhkəməyə kassasiya şikayəti verib. Mən də Ali Məhkəməyə sorğu gondərmişəm ki, görək kassasiya şikayəti verilib, ya yox. Əgər kassasiya şikayəti verilibsə, icraatı dayandırmağa məcburuq. Yox, əgər sorğuya cavab gəlsə ki, şikayət ərizəsi daxil olmayıb, o zaman Yusif Veysəlovla bağlı müvafiq təqdimatları verəcəyik”.

Bir sözlə, Saday Şəkərliyə səbr etməkdən başqa yol qalmır.

XS
SM
MD
LG