Keçid linkləri

logo-print
2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 08:39

Bir gün «Xıdır-Zində» pirində... [Video]


-
Qədim karvan yolu üzərində qorxunc bir tərzdə uzanmış daş əli xatırladan qaya... Bu qayanın qeyri-adi cizgiləri yolçuları uzaqdan cəlb edir. Bakı-Siyəzən yolunun üstündəki kiçik dağın adı da mübahisəlidir – kimisi buranı “Beşbarmaq”, kimisi “Beş bərmək” adlandırır. Bu dağla bağlı çoxlu rəvayətlər, əfsanələr mövcuddur. Bütün bunlar öz yerində. Dağın lap zirvəsində qayalar arasında "Xıdırzində" ("Ölməz Xıdır") ziyarətgahı yerləşir.

Rəvayətlərə görə, peyğəmbər Xıdırzində burada olub. Əlbəttə ki, rəvayətlərə görə...

Həftənin şənbə-bazar günləri bu pirdə iynə atsan yerə düşməz.

Kimisi ziyarətə, kimisi gəzintiyə gəlir. Ziyarətə gələnlərin çoxu özləri ilə qoyun-quzu gətirir, pirin ətəyindəki çökəklikdə nəzir olaraq kəsirlər. Elə buradaca süfrə açılır, ehsan verilir.

Babayevlər ailəsi

Babayevlər ailəsi

Burada hətta ad günü keçirənlər də varmış. Elə Bülbülədən gələn Babayevlər ailəsi kimi...

- Gəlmişik, ziyarət etmişik, indi də yeməyimizi yeyirik. Bacımızın da 75 yaşı tamam olur...

- Ad günü keçirirsiniz?

- Elə ad günü kimi keçiririk. Həm də qurbanımızı kəsmişik.

Ailənin başqa üzvü:

- Qurbanımız var idi, gətirdik kəsdik. Allah bütün qurbanları qəbul eləsin. Anamın 75 illiyini qeyd edirik.

Daha çox narazılıq qurban kəsilərkən gigiyenik qaydaların gözlənilməməsindəndir.

“YER, SU PROBLEMİ VAR”

Hüseynovlar ailəsi:

- Bura qurbanımız olandan olana gəlirik. Ancaq şərait yoxdur. Yer, su problemi var.

- Su yoxdur. Quyu qazdırsınlar, bir az şərait olsun, dincəlmək üçün otaq yoxdur. Gələn çoxdur, şərait yoxdur.

Pirə gələnlər mütləq qayanın başına çıxır, buranın daimi sakinlərinə nəzir-niyaz verirlər. Ətrafda bir necə yerdə nəzir qutuları gözə dəyir.

Beşbarmaq ziyarətgahı

Beşbarmaq ziyarətgahı

Zirvəyə çıxmaq, xüsusən də yaşlılar və qadınlar üçün təhlükəli görünür. İri, dəmir pilləkənlər ensizdir və iti bucaq altındadır.

Burada kiçik, yaşayış yerini və ya istehkamda dayaq nöqtəsini xatırladan üstü açıq otaq var ki, içərisinə daxil ola bilmədik.

Çəkiliş qadağandır. Bu qadağanı da elə pirin daimi sakinləri icad edib.

Qayanın ətrafında eni 1 metrə qədər olan müdafiə xarakterli qədim divar qalıqları var. Adamları yıxılmaqdan qoruyur. Dağın başından enən Xırdalanlı xanım ziyarətçinin ürəyi deyəsən dolu idi:

Xala qurban, Xırdalandan ziyarətə gəlmişəm. Bu ziyarətdən nə nəzir yığılırsa, azdan-çoxdan nəsə edirlər. Ancaq istəyirik ki, dövlət özü bir şərait yaratsın, adamlar çıxıb-düşəndə əziyyət çəkirlər.

Burada xırdavat satılan nöqtələr də var. Dini rituallar zamanı istifadə edilən əşyalar, təsbeh, gözmuncuğu və sair satılır.

- Bu təsbehi neçəyə satırsız?

- Bunlar 1 manata, o gördükləriniz 2 manata...

Gənc satıcı alverdən narazı deyil. Üstəlik, alver ziyarətgah ərazisində olduğuna görə vergi işçiləri də yaxın gəlmir.

“YIĞIRLAR PULLARI, QOYURLAR CİBLƏRİNƏ”

Nəzir qutusu

Nəzir qutusu

Bu da 23 ildir ki, piri ev-eşiyinə çevirmiş Ruhiyyə xala. Buraların sirlərini də təkcə o bilir deyəsən... Deyir, hər gün nəzir qutularına pul atılması və ora “əl uzadılması” gözünün qarşısında baş verir.

Hətta buna görə şikayət də edib. Prezident Administrasiyasına, Qafqaz Müsəlmanları İdarəsinə gedib, deputatlarla görüşüb. Amma nə olsun...

- Bax, o nəzir qutusunu görürsən? Yığırlar pulları, qoyurlar ciblərinə. Nə otaq tikirlər, nə hamam, nə tulaet... Ciblərinə yığırlar.. Pilləkənlərin vəziyyətini görürsən...

Bu pulla Bakını saxlamaq olar. Qoyurlar ciblərinə, gedirlər gəzməyə... Heç kəsə miras qoymayıblar ki, yığsınlar pulları ciblərinə, çıxıb getsinlər.

- Kim yığır pulları?

- O yuxarı çıxmışdızhaaa, (dağın başındakı ziyarətgah otaqlarını nəzərdə tutur) orda oğlanlar gördünüz haa, hamısının da adı “mir”lə başlayır, bax onlar.

Ruhiyyə xala deyir, əlqərəz, bu pir bir neçə adamın əlində əsl qazanc mənbəyinə çevrilib. Onun isə sadəcə yeri olmadığına görə uzun illərdir ki, burada yaşamağa məcburdur.

Bir də narazılıq ziyarətgah ətrafında satılan suyun, çörəyin bahalığındandır. Burada 20 qəpiklik adi su 50 qəpiyə satılır. Bir də yollar... Yağış yağanda buralar gölməçəyə dönür.

Pirə gələnlər də nəzir qutularından yığılan nəzirlərin bu problemlərə yönəldilməsini istəyirlər.

Qafqaz Müsəlmanları İdarəsinin sədirinin müavini Hacı Fuad Nurullayevə məsələyə münasibət bildirməsi üçün müraciət etdik.

O, “Xıdır-zində” ziyarətgahının ayrıca icma olduğubu bildirdi və “nəzir qutularından yığılan pullar hara gedir” sualına da elə orada cavab tapmağımızı məsləhət gördü. Hansı ki, o sualı cavablandırmalı olanlar AzadlıqRadiosunun əməkdaşını heç ziyarətgah otağına yaxın buraxmamışdı...

Şərhləri göstər

XS
SM
MD
LG