Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 14:29

Rusiyadan pul gələn ölkələr zərər görəcək


-

RUSİYADAN PUL GƏLƏN ÖLKƏLƏR ZƏRƏR GÖRƏCƏK

“Bizim Yol”: Rusiya və Ukrayna arasında baş verən münaqişə bu ildən başlayaraq 2015-ci ildə region dövlətlərin iqtisadi inkişaf tempinə ciddi təsir göstərəcək. Bu haqda Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) hesabatında deyilir.... Maraqlıdır ki, sənəddə Qafqaz ölkələri arasında yalnız Azərbaycana dair ÜDM-də proqnoz dəyişikliyi olduğu göstərilir. Halbuki, Gürcüstan və Ermənistan iqtisadiyyatının bizə nisbətən Rusiyadan daha çox asılı olduğu bildirilir.

AYİB-nin Azərbaycana dair ÜDM proqnozunu azaltmasını "Bizim Yol"a şərh edən İqtisadi və Sosial İnkişaf Mərkəzinin eksperti Rəşad Həsənov bunları söylədi:

"Burada başlıca amil neftlə bağlıdır. Azərbaycanın ümumi daxili məhsulunun yarısı neft sektoru hesabına formalaşıb. Son günlər neftin qiyməti kəskin ucuzlaşmağa doğru gedir. Digər tərəfdən Azərbaycanda hasilat da aşağı düşüb. Ona görə də neftin iqtisadiyyatın həcmində nəzərdə tutulan miqdarı nəzərdə tutulan qədər olmayacaq. Son bir ayda "qara qızıl"ın qiyməti təqribən 15 dollara qədər aşağı düşüb. Bu, 14 faizə yaxın ucuzlaşma deməkdir. Artıq ilin son rübündə də proqnozlar bədbindir. Bu baxımdan ilin ikinci yarısı üçün Azərbaycan iqtisadiyyatı ilə bağlı verilən proqnozların özünü doğrultmayacağını deməyə əsas verir".

AVROPA PARLAMENTİNDƏ AZƏRBAYCANLA BAĞLI QƏTNAMƏ QƏBUL OLUNDU

Avropa Parlamentində Azərbaycanda insan haqları və demokratiyanın vəziyyəti ilə bağlı qətnamə layihəsi müzakirə edilərək səsvermədən keçib. “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu “Yeni Müsavat” qəzetinə deyib ki, Avropa Parlamentinin Azərbaycanla bağlı sərt qətnaməsi rəsmi Bakını zərrə qədər də narahat etmir:

“Birinci dəfə deyil ki, avropalı deputatlar Azərbaycanda insan haqları və demokratiyanın vəziyyətinin ağır olduğunu söyləyir və buna görə hakimiyyəti tənqid edirlər. Reallıqlardan çıxış etməliyik. Reallıq isə bundan ibarətdir ki, Azərbaycan hakimiyyətinin Avropa Parlamenti ilə bağlılığı yoxdur, bu qurumun qətnamələri rəsmi Bakının siyasətinə təsir etmir. Yox, əgər Azərbaycan da Gürcüstan, Moldova və Ukrayna kimi Brüssellə assosiativ saziş imzalasaydı, onda demək olardı ki, Avropa Parlamentinin qətnaməsinin Bakı üçün hansısa təsir gücü var və hakimiyyət bu kimi sənədlərdən nəticə çıxaracaq”.

BABƏKİN ABİDƏSİ: İŞ NİYƏ LƏNGİYİR?

3 il əvvəl, 2011-ci il sentyabrın 6-da prezident İlham Əliyev Bakıda sərkərdə Babəkin abidəsinin ucaldılmasına sərəncam verib. Abidə paytaxtın Babək prospektində qoyulmalıdır. “Media forum” saytı müəyyən edib ki, bu işin ləngiməsinə maliyyə vəsaiti ayrılmaması səbəb olub.

Heykəltəraş Arif Qazıyev “Media forum”a deyib ki, abidənin hazırlanması işi 3 ildir ləngiyir:

“Maket hazırdır, istəmirəm bu işi yarımçıq saxlayım. Bu, xalqımız üçün gərəkli abidədir. Abidə Koroğlunun paytaxtdakı heykəlindən 2 metr yarım hündürdür: özü 12 metr yarımdır, postamenti isə 9 metrdir. Maliyyə işi Dövlət Neft Şirkətinə tapşırılıb. Smetanı aparıb verdik, qiymətlə razılaşmadılar. Yeni smeta tərtib etdik. Əvvəl təqdim etdiyimiz smetada 2 milyon manatdan yuxarı xərc nəzərdə tutulmuşdu. Müqayisə üçün deyim ki, Koroğlunun heykəlinə 5 milyon yarım manat pul xərclənib. Müəyyən ixtisarlarla məbləğ təxminən 1 milyon 800 min manata düşüb. Gözləyirik buna nə deyirlər”.

MƏMMƏDYAROVU ÇƏTİN SORĞU-SUAL GÖZLƏYİR

Elmar Məmmədyarov
Elmar Məmmədyarov

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Avropa Şurası Parlament Assambleyasının (AŞ PA) sessiyası çərçivəsində Xarici İşlər Nazirləri Şurası adından çıxış edəcək. Elmar Məmmədyarov Şuranın son fəaliyyəti ilə bağlı hesabat verəcək və parlamentarilərin suallarını cavablandıracaq.

“Azadlıq” qəzetinin yazdığına görə, bu dəfə müzakirə olunan məsələlər də görünür ki, Azərbaycan hakimiyyətinin maraqlarına uyğun deyil. Həm Ukrayna məsələsində, həm də IŞID-lə bağlı konkret qərarlar vermək lazım gələcək. Eyni zamanda debatlar zamanı Azərbaycandakı son vəziyyətin müzakirəsi də gözlənilir. Bütün bunları nəzərə alaraq demək olar ki, payız sessiyasında Elmar Məmmədyarovu çətin sorğu-sual gözləyir.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG