Keçid linkləri

logo-print
2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 08:38

«Milli Məclisdə Qarabağ münaqişəsinə dair dinləmələr keçirilə bilər»


Milli Məclisin binası yeni təmirdən çıxıb

Milli Məclisin binası yeni təmirdən çıxıb

Milli Məclisin oktyabrın 2-də başlayan payız sessiyasında 30-dan çox qanun layihəsi müzakirə ediləcək. Parlamentdə bir neçə dəfə müzakirəyə çıxarılaraq mübahisələr doğurmuş «Təhsil haqqında» qanun layihəsi də onlar arasındadır.


Müxalifətdən olan millət vəkili Pənah Hüseyn Milli Məclisin payız sessiyasından fövqəladə bir şey gözləmir, çünki onun sözlərinə görə, gündəliyə salınan bir çox qanunvericilik aktları ötən sessiyadan qalmadır. Siyasi partiyalar, sərbəst toplaşma azadlığı, uşaqlara müavinətlər verilməsi, sovet dövrü əmanətlərinin qaytarılması haqqında qanun layihələri isə diqqətdən kənarda qalıb.


Pənah Hüseyn: «Azərbaycan gerçəkliyində bir qayda olaraq o məsələlərə diqqət yetirilir ki, ən azı həmin məsələyə ayrılan vəsaitin 50 faizini, ondan da artığını mənimsəmək mümkün olsun».


Hakim YAP-dan Aydın Mirzəzadə isə bu məsələni prosedur qaydalarıyla izah edir. Belə ki, bəzi layihələr müxtəlif instansiyalardan təşəbbüs qaydasıyla gəlir. Əgər bu layihələrdən hansınısa prezident təqdim edərsə, Milli Məclis bunu müzakirəyə çıxaracaq.


Parlamentin ötən sessiyasında bəzi deputatlar Dağlıq Qarabağ münaqişəsinə dair dinləmələr keçirməyi təklif edirdilər. Aydın Mirzəzadə bu cür dinləmələri istisna etmir:


«Artıq belə dinləmələr keçirmək təklifi ayrı-ayrı rəsmilər tərəfindən səsləndirilib. Digər tərəfdən, bu məsələdə elə bir mərhələ yaranıb ki, Azərbaycan xalqı bütün mərhələlərdə, o cümlədən Milli Məclis səviyyəsində öz qəti fikrini bildirməli, prezidentin apardığı siyasəti müdafiə etməlidir».


Parlamentin bazar ertəsi keçiriləcək ilk iclasında prezident İlham Əliyevin çıxışı gözlənilir.


Milli Məclisin binası yeni təmirdən çıxıb, əsas iclas zalı klassik Avropa parlamenti üslubunda təmir edilib.


Günün bütün mövzuları

XS
SM
MD
LG