Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 02:50

«Qohum-əqrəba birləşib bələdiyyədə 5-6 yeri ələ keçirməyə çalışırlar»


Seçki Monitorinq Mərkəzinin rəhbəri Anar Məmmədli

Seçki Monitorinq Mərkəzinin rəhbəri Anar Məmmədli

«Panorama» adlı həftəlik radio-icmalda bu dəfə oktyabrın 6-da Azərbaycanda yeni ilk, təkrar və əlavə bələdiyyə seçkilərini müzakirə edirik. Həmsöhbətimiz Seçki Monitorinq Mərkəzinin rəhbəri Anar Məmmədlidir.

Sual: Həm Sizin, həm də bir sıra nüfuzlu beynəlxalq təşkilatların, o cümlədən Avropa Şurasının rəyinə görə, Azərbaycanda bundan əvvəl keçirilən bələdiyyə seçkilərində ciddi pozuntular baş verib. Bəs Sizcə, qarşıdakı seçkilərdə müsbət mənada hansısa yenilik ola bilərmi?


Cavab: Ümumiyyətlə, bir çox bələdiyyələrə seçki formal şəkildə keçirilir. Mərkəzi, dairə və məntəqə seçki komissiyaları Azərbaycanda bələdiyyə seçkilərinə hazırlığın getdiyini, bu işdə müəyyən işlər görüldüyünü, müşavirələr keçirildiyini bildirirlər. Amma kəndlərə, ucqarlara getdikdə, biz çox acınacaqlı bir vəziyyətlə qarşılaşırıq. Heç bir təbliğat materialı istifadə olunmur, namizədlərin seçicilərlə görüşləri keçirilmir, seçki ab-havası duyulmur... Hətta iki il öncə son bələdiyyə seçkilərində daha qaynarlıq, daha çox canlanma vardı. İndi bu canlanma, hiss olunmur.


Sual: Buna səbəb nədir Sizcə?


Cavab: Məncə, bunun iki səbəbi var. Birincisi, Azərbaycanda seçki sisteminin bərbad vəziyyətdə olması, seçki qanunvericiliyinin təkmil olmaması, əhalinin seçkiyə inamının zəifliyi, hətta mən deyərdim ki, seçki nəticələrinə inanmaması. İkincisi isə yerli özünüidarəetmə orqanlarının – bələdiyyələrin səlahiyyətlərinin hədsiz dərəcədə məhdud olması.



«Hətta iki il öncə son bələdiyyə seçkilərində daha qaynarlıq, daha çox canlanma vardı. İndi bu canlanma, hiss olunmur»
Gözləyirdik ki, Azərbaycan Avropa Şurasına üzv olduqdan sonra Avropa standartlarına uyğun yerli özünüidarəetmə sistemi formalaşacaq, bələdiyyələrə səlahiyyətlər veriləcək. Amma hazırda o səlahiyyətlərdən söhbət belə getmir. Yalnız dünən [sentyabrın 28-də] Milli Məclisin yerli özünüidarəetmə daimi komissiyasının sədri Arif Rəhimzadə bildirib ki, bələdiyyələrin səlahiyyətlərinin artırılması haqda düşünürlər. Amma bunu indi yox, əvvəlcədən düşünmək lazım idi. Bunu 1999-cu ildə ilk bələdiyyə seçkilərindən dərhal sonra düşünmək olardı...

Sual: Onda belə çıxır, ciddi, rəqabətli seçki gözləmirsiniz?


Cavab: Hazırda heç bir ciddi rəqabət baş vermir. Əksinə, acınacaqlı faktların şahidi oluruq. Məsələn, Əzizbəyov rayonunda Buzovna seçki dairəsində təxminən 12 namizəd qeyri-qanuni olaraq birləşib, blok yaradıblar. Bu namizədlərin böyük əksəriyyəti yerli icra hakimiyyəti tərəfindən dəstəklənən şəxslərdir. Qanunun imkan vermədiyi halda bloklar, qruplar yaradılır. Bəzən də bir neçə qohum-əqrəba birləşib bir bələdiyyədə 5-6 yeri qazanmaq yönündə mübarizə aparırlar...


Sual: Sizi belə başa düşdüm ki, rəqabət var, ancaq o rəqabət dar bir dairədədir.


Cavab: Bələdiyyələrə siyasi qüvvələrin diqqətinin həddən artıq zəif olması faktdır. Təkcə «Azadlıq» bloku deyil, Müsavat da partiya olaraq seçki prosesinə qatılmayıb. Yalnız üzvləri bu seçkidə iştirak edib-etməməkdə sərbəstdirlər. Amma bunun özü də müəyyən fəsadlar törədir, ən azından seçki sistemi üçün. Çünki, Müsavat kimi bir partiyanın partiya olaraq, «Azadlıq» blokunun blok olaraq seçkiyə qatılmamağı istənilən halda seçki prosesində bir rəqabətsizlik şəraiti yaradır.


Sual: Anar bəy, oktyabrın 5-də Gürcüstanda da yerli özünüidarəetmə orqanlarına seçkilər keçiriləcək. Bu seçkiləri Gürcüstanda hətta «kiçik parlament seçkiləri» adlandırırlar. Gürcüstanda bu dəfə yerli özünüidarəetmə orqanlarına seçkilərə bir sıra yeniliklər də edilib. Məsələn, əvvəllər kəndin yerli idarəetmə orqanına əhalinin sayından asılı olaraq 5-7 üzv seçilirdi. Onlar da öz aralarından bir nəfəri rayonun yerli idarəetmə orqanına göndərirdilər. Bundan da sonra Prezident Aparatı rayonun yerli idarəetmə orqanına göndərilən həmin nümayəndələrdən birini rayon rəhbəri təyin edirdi. İndi bu qayda dəyişdirilib. Kəndin yerli özünüidarəetmə orqanına yalnız bir nəfər seçiləcək, o da rayonun yerli özünüidarəetmə orqanında kəndi təmsil edəcək. Rayon rəhbərini isə onların arasından bu dəfə Prezident Aparatı yox, nümayəndələrin özləri seçəcəklər. Necə hesab edirsiz, bu mənada Azərbaycanda hansı yeniliklərə ehtiyac var?


Cavab: Mən o mexanizmə deyil,



«Gürcüstanda bir problem yaşanır. Bu ondan ibarətdir ki, Gürcüstan azərbaycanlıları bu ölkənin ictimai-siyasi reallıqlarına, cəmiyyətinə zəif adaptasiya olunurlar»

səlahiyyətlər məsələsinə diqqət çəkmək istərdim. Bizdə yerli icra hakimiyyətləri haqqında bir əsasnamə var, həmin əsasnamə mən deyərdim ki, icra hakimiyyətlərinin səlahiyyətlərini xeyli dərəcədə artırır. Məsələn, icra hakimiyyəti başçılarının kəndlərdə nümayəndəliklərini yaratmağa, bir çox funksiyaları onlara tapşırmağa nə ehtiyac var?! Daha yaxşı olar ki, bələdiyyələrin səlahiyyətləri artırılsın və həmin funksiyalar da bələdiyyələrə verilsin... Bütün hallarda bizimlə müqayisədə Gürcüstanda mexanizm xeyli mütərəqqidir. Yəni Gürcüstan Avropa standartlarına uyğunlaşma baxımından daha iri addımlarla irəliləyir, nəinki biz. Bizdə o proses hələ yerində sayır... Birinci növbədə qeyd etdiyim kimi, bələdiyyələrin statusu dəyişdirilməlidir. Bizdə bəzi qanunvericilik aktlarını şərh etdikdə belə məlum olur ki, əslində, bələdiyyələr qeyri-hökumət təşkilatlarıdır... Əslində isə mən deyərdim ki, bələdiyyələri Azərbaycanda müəyyən siyasi hakimiyyət institutu saymaq olar. Ancaq indiki halda onların dövlət hakimiyyətinə xas müəyyən səlahiyyətləri, müəyyən statusları xeyli dərəcədə azdır. Onu bir qədər artırmaq lazımdır. Ona görə də Gürcüstanla müqayisədə bizim seçkilər belə maraqsız keçir...

Sual: Amma Gürcüstanda azərbaycanlıların yaşadıqları ərazilərdən «Azadlıq» radiosuna verilən məlumatlara görə, orda da əhalinin fəallığı o qədər yüksək deyil. Məsələn, bir sıra kəndlərdən yalnız bir namizəd verilib, məsələn, Kosalı kəndindən. Hətta bu seçkilərə müəyyən qədər inamsızlıq var. Sizdə məlumat varmı, bu vəziyyət ancaq azərbaycanlıların yaşadıqları ərazilərdə belədir, yoxsa bütün Gürcüstanda?


Cavab: Gürcüstanda bələdiyyə seçkiləri həm proporsional – yəni partiya siyahıları üzrə, həm də majoritar sistem üzrə, yəni fərdi qaydada namizədliyi verməklə keçirilir. Ola bilər seçkidə fərdi qaydada iştirak etməkdə passivlik var. Amma bu ölkədə azərbaycanlıların bir çoxu siyasi partiyalarda təmsil olunurlar. Düzdür, indi hakimiyyətdə olan siyasi qüvvənin – Milli Hərəkatın xeyrinə müəyyən sui-istifadə halları müşahidə olunmaqdadır... Amma orada müxalif partiyaların da, hakimiyyətdə olan partiyanın da bələdiyyələrə namizədləri var.... Kvemokartlidə, azərbaycanlıların yaşadıqları ərazilərdə passivlik daha çox müşahidə olunur. Hər halda, Gürcüstanda bir problem yaşanır. Bu ondan ibarətdir ki, Gürcüstan azərbaycanlıları bu ölkənin ictimai-siyasi reallıqlarına, cəmiyyətinə zəif adaptasiya olunurlar. Çünki doğrudan da Gürcüstanda azərbaycanlılar gürcü dilində danışa bilmirlər. Belə bir azərbaycanlının seçkidə həm seçici, həm də namizəd kimi iştirak etməsi bir az sual doğurur....


ANAR MƏMMƏDLİ İLƏ SÖHBƏTİ ƏTRAFLI DİNLƏYİN


XS
SM
MD
LG