Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 15:09

Teatr xəbərləri


Akademik Milli Dram Teatrı
Akademik Milli Dram Teatrı

-

Milli Dram Teatrı 142-ci mövsümünü açır


Sentyabrın 18-də saat 17.30-da Akademik Milli Dram Teatrında 142-ci teatr mövsümünün açılışı ilə bağlı mətbuat konfransı keçiriləcək.

Akademik Milli Dram Teatrının mətbuat katibi Elçin Cəfərovun AzadlıqRadiosuna verdiyi xəbərə görə, mətbuat konfransında Teatrın qarşıdakı mövsüm ərzindəki fəaliyyəti, planlaşdırılan yeni tamaşalar, beynəlxalq festivallar, qastrol səfərləri, yubiley tədbirləri haqqında geniş məlumat veriləcək, jurnalistlərin sualları cavablandırılacaq.

Mətbuat konfransından sonra - saat 19.00-da Akademik Milli Dram Teatrı İlyas Əfəndiyevin "Hökmdar və qızı" pyesi əsasında Xalq artisti Mərahim Fərzəlibəyovun quruluşunda hazırlanan "Qarabağnamə" tamaşası ilə 142-ci mövsümünü açacaq.


Gənc Tamaşaçılar Teatrı isə 87-ci mövsümünə start verir...

Gənc Tamaşaçılar Teatrı
Gənc Tamaşaçılar Teatrı

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı özünün 87-ci teatr mövsümünə sentyabrın 20-də saat 12.00-da Abdulla Şaiqin eyniadlı əsəri əsasında hazırlanmış “Danışan gəlincik” tamaşası ilə start verəcək.

Teatrın mətbuat xidmətinin rəhbəri Hüsniyyə Mursaquliyevanın AzadlıqRadiosuna verdiyi xəbərə görə, iki hissəli nağıl tamaşanın quruluşçu rejissoru Əməkdar Artist Nicat Kazımov, quruluşçu rəssamı Elşən Sərxanoğlu, bəstəkarı Əməkdar İncəsənət Xadimi Gövhər Həsənzadə, rejissoru Müşfiq Əliyev, rejissor assistenti Günay Qasımovadır.

Tamaşada əməkdar artistlər Gülər Nəbiyeva, Leyli Vəliyeva, aktyorlar Günel Məmmədova, Simuzər Ağakişiyeva, Zülfiyyə Alhüseynova və b. iştirak edəcəklər.

Gənc Tamaşaçılar Teatrı
Gənc Tamaşaçılar Teatrı

Həmin gün saat 19. 00-da görkəmli dramaturq İlyas Əfəndiyevin “Sarıköynəklə Valehin nağılı” romanı əsasında hazırlanmış eyniadlı yeni tamaşanın premyerası baş tutacaq.

Tamaşanın quruluşçu rejissoru Bəhram Osmanov, quruluşçu rəssamı İsmayıl Məmmədov, bəstəkarı Cəmalə Nəsirovadır.

Tamaşada əsas rolları aktyorlar Günel Məmmədova (Sarıköynək), Elnur Kərimov (Valeh), Xalq Artistləri Tariyel Qasımov (Muradzadə), Yasin Qarayev (Baləmi),Əməkdar Artistlər Naibə Allahverdiyeva (Simuzər), Lətifə Əliyeva (Güllübəyim), Qəmər Məmmədova (Ceyran) və başqaları ifa edəcəklər.

Teatrda beynəlxalq rejissor laboratoriyası...

Sentyabrın 18-dən 23-dək Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında Rusiya Federasiyası Teatr Xadimləri İttifaqının dəstəyi ilə beynəlxalq rejissor laboratoriyası keçiriləcəkdir.

Mətbuat xidmətinin xəbərinə görə, 4 gün davam edəcək laboratoriya sentyabrın 19-dan start götürəcək və gün ərzində fasilələrlə 10.30-dan –16.00-dək Gənc Tamaşaçılar Teatrında baş tutacaq.

Laboratoriyada iştirak edəcək rejissorlar R.Ağayevin “Bir gecənin nağılı” (19 sentyabr, Gənc Tamaşaçılar Teatrı), İ.Əfəndiyevin “Büllur sarayda” (20 sentyabr, Rus Dram Teatrı), H.Cavidin “Əmir Teymur” (21 sentyabr, Akademik Milli Dram Teatrı) və L.Nurenin “Mən gəldim qızlar” (“Müharibə”) (22 sentyabr, Gənc Tamaşaçılar Teatrı) tamaşalarını izləyəcək və müzakirələr aparacaqlar.

Orenburq Akademik Dram Teatrının bədii rəhbəri, Rusiya Federasiyanın xalq artisti Rifkat İsrafilovun rəhbərliyi ilə keçiriləcək rejissor laboratoriyası çərçivəsində Dövlət Gənc Tamaşaçılar Teatrında Rusiya Teatr Akademiyasının səhnə hərəkəti və plastika kafedrasının müdiri, professor Aydar Zakirovun başçılığı ilə səhnə döyüşləri üzrə təlimlərin keçirilməsi də nəzərdə tutulub.



AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG