Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 14:19

Qüdrət Həsənquliyev: «Cəmiyyət QHT-çilərin həbsini normal qarşılayır»


Qüdrət Həsənquliyev
Qüdrət Həsənquliyev

-

Sentyabrın 18-də Azərbaycan mediası nədən yazır? AzadlıqRadiosu qəzetlərdə və internet resurslarında dərc olunan ən maraqlı yazıarın qısa xülasəsini təqdim edir

POLİS «İSMAYILLI İŞİ»NİN İŞTİRAKÇILARINA QARŞI İFADƏ VERMƏKDƏN İMTİNA ETDİYİNƏ GÖRƏ İŞDƏN QOVULUB

Sentyabrın 17-də Şəki Apelyasiya Məhkəməsində İsmayıllı iğtişaşları işi üzrə prosesdə İsmayıllı polisinin keçmiş əməkdaşı Fərəc Əzizov ifadə verib. Xəbəri «Turan» informasiya agentliyi yayıb. Fərəc Əzizov təqsirləndirilənlərdən hər-hansı birinin qanunsuz əməl törətdiyini təsdiq etməyib. O, 1-ci instansiya məhkəməsində də eyni şeyi deyib, bundan sonra uydurma bəhanə ilə işdən qovulub. Keçmiş polis bir daha təqsirləndirilən Səftər Ağamalıyevin etirazçıları sakitləşdirdiyini təsdiq edib.

«ƏSRİN MÜQAVİLƏSİ» MÜSTƏQİL AZƏRBAYCANIN QURTULUŞ VƏ DAVAMLI İNKİŞAF DOKTRİNASI İDİ

Rövnəq Abdullayev
Rövnəq Abdullayev

ARDNŞ-nin prezidenti Rövnəq Abdullayev yap.org.az saytına müsahibə verib. Şirkət rəhbərinin sözlərinə görə, Şahdəniz-2 layihəsinin inkişaf konsepsiyasına uyğun olaraq, 2-ci mərhələdə hasilat həcmi təxminən 2 dəfə artırılacaq, «Faza-1» üzrə hazırda çıxarılan 9 mlrd. kubmetr qaza minimum hesablamalara əsasən, daha 16 mlrd. kubmetr qaz hasilatı əlavə olunacaq. Çıxarılacaq əlavə qaz həcmlərinin ildə 10 mlrd. kubmetri Avropa ölkələrinə, 6 mlrd. kubmetri isə Türkiyəyə tədarük ediləcək. İlk qaz həcmlərinin 2018-ci ildə Türkiyəyə çatdırılması planlaşdırılır. İnamla söyləyə bilərik ki, 2025-ci ilədək Azərbaycanın ümumi ixrac potensialının 40 mlrd. kubmetr qaz həcminə çatdırılması tamamilə realdır. Belə böyük həcmlərin nəql edilməsi üçün təhlükəsiz daşınmanı təmin etmək iqtidarında olan və ötürücülük qabiliyyətinin artırılması potensialına malik müvafiq qaz-nəql infrastrukturu lazımdır.

ANAR MƏMMƏDOVUN ŞİRKƏTİNİN LİSENZİYASI LƏĞV EDİLDİ

Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin məlumatına görə, «Qarant İnvest» MMC-nin broker fəaliyyətinin göstərilməsi üzrə xüsusi icazə-lisenziya sentyabrın 16-dan ləğv edilib. «Qarant İnvest»in broker fəaliyyəti üzrə lisenziyasının hansı səbəblərdən geri alındığı göstərilmir.

«Yeni Müsavat» yazır ki, «Qarant İnvest» şirkəti «Qarant Holdinq»in tərkibində 2011-ci ildə yaradılıb. Elə həmin ilin noyabrının 24-də Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi broker fəaliyyətinin göstərilməsinə dair «Qarant İnvest»ə 5 illik broker lisenziyası təqdim edib.

«Qarant İnvest» lisenziya alandan sonra bir sıra investorlara xarici şirkətlərin səhmlərini almaqda, habelə onların pullarının İsveçrə banklarında yerləşdirilməsində kömək edib. «Qarant İnvest» Azərbaycanda fəaliyyəti müstəsna olaraq xarici investisiyalardan ibarət olan yeganə lisenziyalı broker şirkəti olub.

QÜDRƏT HƏSƏNQULİYEV: «CƏMİYYƏT QHT-ÇİLƏRİN HƏBSİNİ NORMAL QARŞILAYIR»

Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri, millət vəkili Qüdrət Həsənquliyev APA-ya müsahibəsində deyir ki, hər bir dövlətin, xalqın inkişaf səviyyəsi var:

«Azərbaycan dövlətinin, cəmiyyətin, siyasi partiyaların da borcu odur ki, bu çətin, bəziləri Roma Papası kimi yaranmış vəziyyəti Üçüncü Dünya Müharibəsinin başlanması kimi də qiymətləndirdiyi dövrdə ölkədəki sabitliyi qorusun. Ona görə də hökumətin narahatlığını başa düşürəm. Cəmiyyətimiz də bu narahatlıqları görür. Görürsünüz ki, cəmiyyətimiz də qanunvericiliyə dəyişiklikləri, hətta xaricdən maliyyələşən ayrı-ayrı QHT rəhbərlərinin həbslərini də çox normal qəbul edir. Bu baxımdan düşünürəm ki, hökumətin narahatlığı bundan qaynaqlanır. Ancaq mən düşünürəm ki, ölkədəki bu dəyişikliklər ona yol açmamalıdır ki, mülki cəmiyyəti quruculuğu prosesi bundan ziyan görsün. Azərbaycanda QHT sektoru inkişaf etməli, genişlənməlidir, QHT-lərin cəmiyyətdə nüfuzu artmalı, daha çox insan bura cəlb olunmalıdır».

SƏLİM MÜSLÜMOV YARDIM MÜDDƏTİNİ BİR İL ARTIRIR

Səlim Müslümov
Səlim Müslümov

«Azərbaycanda aztəminatlı ailələrə təyin olunan ünvanlı sosial yardımın müddəti 1 ildən 2 ilə qədər artırıla bilər». «APA-Economics»in xəbərinə görə, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov deyib. Onun sözlərinə görə, nazirlik tərəfindən aparılan araşdırmalar zamanı məlum olub ki, hər il demək olar ki, eyni ailələr ünvanlı sosial yardım alır: «Aparılan araşdırmaların nəticələri artıq hökumətə göndərilib. Ümid edirik ki, hökumət tərəfindən bununla bağlı müsbət nəticə əldə olunacaq».

İqtisadi Tədqiqatlar Mərkəzinin İdarə Heyətinin sədri Qalib Toğrul «Bizim Yol»a açıqlamasında nazirin bu təklifi ilə razılaşmadığını deyib. İqtisadçının fikrincə, müddətin uzadılması sui-istifadə hallarını daha da artırır: «Bu proqram 2006-cı ildə fəaliyyətə başlayarkən, ünvanlı sosial yardım ilk olaraq 6 ay müddətinə verilirdi. Daha sonra 1 il müddətinə qədər uzadıldı. Əksər ölkələrdə də sosial yardım müddətinin vaxtı azdır. Müddətin çox olması sosial siyasətə uyğun deyil. Yəni nə mənada? Elə ailələr var ki, bu vaxt ərzində sosial yaşamında dəyişiklik olur, yeni iş yeri tapır. Və ya ailə üzvlərindən kimsə rəhmətə gedə bilər. Doğrudur, qanunvericiliyə görə, ailə üzvləri ilə bağlı hər hansı bir dəyişiklik olarsa, müvafiq quruma xəbər verilməlidir. Xəbər verilmədikdə ailə ünvanlı sosial yardım almaqdan məhrum edilə bilər. Azərbaycanda isə ünvanlı sosial yardım alanlar arasında işə düzələn varsa, bu haqda məlumat verməkdə maraqlı deyil».

XS
SM
MD
LG