Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 21:30

-

Sentyabrın 17-də Azərbaycan mediası nədən yazır? AzadlıqRadiosu qəzetlərdə və internet resurslarında dərc olunan ən maraqlı yazıarın qısa xülasəsini təqdim edir

AZƏRBAYCANIN ƏRAZİ BÜTÖVLÜYÜNƏ REFERENDUM TƏHDİDİ

Zəfər Quliyev

Zəfər Quliyev

«Yeni Müsavat» qəzeti politoloq Zəfər Quliyevin yazısını dərc edib. Müəllif qeyd edir ki, müstəqilliklə bağlı referendum iddiaları bu gün fəal şəkildə İran azərbaycanlıları, İraqdakı və Türkiyədəki kürdlər, Çindəki uyğurlar və s. tərəfindən də səslənir. «Referendum kartından habelə Dnestryanı bölgə, Abxaziya və Dağlıq Qarabağdakı separatçı rejimlər də yararlanmaq istəyir. Moskvanın planlarında «Krım variantı»na uyğun şəkildə başqa qonşu ölkələrin (Qazaxıstan, Estoniya və s.) ərazi bütövlüyü altına «referendum minaları»nın qoyulması da daxil ola bilər. Real separatçı energetikadan istifadə olunmaqla analoji cəhdlər tam mümkündür ki, digər ambisiyalı ölkələr tərəfindən də edilsin. Bu mənada referendumlar paradın qaynar mərhələsindədir və Yalta-Potsdam sistemi ilə qurulmuş, Helsinki Yekun Aktı ilə möhkəmləndirilmiş əvvəlki dünya düzənini tamamən dağıtmaqla təhdid edir. Odur ki, Roma Papasının bir neçə gün öncə yeni dünya müharibəsinin başlamasının real əlamətləri haqda söylədiyi ciddi şəkildə düşünməyə vadar edir. Separatçı münaqişələrin artması və «dünyanın referendumla yenidən bölünməsi» dalğası ələlxüsus da qlobal və regional miqyasda geosiyasi mübarizənin ifrat kəskinləşməsi fonunda Azərbaycan da daxil, bir çox ölkələrə olduqca qeyri-müəyyən və həyəcanlı perspektiv vəd edir».

PARTİYADA MÜXALİFƏT

«Media Forum» saytında Azər Qaraçənli yazır: «Bizdə partiyaları asanlıqla totalitar və avtoritar olanlara bölmək mümkündü, demokratik adlandıra biləcəyimiz partiyalarda da bu demokratiya hələ zəifdi, tam deyil. Aydın məsələdi ki, burda ölkədəki avtoritarizmin, siyasi partiyaların fəaliyyətinə törədilən maneələrin, seçkilərin saxtalaşdırılmağının ciddi rolu, təsiri var. Amma məsələ tək bunda da deyil. Bizdə partiyadaxili demokratiyaya yanaşma başqa cürdü, ölkədaxili demokratiyaya yanaşma kimi deyil. Mən demirəm ki, bu pisdi, səhvdi, eləcə deyirəm ki, başqa cürdü. Ölkə demokratiyasına münasibətimiz belədi ki, seçkini udan hakimiyyətə, uduzan müxalifətə çevrilməlidi, müxalifət hakimiyyət uğrunda mübarizəsini davam elətdirməlidi. Yəni demokratiyanı biz ölkə miqyasında belə təsəvvür eləyirik ki, hakimiyyət-müxalifət bölgüsü olmalıdı və qətiyyən hesab eləmirik ki, müxalifət olmamalıdı. Partiyadaxili demokratiyaya gələndəsə biz hakimiyyət-müxalifət qarşıdurmasını (partiya daxilində hakimiyyət və müxalifətin qarşıdurmasını) parçalanma, dağılma adlandırırıq. Hətta bəziləri hesab eləyir ki, partiyada ümumiyyətlə qruplaşma olmamalıdı, bəzilərisə hesab eləyir ki, qruplaşma ancaq partiyada seçki keçiriləndə ola bilər, seçki başa çatan kimi qruplaşmaya da son qoyulmalıdı. Belə çıxır biz müxalifəti ölkə demokratiyası üçün məqbul bir institut sayırıq, partiyadaxili demokratiya üçünsə bunu ancaq ötəri, müvəqqəti bir təzahür olanda məqbul bilirik. Amma partiya da bir cəmiyyətdi, onun daxilində daimi hakimiyyət institutu var, deməli, onun daxilində daimi müxalifət institutu da ola bilər».

PƏRVİZ HƏŞİMLİNİN HƏBSİNDƏN BİR İL ÖTÜR

Pərviz Həşimli

Pərviz Həşimli

Sentyabrın 17-də «Bizim Yol» qəzetinin əməkdaşı, Siyasi və Mülki Hüquqların Müdafiə Mərkəzinin rəhbəri Pərviz Həşimlinin həbsindən bir il ötür. O, 2013-cü il sentyabrın 17-də Milli Təhlükəsizlik Nazirliyinin keçirdiyi əməliyyatla saxlanılıb. Pərviz Həşimli oktyabrın 22-də Amnesty İnternational təşkilatı tərəfindən «vicdan məhbusu» elan olunub.

Pərviz Həşimlinin vəkili Bəhruz Bayramov «Bizim Yol» qəzetinə bildirdi ki, apellyasiya şikayətinə məhkəmə istintaqı ilə baxılması barədə vəsatət vermişdilər. Lakin həmin vəsatət məhkəmənin ilkin baxış iclasında rədd edildiyindən, hazırda Ali Məhkəməyə qərardan kassasiya şikayəti veriblər: «Əminik ki, Pərviz günahkar deyil, təqsirsizdir. Əgər verdiyimiz vəsatət təmin olunarsa, istər Ağır Cinayətlər Məhkəməsində, istərsə də Apellyasiya Məhkəməsində proseslər obyektiv aparılarsa, Pərvizə bəraət verilməlidir. Təəssüf ki, məhkəmə qeyri-obyektiv olduğundan biz buna nail ola bilmirik. Hazırda onun ən böyük problemi ailəsi ilə açıq görüş problemidir ki, onlar ancaq şüşə arxasından danışa bilirlər. Bu da böyük problemlər yaradır. Eyni zamanda son günlərdə onun psixoloji durumu normal deyil. Çünki ailəsinə ağır itki üz verib. Həyat yoldaşının qardaşı faciəli şəkildə dünyasını dəyişib. Bütün bunlar da öz növbəsində Pərvizə çox böyük psixoloji sarsıntı yaşadır».

AZƏRBAYCANDA HEYVANDARLIQ MƏHSULLARININ İSTEHSALI ARTIB

Bu ilin 8 ayı ərzində respublikada diri çəkidə 294,9 min ton ət, 1249 min ton süd, 1017,9 milyon ədəd yumurta və 15,7 min ton yun istehsal edilib.

Dövlət Statistika Komitəsindən AzərTAc-a bildiriblər ki, 2013-cü ilin eyni dövrünə nisbətən ət istehsalı 1,5 faiz, süd istehsalı 3,2 faiz, yumurta istehsalı 11,3 faiz, yun istehsalı isə 2,2 faiz artıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG