Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 16:08

Ömürlük məhbuslar prezidentə müraciət edib


-

«Siyasi məhbuslarsız Azərbaycan» İctimai Alyansı xəbər verir ki, Qobustan həbsxanasında ömürlük cəza çəkən 70-dən çox məhkum prezident İlham Əliyevə müraciət edib. Müraciətdə qeyd olunur ki, Azərbaycanda ölüm cəzasının ləğvi ilə əlaqədar Milli Məclisin qəbul etdiyi 10 fevral 1998-ci il qanunu 128 nəfərin cəzasını qeyri-məhkəmə qaydasında ömürlük həbsə dəyişib:

«Azərbaycan Respublikasında vaxtilə istisna cəza növü kimi sayılan ölüm cəzası ləğv edilərkən cinayət qanununun zamana görə qüvvəsi hüququ prinsipinə əsaslanmalı, bizim hər birimizin işinə fərdi qaydada məhkəmədə baxılaraq 15 ilə qədər azadlıqdan məhrumetmə cəzası və ya prezidentin əfv fərmanı qaydasında 20 ilə qədər azadlıqdan məhrumetmə cəzası tətbiq edilməli idi.

Qanunverici orqan olan Milli Məclis məhkəmə səlahiyyətlərini mənimsəyərək bizi kütləvi şəkildə, məhkəməsiz ömürlük həbs cəzasına məhkum edib ki, bu da ölkə qanunvericiliyinə, eyni zamanda tərəfdarı olduğumuz beynəlxalq hüquq normalarına və Avropa İnsan Hüquqları Konvensiyasına ziddir.

Bu qanun pozuntusu ilə əlaqədar dəfələrlə möhtərəm prezidentə, dövlət rəsmilərinə müraciət etmişik, aclıq aksiyaları keçirsək də heç bir cavab ala bilməmişik».

Müraciətdə qeyd olunur ki, hazırda 128 məhbusdan 73-ü sağ qalıb, onların arasında yaşı 70-i, hətta 80-i ötmüş, görmə qabiliyyətini tam itirmiş, 19, 20, 25 ilədək cəza çəkən məhbuslar var. /Mediaforum/

XS
SM
MD
LG