Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 01:31

Lənkəranda müharibə veteranının 80 yaşlı dul yoldaşı tövləyə sığınıb...


Xanbulan qəsəbəsinin 80 yaşlı sakini Nərgiz Nəsirova
Xanbulan qəsəbəsinin 80 yaşlı sakini Nərgiz Nəsirova

-

Lənkəran rayonunun kəndlərindən gələn şikayətlərin ardı kəsilmir. Bu müraciətlərdə adətən yerli məmurların fəaliyyətindən şikayətlənirlər. Lənkəran rayonunun Xanbulan qəsəbəsinin 80 yaşlı sakini Nərgiz Nəsirova deyir ki, həyat yoldaşı müharibə veteranı olub. Əri vəfat etdikdən sonra onu evindən çıxardıblar. İndi küçələrdə yaşayır. Buna baiskar kimi qəsəbə icra nümayəndəsini göstərir:

«Kişi rəhmətə gedəndən sonra evimi əlimdən aldılar. Məni saldılar küçələrə. Mal-qaram, evim var idi. Bələdiyyə, icra nümayəndəsi, kürəkən küçələrə saldılar. Pulu da yedilər. Mənə sahib də durmurlar».

«İCRA NÜMAYƏNDƏSİ, BƏLƏDİYYƏ HƏYƏTƏ GƏLİB DEDİLƏR Kİ...»

Nərgiz Nəsirovanın sözlərinə görə, savadı yoxdur. Onu aldadıb hansısa sənədlərə imza atdırıblar:

«İcra nümayəndəsi, bələdiyyə həyətə gəlib dedilər ki, yoldaşın veterandır, onun üçün pay gəlib. Mən də savadsız adam. Qol çəkdim. Apardı icra nümayəndəsi çəkdirdi. Burda qol çək, orda qol çək. Pul da verdim, gəldim. Dedim nə olacaq? Dedi yardım gələcək. Dedi min manat da ver».

Nərgiz Nəsirova bildirir ki, bir Qarabağ veteranı onu hələlik yanında saxlayır. Bu da deməsinə görə, mal tövləsidir, adətən evin kənarında gecələyir. Nərgiz Nəsirovanın sözlərinə görə, bu barədə yuxarı orqanlara müraciət etsə də əhəmiyyət verən yoxdur:

«MƏNİM EVİMDƏ İNDİ KÜRƏKƏNİMİN ƏMİSİ OĞLU YAŞAYIR»

«Gətirib məni saxlayır. Yer də yoxdur. Bəs mən hara gedim? Mənim evimdə indi kürəkənimin əmisi oğlu yaşayır. Tövləsi var, təndiri var, qarajı var. Ev də dolu, qalıb orda. Məni yaxına buraxmırlar. Məni qovublar, yaxın qoymurlar. Gedirəm deyir, pay torpağı verdim sənə, 13 sot. Deyir pulunu vermişəm. Bəs hanı? Bəs məni nə üçün küçələrə salıblar? Babalı deyiləm. Veterana hörmət eləməzlər? İndi mənə nə verir, bir kilo yağ, bir kilo düyü, vəssalam».

Zaur Ağayev
Zaur Ağayev

Lənkəran rayonunun Bürcəli kənd sakini, Qarabağ müharibəsinin veteranı, əlil Zaur Ağayev də ona məxsus payıbəlli torpağının mənimsənildiyini deyir. Onun deməsinə görə əlində torpağa dair dövlət aktı olsa da mülkiyyətini ala bilmir:

«ÖZÜMƏ QƏSD ETMƏK İSTƏYİRDİM»

«Payıbəlli torpağımı dövlət işçisi satdı. Pul istədi, rüşvət istədi verə bilmədim. Dövlət qayğısından mərhumam. Onun əksini görürəm. Dəfələrlə prezidentə də müraciət etmişəm. Prezidentin də buna gücü çatmır. Prezidenti qınamaq olmaz. Yeri gələndə deyirlər ki, haqq veririk, adamımız var. Bizim yuxarıda adamımız yoxdur, haqq da verə bilmirik. Səhv etmişik, gedib vuruşmuşuq. Hətta özümə qəsd etmək istəyirdim. Söz yox ki, indi bu fikirdən dönmüşəm».

Şikayətçi deyir ki, akta əsasən payıbəlli torpağını istəyir. Bununla bağlı müraciət etmədiyi yer qalmayıb. Onun deməsinə görə, 10 ildən çoxdur ki, bu barədə yuxarılara şikayət məktubu yazır. Lakin məktubların heç birisinə cavab verilmir:

«EVSİZLİKDƏN, ŞƏRAİTSİZLİKDƏN AİLƏM DƏ DAĞILIB»

«Bələdiyyə onu satıb başqalarına. Zəbt ediblər, girə bilmirəm. Rüşvət istəyirlər, pulum yoxdur verim. Müalicələrimi də edə bilmirəm. 3 uşağım var. Evsizlikdən, şəraitsizlikdən ailəm də dağılıb. Prezidentin dediklərinin əksi gedir bizdə. Lənkəranda icra nümayəndəsində də olmuşam. Ədliyyə nazirliyində də olmuşam. Heç bir xeyri yoxdur. Adamı var. Adamı yuxarıda işləyir. Prezidentə yaxın bir yerdə işləyir. Prezident aparatında işləyir, güvənir».

İCRA NÜMAYƏNDƏSİ NƏ DEYİR?

Xanbulan qəsəbə icra nümayəndəsi Faiq Köçərliyev isə deyir ki, Nərgiz Nəsirova evini qanunla yaxın qohumuna satıb. O, qeyd edir ki, bu işə rayon məhkəməsi və prokurorluq da baxıb. İcra nümayəndəsinin sözlərinə görə, həmin yaşlı qadın hazırda qardaşının evində yaşayır. O bu məsələlərin ona aidiyyəti olmadığını deyir.

BƏLƏDİYYƏ SƏDRİ MƏHKƏMƏNİ GÖSTƏRİR

Bürcəli bələdiyyə sədri Kazım Məmmədov isə qeyd edir ki, Zaur Ağayevin payıbəlli torpağı onun qonşusuna məxsus evin arxa hissəsindədir. Bu baxımdan da şikayətçi ora getməkdən imtina edir. Bələdiyyə sədri həmçinin deyir ki, veteran 15 ildən çoxdur şikayətçidir. İstəyirsə məhkəməyə müraciət edə bilər.

XS
SM
MD
LG