Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 00:07

-

Necə oldu ki, milyonlar xərclənən, ölkənin bayrağını qaldırmalı, az qala ölkənin simalarına çevrilməli olan adamlar indi şəriət dövləti qurmaq istəyənlərin savaşında ölməyə gedir?

Günel Mövlud

MOLLAYA ÇEVRİLƏN İDMANÇILAR

Rejissor Martin Scorsese-nin «Qızmış öküz» filmi yaxşı ekran əsəri olmaqla yanaşı, həm də idman və idmançıların həyatı barədə kifayət qədər informasiya verir.

Məncə, dünyanın harası olursa-olsun, idmançının çoxunun həyata, sənətə, sevgiyə, insana, doğma adama münasibəti oxşardır.

Bu münasibət nədən ibarətdir, necədir, təklif edirəm ki, bunu filmə baxmaqla öyrənəsiniz. Bizsə indi, illərdir bizi idarə edənlərin ən böyük yatırımı etdiyi idman və idmançı siyasətinin aqibəti barədə danışaq.

Əgər biz son on il ərzində, idmana və idmançılara edilən yatırımları hesablamalı olsaq, əminəm ki, fantastik bir rəqəmlə üz-üzə qalarıq. Təsəvvürümüzə belə sığışdıra bilməyəcəyimiz fantastik bir məbləğ ölkənin bayrağını qaldıracaq idmançıların yetişdirilməsinə, səfərlərinə, cibxərcliyinə, yarışlara, məşqlərə, təbliğata və daha nələrə xərclənib. Mən hələ məsələyə hansısa beynəlxalq yarışlarda qızıl və gümüş medalların satın alınma cəhdi barədə gəzən söz-söhbətləri uzaq tutmağa çalışaraq, baxıram.

Gəlin, məsələnin humanist tərəfini də kənara qoyaq. O tərəfini ki, ümumiyyətlə, insana əzab vermək, insanı döymək, qanını axıtmaq, qabırğasını sındırmaq, ağız-burnunu qanatmaq, başını kanata vurmaq nəyə lazımdır və nəyə xidmət edir? Niyə bir insan başqasının başını yarıb, qabırğalarını sındırıb, ağız-burnunu qanatmaqla qələbə çalmalı, qalib hesab olunmalı, hələ üstəlik, bununla ölkəsini də qalib etməlidi? Ümumiyyətlə, o nə insandır ki, qalibiyyətini, üstünlüyünü insan qanı axıtmaqla sübüt edir? O nə ölkədi ki, onun bayrağını biləyinin zoru, yumruğunun gücü, təpiyinin ağırlığı ilə qələbə qazanmış ət-sümük yığını qaldırır? O nə ölkədi ki, onun ad-sanı, tanıtımı, imici kinonun, ədəbiyyatın, musiqinin, rəsmin, fikrin yox, adamdöymənin, sürünmənin, tullanmanın, güllə atmanın ümidinə qalıb? Məsələnin bu tərəfini kənara qoyaq.

İndi o milyonlar xərclənən adamların sədası hardan gəlir? Necə oldu ki, milyonlar xərclənən, ölkənin bayrağını qaldırmalı, az qala ölkənin simalarına çevrilməli olan adamlar indi şəriət dövləti qurmaq istəyənlərin savaşında ölməyə gedir? Necə oldu ki, onlara xərclənən vaxtın, pulun, diqqətin nəticəsi olan güclərini cihada sərf etmək istəyirlər? Dünyəvi dövlətin xərc qoyub, yatırım edib, ad-san qazandırdığı, iş yeri, şöhrət, imkanlar verdiyi adamların indi din uğrunda cihada axışmağının səbəbi nədir?

Bu da gözlənilən idi. Vaxtında yazdıq. Zora, gücə, biləyə, təpiyə bu qədər yatırım edib, elmə, savada, kitaba düşmən kəsilməyin axırının yaxşı olmayacağını, faciəvi nəticə verəcəyini qabaqcadan dedik. İllərdir, kitabın, elmin, məktəbin, təhsilin nə qədər vacib olduğunu deyirik. Biz bunu özümüzdən icad etməmişik, bunlar bizim şəxsi qənaətlərimiz deyil. Əsrlər uzunu cəmiyyəti, toplumu qəddarlıqdan, fanatizmdən, cəhalətdən xilas edən, cəmiyyətə, topluma nicat yolunu göstərən kitab, elm olub. Yüzlərlə mütəfəkkir, ziyalı, yazıçı, filosof elmin, kitabın vacibliyini deyiblər, yazıblar.

İnsan həmişə bəlalarından, qayğılarından, problemlərindən nicat axtarışındadı. Ona görə də müəllimdən nicat yolunu öyrənə bilmirsə, mollanın yanına gedir. Məktəbdən işıq gəlmirsə, məscidə, kilsəyə, pirə pənah aparır. Hakim ədalətli qərar vermirsə, insan üzünü Allaha tutur…

Sən təhsili zəlil günə qoy, kitab dükanlarını bağla, nəşriyyatları qəddar vergilərə otuzdur, elm, maarif, savad adına hər şeyi şübhə ilə qarşıla, inanma, barmaqarası bax, nəticə belə olacaqdı. Ölkələrində kitaba, elmə, təhsilə münasibəti görən, alimin, elm adamının, yazıçının yoxsulluqda yaşadığının şahidi olan, kitab və kitaba dəxli olan hər şeyə, hər kəsə yuxarıdan aşağı baxan o adamlar efirə çıxanda, mətbuata danışanda bir cümləni düz-əməlli qurub danışa bilmirdilər. Hər şey barədə ibtidai biliklərə belə sahib olmayan o adamlar öz savadsızlıqlarından, cəhalətlərindən zərrə qədər də utanmır, bundan azacıq da olsa kompleks keçirmirdilər. Çünki onlar bircə dənə də olsun, kitab üzü açmadan, bir cümləni belə düzgün qurub danışa bilmədən, şöhrət, nüfüz, var sahibi ola bilmişdilər və bununla da fəxr edirdilər.

İdmançıların təcrübəsi göstərdi ki, ölkəni idarə edənlərin qarşısında ciddi seçim var. Ya təhsil, elm, savad yolu ilə cəhalətin qarşısını almaq. Ya da elmi, kitabı, fikri dustaq edib, cəhalətin, fanatizmin, dini radikallığın vüsət almasına rəvac vermək. Amma bir şey mütləq nəzərə alınmalıdır. Əli kitablı adamla danışmaq mümkündür, əli silahlı adamla isə danışmaq mümkün deyil…

(Yazıdakı fikirlər müəllifin şəxsi mülahizələridir)

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG