Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 14:02

-

Əli Şirin Şükürlü

“maestro”ya üçüncü məktub (qədimsayağı)

mən səndə “ümumi” yox, “təkcə” axtarırdım, maestro. sənsə

təkcə gözəl görünmək yox, həm də çox şey istəyirdin

hamı kimi – elə mənim kimi, onun kimi, onlar kimi.

mən təkcə axtara-axtara uduzduğum həyatın

hayfını səndən aldım deyəsən; atdım səni. ya da

sən məni atdın. fərqi etməz –

təsir əks təsirə bərabərdi həmişə.

indi yaş keçir, dönüb geri baxıram. mənə elə gəlir

bütün gediş-gəlişlər düzxətlidi və yollar əyilmir

heç yerdə. hara üz alırsansa, nə vaxtsa yenidən

qayıdırsan tərk etdiyin məkana. elə bir xətt cızırsan və

yolların əyildiyini hiss etməyirsən dolanbaclarda.

sən düzxətli yaşayırsan, yollarsa əyilir, inan mənə, maestro.

nə düşündüyümüzdən asılı olmayaraq yollar əyilir –

cevrə cızır. yer üzü elə adadı sonsuz kainatda.

odur ki,

hara üz alsan da cevrə cızarsan azala-azala. kağız üzərində

çevrə cızıb boşalan qələm misalı. neçə il əvvəl mühazirə oxuyan

müəllim əlindən sürüşüb döşəmədə diyirlənən tabaşirə ani

nəzər salıb, “o da ölümdən qaçır” – dedi üzündə təbəssüm.

bu yaxınlarda gördüm onu. illər keçməsinə baxmayaraq,

az dəyişib nədənsə. bəlkə ölümü təbəssümlə qarşılaya bilir –

ondandı zaman dostcasına davranır onunla.

odur ki,

nə qədər yüyürsək də, nə qədər tərk etsək də bir-birimizi

eyni məkan gözləyər bizi. amma nə edək, maestro, insanlar daima

tərk edər bir-birini. tərk edər eyni şəhərdə, eyni mənzildə, eyni yataqda...

tərk edər azala-azala. həyatsa – ayrılıqdı da elə, hər an yubanmasıdı

ölümün. yəni bir növ yubanan gəmiyə bənzəyər ölüm. hər an

üz ala bilər limana.

bütün bunlar öz yerində, maestro...

nə qədər yüyürsək də, nə qədər tərk etsək də bir-birimizi,

yenə üz-üzə gələrik, hardasa birləşər yollarımızı.

yer üzü adadı axı sonsuz kainatda. bir də ki

tək olsa da hər birimiz oxşardı həm də,

“insan” adında ümumiliyi var.

... – 12.09.2014

Günün bütün mövzuları

XS
SM
MD
LG