Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 11:45

«Kasıblar üçün giriş qadağandır»


Uşaq bağçası
Uşaq bağçası

-

SINAQ QİYMƏTLƏNDİRİLMƏSİNDƏN KEÇƏN MÜƏLLİMLƏRİN MAAŞLARI QALDIRILACAQ

«Bakıda növbəti maliyyə ilində sınaq qiymətləndirilməsindən keçmiş hər bir müəllim bunun nəticələrini özünün əməkhaqqında hiss edəcək. Sınaq qiymətləndirilməsi keçirilməyən regionlarda müəllimlərin əməkhaqlarının artırılması məsələsi gündəmdə olmayacaq». Bunu Bakı təhsil işçilərinin sentyabr konfransında çıxış edən təhsil naziri Mikayıl Cabbarov deyib.

«Trend»in xəbərinə görə, nazir deyib ki, məktəb direktorunun vəzifələrindən biri məktəbdə dərs yükü bölgüsünün aparılması və optimallaşdırılmasına çalışmasıdır, lakin hazırkı mənzərə fərqlidir:

«Bir çox müəllimlərin dərs yükü 1 stavkadan da aşağıdır. Belə olan halda əməkhaqqının artırılmasının nə faydası? Ona görə də biz onun tərəfdarıyıq ki, əvvəlcədən dərs yükü optimallaşdırılsın, reallığı əks etdirsin. Bunun ardınca dərs saatının pul dəyəri qalxsın. Sınaq qiymətləndirilmə bununla bağlı ilk addım idi».

BİRİNCİ SİNİF ŞAGİRDLƏRİNƏ 10 MİN ÇANTA VƏ DƏRS LƏVAZİMATI PAYLANILIB

Heydər Əliyev Fondu yeni tədris ili ərəfəsində qaçqın və məcburi köçkün ailələrindən olan birinci sinif şagirdlərinə 10 min çanta və dərs ləvazimatı paylayıb. Bu haqda «Yeni Azərbaycan» yazır. Məlumatda deyilir ki, Fond bu addımı hər il atır. Bundan başqa qurum «Yeniləşən Azərbaycana yeni məktəb» layihəsi çərçivəsində 2005-1014-cü illərdə 100 mindən artıq şagirdin oxuduğu 462 məktəb inşa olunub və yenidən qurulub.

«İNTERNET MEDİANI «SIXAN» DAHA BİR QANUN GƏLİR»

«İnternet medianı «sıxan» daha bir qanun gəlir». «Yeni Müsavat» qəzeti belə yazır. Qəzet Yeni Azərbaycan Partiyasından olan deputat Siyavuş Novruzovun elektron media ilə bağlı təkliflərinə «Turan» İnformasiya Agentliyinin rəhbəri Mehman Əliyevdən münasibət öyrənib. Mehman Əliyev hesab edir ki, məqsəd sosial şəbəkələri nəzarətə almaqdır. «Çünki mediaya nəzarət olunur. Pulla nəzarət olunur. Nəzarət edə bilmədiklərini döyür, həbs edirlər. Seymur Həzi nümunəsində olduğu kimi. İndi isə sosial şəbəkə hədəfdədir. Yeni layihədir. Ona görə də hakimiyyət bu informasiya növünün üstünə gedəcək. Məqsəd azad sözü tamamən boğmaqdır».

«KASIBLAR ÜÇÜN GİRİŞ QADAĞANDIR»

«Bizim yol» uşaq bağçalarındakı qiymətlərə toxunub: «Kasıblar üçün giriş qadağandır. Dövlət uşaq bağçalarında qanunsuz ödəmələr tələb olunur, özəllərdə isə qanuni ödəmələr «kəllə-çarxa» çıxarılıb». Qəzet Bakıda özəl bağçalarda qiymətlərin 250 manatdan 600 manata qədər yüksəldiyini öyrənib. Övladı dövlət bağçasına gedən Türkan Məmmədova «Bizim yol»a hər ay 20 manat ödədiklərini söyləyib: «Müəllimlər bu pulun onların maaşına aidiyyatı olmadığını, nə üçün yığıldığını bilmədiklərini söyləyirlər. Dövlət bağçalarının vergidən azad olunduqlarını yaxşı bilirəm. Bəs bu 20 manat hara gedir?..»

İqtisadçı ekspert Natiq Cəfərli bağçalarda aylıq ödənişin tələb olunmasını qanunsuz sayır və hesab edir ki, bunun qarşısını almaq üçün burda işləyənlərin maaşı artırılmalıdır.

DİN XADİMLƏRİ ÜÇÜN VAHİD GEYİM FORMASI TƏQDİM OLUNUB

Azərbaycanda din xadimləri üçün vahid geyim forması təqdim olunub. Qafqaz Müsəlmanları İdarəsinin mətbuat xidmətinin rəhbəri Rəhimə Dadaşova «Media forum»a deyib ki, vahid geyimlər QMİ təyinatı ilə məscidlərdə işləyən axund və imamlara verilir: «Həmin axund və imamlar QMİ-nin nəzdində fəaliyyət göstərən din xadimlərinin təkmilləşdirmə kurslarına cəlb olunublar və bu kursları bitirəndə onlara vahid geyimlər təqdim edilir».

Rəhimə Ddaşovanın sözlərinə görə, geyim haqda son qərar verilərkən mərhum xeyriyyəçi Hacı Zeynalabdin Tağıyevin geyimləri nümunə kimi götürülüb:

«Hacı Zeynalabdin Tağıyev müqəddəs Həcc ziyarətində olub, dini qaydalara və Azərbaycan xalqının milli adət-ənənələrinə uyğun geyinib. İndi də onun fotolarına baxanda müsəlman olduğu dərhal duyulur. Vaxtilə geydiyi geyimlər kənardan baxanda onun müsəlman olduğunu dərhal söyləməyə imkan verib. Ona görə də Hacı Zeynalabdin Tağıyevin geyimləri bir nümunə olaraq götürüldü…

Ən əsası isə əbanın uzun olmamasına qərar verildi. Çünki əba uzun olanda onunla bütün məclislərə getmək olmur, uzun əba daha çox məsciddə geyinib minbərə çıxmaq üçündür... Nəticədə sırf Azərbaycana məxsus olan, müstəqil ölkəmizin din xadimi üçün nəzərdə tutulan geyim ərsəyə gəldi».

XS
SM
MD
LG