Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 06:03

Fərhad Əliyevin istintaqı niyə yekunlaşmır?


Fərhad və Rafiq Əliyevlərin Hüquqlarını Müdafiə Komitəsinin tədbiri

Fərhad və Rafiq Əliyevlərin Hüquqlarını Müdafiə Komitəsinin tədbiri

Sabiq İqtisadi İnkişaf naziri Fərhad Əliyev ötən ilin oktyabrında həbs edilsə də, ibtidai istintaq hələ də yekunlaşmır. Bunun səbəbi nədir? Fərhad və Rafiq Əliyevlərin Hüquqlarını Müdafiə Komitəsinin sədri Cəmil Həsənli bu suala belə cavab verir: «Prokurorluq elan edib ki, istintaq başa çatıb, ittihamlar sübuta yetirilib. Əgər, belədirsə, niyə iş məhkəməyə göndərilmir?».


Cənab Həsənli özü verdiyi özü də cavablandırır. Onun qənaətincə, məqsəd sabiq naziri daha bir neçə ay həbsdə saxlamaq, onun mətbuat və ya beynəlxalq qurumlarla təmasına imkan verməməkdir. Çünki ona qarşı irəli sürülən bütün ittihamlar əsassızdır. Elə sabiq nazirin özü də istintaqın yubanmasını uydurma ittiham və fərziyyələr əsasında həbs olunması ilə izah edir. O, sentyabrın 29-da millət vəkilləri və ziyalılara ünvanladığı müraciətdə deyir ki, ittihamlar əsassız olduğundan bir ilə yaxındır istintaq ortaya heç bir sübut qoya bilmir. Fərhad Əliyevin dediyinə görə, istintaq etmədiyi cinayətləri boynuna qoymaq üçün son bir ildə ona mənəvi-psixoloji təzyiq göstərməyə çalışıb. Onunla birlikdə yaxın çevrəsindən günahsız adamlar həbs olunub, onlara işgəncə verilib. Sabiq nazirin sözlərinə görə, artıq onlardan biri dünyasını dəyişib, üçü isə ölümcül vəziyyətdədir. Hərçənd o, həmin şəxslərin kimliyi haqda məlumat vermir. Cənab Əliyev əlavə edir ki, istintaq heç nəyə nail olmadığından indi də onun qatil kimi tanınmasına çalışır.


«Prokurorluq elan edib ki, istintaq başa çatıb, ittihamlar sübuta yetirilib. Əgər, belədirsə, niyə iş məhkəməyə göndərilmir?»

Sabiq nazirin Hüquqlarını Müdafiə Komitəsinin sədri Cəmil Həsənli isə deyir ki, etibarlı mənbələrin məlumatına görə, əslində, istintaq başa çatıb, iş məhkəməyə göndərilməlidir. Sadəcə, siyasi qərar olmadığından ictimaiyyətə açıqlama verilmir. Cənab Həsənliyə görə, Milli Təhlükəsizlik Nazirliyi (MTN) bu qərarın mətbuatda və cəmiyyətdə arzuolunmaz nəticələr doğurmasından ehtiyatlanır. Ona görə də hələlik çıxış yolu axtarır.


MTN-dən verilən məlumatda isə bildirilir ki, cinayət işi ilə bağlı istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri davam etdirilir. Onun nəticələri haqqında ictimaiyyətə məlumat verilib. Amma bəzi məqamlar istintaq sirri olduğundan bu haqda açıqlama verilməsi düzgün olmazdı.


Sabiq nazirin hüquqlarını xaricdə müdafiə edən vəkil Çarlz Boss isə hesab edir ki, istintaq Fərhad Əliyevin hüquqlarının təmin olunmasına imkan vermir: «Hökumət Fərhad Əliyevin beynəlxalq konvensiyalarla təmin olunan bir çox hüquqlarını pozub. Mənim müdafiə etdiyim şəxs qanunsuz həbsdə saxlanılır. Bundan başqa, onunla rəftarda qeyri-humanist və alçaldıcı hərəkətlərə yol verilib. Sabiq nazirin azadlıq, azad və ədalətli məhkəmə hüququ pozulub».


Vəkilin sözlərinə görə, bu, bəlkə də sovet modelidir. Amma SSRİ-nin süqutundan sonra Azərbaycan Avropa dəyərlərinə üstünlük verdiyini və beynəlxalq qurumlar qarşısında öhdəlik götürdüyünü bəyan edib. Və indi həmin öhdəliyi yerinə yetirmək zamanı yetişəndə Bakı öhdəliyini yerinə yetirmək istəmir. Vəkil Çarlz Bosa görə, bu, demokratik cəmiyyətdə bütün təməl prinsiplərin pozulması deməkdir. O, ABŞ konqresmenləri və senatorlarının, Ağ Ev rəsmilərinin, Dövlət Departamentinin Azərbaycanda baş verənləri diqqətlə izlədiyini bildirir.


Sabiq İqtisadi İnkişaf naziri Fərhad Əliyev ötən ilin oktyabrında hakimiyyəti zorla dəyişdirməyə cəhd ittihamı ilə həbs edilib.


Günün bütün mövzuları

XS
SM
MD
LG