Keçid linkləri

2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 20:07

Qubada Qarabağ əlilləri şikayətlərinə baxılmadığını deyirlər...


Məmmədrəsul Məmmədov

Məmmədrəsul Məmmədov

-

- Çətinliyimiz çoxdur. Qazımız, suyumuz yoxdur.

- Hansı zəmanədir ki, binada odun sobası yandırırıq. İndiki zəmanədə də odun sobası yandırarlar?

Qubada, Əzizbəyov küçəsində bir neçə il əvvəl Qarabağ əlillərinin istifadəsinə verilmiş ikimərtəbəli binanın sakinləri şəraitlərindən narazılıq edirlər. Deyirlər, hökumət əlillərin başını quru divarla aldadıb.

ƏLİLLƏRİN QISA ÖMÜRLÜ SEVİNCİ...

Məmmədrəsul Məmmədov Qarabağ döyüşlərində əlil olub. Bir neçə il əvvəl Qubanın Əzizbəyov küçəsində Qarabağ əlilləri üçün tikilmiş ikimərtəbəli binadan ona da mənzil düşüb. Deyir, ailəsi ilə mənzilə sevinə-sevinə köçüb. Ancaq bu sevincin ömrü çox sürməyib. Günbəgün üzə çıxan çətinliklər binada yaşayan Qarabağ əlillərini cana yığıb:

«Qarabağ əlilləri üçün heç bir şərait yaratmırlar. Küçəmizdə işıq yoxdur. Uşaqların üstünə siçovullar tullanır. Məktəbə gedib-gələ bilmirlər. Vəhşi itlər üstlərinə cumur. Binanın ətrafını ot basıb, arası da dolu ilanlarla... Hər dəqiqəmiz həyatımız üçün təhlükədir».

«QURU DİVARDAN BAŞQA HEÇ NƏ YOXDUR»

Əlillərinsə gücü yığışıb gümanları gələn ünvanlara məktub yazmağa çatır:

«Söz verdilər ki, istilik sistemi quracağıq, etmədilər. İstilik sistemi yoxdur. Yanımızdakı 4 və 5 mərtəbəli binalara çəkdilər, bizə yox... Dəfələrlə Mehriban Əliyevaya yazmışıq, Qənirə Paşayevanın qəbuluna da getmişik, dərdimizi demişik, kömək yoxdur».

Qarabağ əlillərinin problemlərlə bağlı siyahısı bitib tükənmir:

«Uşaqlarımızın oynamağa yeri yoxdur. Bundan başqa, xeyir, şər işimiz olanda gedib saraylarda yer alıb keçirdirik. Bütün binaların həyətlərində mərasim zalları var, bizimçün bunu da etməyiblər. Bir sözlə, adı var ki, Qarabağ əlillərinə ev tikiblər, quru divardan başqa heç nə yoxdur».

Əlillər deyir ki, hər dəfə şikayətə gedəndə yerli icra hakimiyyətinə istiqamətləndirirlər. İcra hakimiyyəti isə şərait yaradılacağını vəd edib günü günə satır.

«GEDİN NƏ İSTƏYİRSİNİZ YAZIN...»

Qarabağ əlillərinin giley-güzarına Quba rayon İcra Hakimiyyətindən cavab almaq üçün qurumun mətbuat xidmətinə müraciət etdik. Xidmətin rəhbəri Tariyel İbrahimov sualları cavablandırmaq istəmədi.

- Mən bu barədə heç nə bilmirəm...

- Sizin məlumatınız yoxdursa, qurumun bir səlahiyyətlisi ilə əlaqəmizi yaradın, cavab alaq...

- Bu mənim işim deyil.

- Bununla neçənci dəfədir sizinlə əlaqə saxlayırıq. Hər dəfə eyni sözü deyirsiniz...

- Gedin, nə istəyirsiniz yazın...

XS
SM
MD
LG