Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 15:55

«Demokratiya prosesdir, onu bir dəfə qazanıb, sonra yaddan çıxarmaq olmaz»


Fərəc Quliyev
Fərəc Quliyev

-

Üç gün sonra İsveçdə Parlamentə (Riksdagen), Əyalət və Bələdiyyələrə keçirilən seçkilərdə əslən azərbaycanlı Fərəc Quliyev də öz şansını sınayacaq.

1986-cı ildə Bakı şəhərində anadan olmuş, on ilə yaxındır ailəsi ilə İsveçdə yaşayan Fərəc Quliyev 4 ildir ki, aktiv siyasətdədir. O, 2010-cu ildə Solna bələdiyyəsinə seçilib. Həm də Stokholm universitetində hüquq fənnindən dərs deyir. Hüquq elmləri namizədidir.

- Fərəc bəy, bir gəncə görə karyeranız sürətlə irəliləyir – universitetdə dərs deyirsiniz, bu yaşdan bələdiyyə üzvüsünüz. Bu, İsveçdə bir gəncin qazana biləcəklərindən çoxdur, ya hələ azdır?

- İsveçdə gənclərin şəraiti çox fərqlidir. Təbii ki, burda çoxdan yaşayanlar üçün iş tapmaq, ev almaq daha asan görünə bilər. Burda elə gənclər tanıyıram ki, həm iş tapa biliblər, həm də ev almağı bacarıblar. Mənə gəldikdə, deyə bilmərəm ki, qazandığım burdakı hər hansı gəncin əldə etdiyindən çoxdur, ya azdı. Hər kəs öz yolunu seçir. Siyasətçilərin işi gənclər üçün imkanlar yaratmaqdır. Amma bununla bağlı edilməli çox iş var.

- Artıq bir seçim təcrübəniz var. Azərbaycandakı seçkiləri hər dəfə beynəlxalq təşkilatlar tənqidə tutur. İsveçdə də bənzər seçki qüsurları olur?

- Təbii ki, bu iki ölkəni müqayisə etmək olmaz. İsveç demokratik bir ölkədir, burda hər bir jurnalist ya müxalifət partiyası düşündüyünü tam açıq deyə bilər. Amma demokratiya prosesdir, onu bir dəfə qazanıb sonra yaddan çıxarmaq olmaz. Əksinə, demokratiya proses olduğundan bunu hər zaman inkişaf etdirmək lazımdır. Hal-hazırda parlamentimizdə (riksdag) rasist partiyası var (Sverigedemokraterna). Rasistlərin fikirləri demokratiya üçün problemdirmi? Konstitusiyaya görə yox, amma azlıqların müdafiə qanunlarına görə problemdir. Biz haradasa xətt çəkməliyik – o xətti çəkmək uzun bir prosesdir. Ən yaxşısı odur ki, bu prosesdə hər insan aktiv ola bilər.

KORRUPSİYAYA YAXIN OLDUĞU İDDİA EDİLƏN SİYASƏTÇİLƏRİN ŞANSI SIFIRDIR

- İsveçdə seçki nədən başlayır? Seçicilərin inam və etibarını qazanmaq üçün namizədlərdən tələb olunan nədir?

- Seçicilərin inam və etibarını qazanmaq üçün partiyalardan və namizədlərdən tələb olunan ciddilik, səmimi olmaq və təmizlikdir. Məsələn, korrupsiyaya yaxın olduğu iddia edilən siyasətçilərin şansı sıfırdır. Onlara heç kim səs verməz. Bundan başqa, sən namizəd kimi öz partiyanın üstünlüyünü seçicilərə anlatmağı bacarmalısan.

- Niyə müxalifət partiyasını seçdiniz?

- Sosial-demokrat partiyasını ona görə seçdim ki, insanlar arasında bərabər hüquqlara və demokratiyaya inanıram.

- Parlament seçkisində platformanız nədir? İsveçdəki parlament seçkisi Azərbaycandakından nə dərəcədə fərqlənir?

- Mənim üçün ən vacib sual burda olan işsizlik problemidir. Gənclər arasında işsizlik 20-25 faizdir, hal-hazırda bu, çox böyük problemdir, o cümlədən immiqrantlar üçün də. Fikrimcə, bu problemin aradan qaldırılması üçün dövlət investisiyalarına ehtiyac var, çıxışlarımda da bunu vurğulayıram.

AYRI-SEÇKİLİK DEMOKRATİK BİR ÖLKƏYƏ YARAŞMAZ

Azərbaycanla İsveç arasında fərqlər çoxdur, ən böyüyü odur ki, burda seçkilər demokratik keçir.

- İsveç azərbaycanlıların daha çox mühacirət etdiyi Avropa ölkələrindən biridir. İsveç cəmiyyətində karyera qurmağı bacaranlar son 15-20 ilin mühacirləri arasında birinci nəslin nümayəndələridir, yoxsa ikinci nəslin?

- Məncə, həm birinci, həm də ikinci nəslin nümayəndələri var. Amma ikinci nəsil üçün daha rahat ola bilər, çünki onlar İsveç dilini sərbəst bilir. İş tapmaq üçün İsveç dilini bilmək çox vacibdir. Son illər ingilis dili də populyarlaşıb.

- Bəzən Avropa ölkələrində gəlmələr üçün yaxşı münasibət olmadığını deyirlər. Bu baxımdan İsveçdə durum necədir?

- Avropa ölkələri arasında böyük fərq var. İsveçdə durum bu baxımdan yaxşıdır. Təbii, bundan da yaxşı ola bilər. Ayrı-seçkilik demokratik bir ölkəyə yaraşmaz.

- İsveçdə milli kimlik nə dərəcədə rol oynayır?

- Məncə, İsveçdə yaşayanlar üçün milli kimlik o qədər də vacib deyil. İsveçlilərin çoxu xaricdə yaşayır və ya nə vaxtsa yaşayıb. Milli kimlik sualları böyük partiyalar üçün heç də maraqlı deyil.

- Fərəc bəy, nə vaxtsa Azərbaycana qayıdıb, siyasi fəaliyyətinizi davam etdirməyi düşünürsünüz?

- Hazırda elə bir planım yoxdur. Amma Azərbaycanda olan vəziyyətlə yaxından maraqlanıram.

- Azərbaycanda bu ilin noyabrında bələdiyyə seçkiləridir. Bələdiyyə seçkisində namizədliyini vermək istəyənlərə nə tövsiyəniz var?

- Səmimi olmaq və insanlara qulaq asmaq çox vacibdir. Unutmayın ki, siz (siyasətçilər) insanların həyatına təsir göstərə bilərsiniz.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG