Keçid linkləri

2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 04:52

-

«The Economist» məcmuəsində bu sərlövhə altında dərc olunmuş məqalədə deyilir ki, rəzil müharibə yenidən alovlana bilər.

Məqalə Dağlıq Qarabağ zabitinin səngərdə söylədikləri ilə başlanır: «Bu yay əvvəlkilərdən gərgin olub».

QARABAĞ DAĞLARINDA UKRAYNA ƏKS-SƏDASI

«The Economist» yazır ki, bu yay iki keçmiş sovet respublikasının arasında yerləşən Qarabağ dağlarında «Ukraynanın əks-sədası» eşidilib.

Məqalədə qeyd olunur ki, bu yay təmas xətti boyunca komandos tipli reydlərin və snayper atəşlərinin sayı da artıb. Hərbi əməliyyatlar Azərbaycan və Ermənistanın bilavasitə sərhədlərinə sıçrayıb və daha çox mülki şəxslər hədəfə alınıb.

«Avqustun əvvəllərində Azərbaycan tərəfinin böyük sayda itkilər verməsi prezident İlham Əliyevin davakar ritorikasına səbəb olub. «Müharibə hələ qurtarmayıb. Onun yalnız birinci mərhələsi başa çatıb» - deyə o bəyan edib».

BU «MƏKTƏB»İN DİREKTORU PUTİN-DİR

Məqalədə daha sonra oxuyuruq: «Rusiya prezidenti Vladimir Putin nadinc şagirdlərini tənbeh edən məktəb direktoru kimi cənab Əliyevi və onun erməni həmkarı Serzh Sargsyan-ı avqustun əvvəllərində danışıqlar üçün Soçiyə dəvət edib. Lakin tərəflər nizamlamaya yaxınlaşmayıblar. Sentyabrın 2-də cənab Sargsyan Dağlıq Qarabağı müstəqilliyinin 23-cü ildönümü münasibətilə təbrik edib, deyib ki, respublikanın seçimi «artıq geriyədönməz reallıqdır».

Vaşinqtondakı Karneqi Beynəlxalq Sülh Fondundan Thomas de Waal da düşünür ki, tərəflərin bu dərəcə inadkarlaşmasına Ukrayna hadisələri «töhfə» verib. Onun fikrincə, beynəlxalq vasitəçilərə və təhlükəsizlik qarantiyalarına etimad çöküb.

İlham Əliyev, Vladimir Putin və Serzh Sargsyan Soçidə

İlham Əliyev, Vladimir Putin və Serzh Sargsyan Soçidə

İKİLİ STANDARTLAR

Təhlilçinin fikrincə, Azərbaycan rəsmiləri suverenlik və öz müqəddəratını təyinetmə prinsiplərinə şamil edilən ikili standartlardan narazıdırlar.

Onlar təəccüb edirlər ki, Qərb Rusiyanı Krımın ilhaqına görə cəzalandırsa da, Ermənistanın eyni davranışına biganə qalır. Necə olur ki, Ukraynanın güc hesabına öz ərazi bütövlüyünü bərpa etməsi normal sayılır, Azərbaycandan isə səbir tələb olunur?

ABŞ-ın Azərbaycandakı keçmiş səfiri Matthew Bryza-nın fikrincə, bütün bunlar Azərbaycanda Qərbə olan etimadın sarsılmasına gətirib çıxarır.

AZƏRBAYCANIN TORMOZU NİYƏ TUTMUR?

«The Economist» yazır ki, Azərbaycan özünü müdafiəsiz hiss edir. Rusiyanın Ermənistanda hərbi bazası, əsgərləri var və Moskva Yerevana təhlükəsizlik qarantiyası verir.

Sabine Freizer

Sabine Freizer

Məqalədə deyilir ki, Azərbaycanda məhz bu sayaq başa düşülən biganəlik Bakının insan haqları və fəalları üzərinə daha qətiyyətlə hücuma keçməsinə şərait yaradır.

Burada bir neçə insan haqları müdafiəçisi məhkum edilib, QHT-lərin bank hesabları dondurulur.

Atlantika Şurasından (Atlantic Council) Sabine Freizer bu qənaətdədir ki, bu mənada əvvəllər Azərbaycana tormoz kimi tətbiq edilən beynəlxalq təzyiq artıq işləmir.

MÜNAQİŞƏYƏ RUSİYA, İRAN VƏ TÜRKİYƏ CƏLB OLUNA BİLƏR

«The Economist» yazır ki, Azərbaycanın mövqeyində son vaxtlar yaranmış dəyişiklik iki çəkindirici faktorun zəifləməsi ilə bağlıdır: onun hərbi qüdrətsizliyi və diplomatik səylərin perspektivi.

Azərbaycan hazırda neft gəlirlərinin hesabına öz hərbi büdcəsini 3.4 milyard dollara çatdırıb. Ölkə Rusiyadan, İsraildən və Türkiyədən təkmil silahlar alır. Vəzifəyə daha təcrübəli müdafiə naziri gətirilib.

Azərbaycanda hərbi təlimlər

Azərbaycanda hərbi təlimlər

Yerevanda yerləşən Regional Tədqiqatlar Mərkəzinin başçısı Richard Giragosian deyir ki, müharibənin bərpa olunması riski az olsa da, təsadüf nəticəsində başlaya biləcək müharibə ehtimalı yüksəkdir. Onun fikrincə, ən təhlükəlisi isə budur ki, bərpa olunmuş münaqişəyə Rusiya, Türkiyə və İran cəlb oluna bilərlər.

CHEKHOV-UN TÜFƏNGİ

Məqalədə deyilir ki, sülh planının çərçivəsi çoxdan mövcuddur. O, Azərbaycanın Dağlıq Qarabağ ətrafındakı yeddi rayonunun qaytarılmasını, bunun əvəzində ermənilərə öz statuslarını müəyyən etmək hüququnun verilməsini nəzərdə tutur.

«The Economist» yazır ki, Dağlıq Qarabağ liderləri hətta bu halda da Azərbaycana ərazi qaytarılmasını realist addım hesab etmirlər.

Bu arada Dağlıq Qarabağın özündə də əhali arasında əndişə var. Dağlıq Qarabağ parlamentinin deputatı Zhanna Galstyan Anton Chekhov-un sözlərini xatırladır: «Səhnədə divardan tüfəng asılıbsa, o tamaşanın sonuna qədər mütləq atəş açacaq».

Günün bütün mövzuları

XS
SM
MD
LG