Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 11:28

Ukraynadan oğurlanmış pullar- Mətbuat icmalı


Yanukovichin sarayı
Yanukovichin sarayı

-

Gulnara Karimovanı “KQB yıxdı”. Ukraynaya kömək etmək istəyən Qərb Ukraynadan oğurlanan pulları qəbul etməyi dayandırmalıdır. Moskvalı nümayişçi deyir ki, təcavüzün 7 əlaməti var, onun 6 –sını Rusiya edib.

Dünya Mediası bu gün nədən yazır?

Gulnara Karimovanın sürətli enişi dünya mətbuatından düşmür. Foreign Policy məcmuəsi yazır ki, Gulnara Karimovanın şübhəli qismində cinayət işiunə cəlb olunması Özbəkistanda hakim ailə daxilində gedən 20 aylıq davanın kulminasiyasıdır.

Ölkə prezidenti 75 yaşlı İslam Karimovun, deyilənə görə, səhhəti pisdir.

Gulnara onun yerinə keçməyə ən real namizəd idi.

İndi bir çox ekspertlərin fikrincə, 2015-ci il seçkilərində vakuum yarana bilər.

Karimovanın belə sürətli enişinin səbəbi Özbəkistan Milli Təhlükəsizlik Xidmətinin rəhbəri Rustam İnoyatovun onun ayağının altını qazması oldu. 2013-cü ilin dekabrında Karimova Twitterdə yazırdı ki, məhz İnoyatov İslam Karimovu öz qızına qarşı qaldırdı. İnoyatov İslam Karimovu inandırdı ki, Gulnara Karimova hakimiyyəti zəbt etmək istəyir. 2008-ci ildə mətbuata sızan diplomatik teleqramlara görə, İnoyatov Özbəkistanda çox nüfuzlu şəxsdir. İslam Karimova yalnız İnoyatov vasitəsilə çıxmaq olar.

O hətta nazirləri prezidentə yaxın buraxmır, ki, onların yaxın münasibətləri yaranmasın.

Foreign Policy yazır ki, ola bilsin, ailə Gulnaranın əleyhinə bundan da əvvəl - keçən ilin sentyabrından yönəlib. O vaxt Gulnaranın kiçik bacısı Lola Karimova birdən-birə BBC-yə dedi ki, 12 ildir bacısı ilə küsülüdür.

Bütün bu ailə qalmaqalında İslam Karimovun rolu nədir? – bu, bilinmir. Ancaq hamı bilir ki, Özbəkistanda prezidentin razılığı olmasa, onun qızını heç kim istintaq hədəfi edə bilməz.

Ancaq hazırki vəziyyətdə İslam Karimovun yerinə kim növbəti prezident ola bilər? - bu, artıq müəmmadır. Ola bilsin, ailə daxilində dava hələ bitməyib.

TƏCAVÜZ NECƏ OLUR?

Guardian qəzeti yazır ki, Moskvada bir qrup şəxs Moskvanın Ukraynadakı əməllərinə etiraz aksiyası keçirib. Nümayişçilərdən biri Əfqanıstan müharibəsi veteranı Barabanovdur. O deyir ki, “sabah ukraynalıların gözünə necə baxacağıq? Müharibə qurtaranda onlar soruşacaqlar ki, bəs siz harda idiniz? Niyə dinmirdiniz? Onda günah hamımızın üstə düşəcək. Ona görə də biz bu meydana gəlmişik deyək ki, bu baş verənlərlə bizim əlaqəmiz yoxdur.” “Onlar Rusiya qoşunlarının itkilərini niyə gizlədirlər? Əfqanıstanla indiki vaxt arasında xeyli oxşarlıq var”.

Başqa nümayiş iştirakçısı Lashkevich Moskva ətrafında nəzəri fizika institutunun işçisidir. O deyir ki, “bu yaxılnlarda BMT-nin təcavüzə verdiyi tərifə rast gəldim. Orda deyilən 7 əlamətlərdən yalnız biri Rusiyanın hərəkətində yox idi. “

“Rusiya yalnız 3-cü tərəfə öz ərazisini təcavüz üçün verməyib. Yerdə qalanların hamısını edib. Bunlar ərazinin anneksiyasıdır, başqa dövlətin ərazisinə öz qoşunlarını yeritməkdir, qonşu ölkənin daxilində terrorşu qrupları dəstəkləməkdir və s.”

UKRAYNA PULLARI NECƏ QAYTARSIN?

Foreign Policy məcmuəsi yazır ki, Ukraynaya kömək etmək istəyirsiniz? Onda Ukraynadan oğurlanan pulları qəbul etməyin.

Ukraynanın yeni hakimiyyəti ölkəni təmizləmək istəyir. Ukrayna dünyanın ən korrupsiyalaşmış ölkələrindən biridir.

Ancaq yeni hakimiyyətin bu işdə şansı yoxdur, əgər Qərb bankları Ukraynadan oğurlanan pulları qəbul etməkdə davam edəcəksə.

Bunu Foreign Policy yazır ki, 2010-cu ildə Yanukovich hakimiyyətə gələn kimi dövlət pullarını Qərb banklarına ötürməkdə dünya lideri oldu.

Londonda keçirilən Vəsaitlərin Bərpası Konfransında çıxış edən prokuror Makhnitsky dedi ki, Yanukovich dövründə Ukrayna iqtisadiyyatı 100 milyard dollar itirib.

Yanukovichin oğlu vaxtilə uğursuz diş həkimi idi, atası prezident olandan sonra dünyanın ən varlı adamlarından birinə çevrildi.

Belə sistem dövləti o qədər zəiflətmişdi ki, hətta keçən il bu hakimiyyət özünü də qoruya bilmədi.

Vəkil Andrey Kutuzov deyir ki, Ukraynada indi bu sistemi saxlamaq ağılsızlıqdır.

Ancaq Foreign Policy soruşur ki, bəs pullar oğurlananda hara gedir? – Qərb banklarına.

Ukrayna Qərb banklarından Yanukovichin hakimiyyəti dövründə oğurlanan pullardan 30-40 milyardını qaytarmağa ümid edir. Britaniyada isə müqayisə üçün, dondurulan məbləğ 23 milyon dollardır. İsveçrədə - 193 milyon dollar. Avstriya və Lixtenşteyn dondurulna bank vəsaitlərinin miqdarını bildirmirlər.

Foreign Policy yazır ki, Britaniya hakimiyyəti bu işdə fəaliyyətsiz qalmaqla pul yuyanlara yaşıl işıq yandırır ki, pullarını Britaniyaya gətirsinlər. Qorxmasınlar.

Çünki bu pulları sonra heç kim onlardan geri ala bilməyəcək.

PUTİN SANKSİYALARI HİSS ETMƏLİDİR

Washington Post qəzeti yazır ki, Putinin Ukraynada uğur qazanmasına imkan vermək olmaz. Elə etmək lazımdır ki, o, sanksiyaların ağrısını hiss etsin.

Qəzet yazır ki, Putin də öz növbəsində Qərb alyansını parçalamağa çalışır və elə etmək istəyir ki, alyans tərpənə bilməsin.

Qəzetin fikrincə, Qərb sanksiyalarda fasilə verə bilər. Ancaq bir şərtlə ki, Rusiya Ukraynanın suverenliyinə təcavüzünü dayandıra.

Qəzet xəbərdarlıq edir ki, Qərbin birliyi dağılsa, onda Putinin təcavüzünün davam edəcəyi heç kim üçün gözləniməz olmasın.

XS
SM
MD
LG