Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 06:42

-

Astara şəhər əhalisi su adı gələndə «dad» eləyir. Şəhərdə içməli su qıtlığıdır. Bu şəhərə ilk dəfə içməli su 1965-ci ildə çəkilib. Şəhərdən 6-7 kilometr uzaqda, İranla sərhəd yaxınlığında olan Alaşa kəndinin ərazisində qazılmış 20 su quyusu tələbatı uzun müddət ödəyib. Şəhər əhalisinin artması ilə əlaqədar ötən əsrin 80-ci illərinin sonlarında yeni su xətti də çəkilib. Su quyularının sayını da artırıblar. Köhnə su xətti əvvəlki gücü ilə işləyib. Lakin 90-cı illərin ortalarından su xətləri yarasız hala düşüb. Şəhərdəki su qülləsini dağıdıblar, yeri satılıb. Həmin ildən etibarən əhaliyə hər dəfə vəd verirlər ki, içməli su olacaq. Hətta içməli su təchizatı ilə bağlı Regionların Sosial-İqtisadi İnkişafına dair Proqramda da çoxlu qeydlər var. Buna baxmayaraq içməli su hələ
də qıtdır.

XİLAS QUYULARDADIR...AMMA

Əhali çıxış yolu olaraq həyətlərində su quyuları qazıblar. Çoxmərtəbəli binaların ətrafında da su quyuları gözə dəyir.

Astara şəhər sakini Akif Məmmədov deyir ki, həyətlərində olan su quyusu sovet dövründən qalıb:

«Dədə-babalarımız bu sudan istifadə ediblər. İndi də istifadə edirlər. Bizə deyirlər ki, bu texniki sudur. Bu sudan istifadə etmək olmaz. Başqa su mənbəyi yoxdur, gedib ondan istifadə edək».

Astara şəhərinin digər sakini Elçin İbrahimli də içməli su probleminin olduğunu bildirir:

«QUYU SULARI İLƏ KANALİZASİYA SULARI QARIŞIR»

«Astara rayonunda həmişə içməli su problemi olub. Vaxtı ilə bura su xətti çəkiblər. İndi o işləmir, sıfır vəziyyətindədir. Astara ancaq quyulardan çıxan su ilə təmin olunur. Onlar da içilməli deyil. Hər həyətdən yaxşı şirin su çıxmır. Çıxanda da içməli olmur. Ona görə ki, aidiyyatı orqanlar bu işlə məşğul olmurlar. Quyu suları ilə kanalizasiya suları qarışır».

Astara şəhər sakini Zabir Ağazadə isə qeyd edir ki, köhnə xətlə gələn su içməlidir. Lakin bu sudan da hər kəs istifadə edə bilmir. Bu xətt bir neçə yerdən partlayıb. Su kanallara axır. Zabir Ağazadə kanallara axan suyu göstərərək deyir ki, bu, təmiz sudur:

«Bu suyun təmizliyini özünüz də görürsünüz. Bu cür təmiz, gözəl sudan istifadə edə bilmirik. Düzəlsə, istifadə etsək daha yaxşı olardı».

SU NASOSLARININ YERLƏŞDİYİ QAPÇIMƏHƏLLƏ KƏNDİNDƏ

Su nasosların yerləşdiyi Qapçıməhəllə kəndində də olduq. Nasoslar işləmirdi. Sonra öyrəndik ki, nasoslar xarabdır. Ətrafı kol basıb. Hiss olunur ki, burda heç bir iş görülmür. Astara Su və Kanalizasiya İdarəsinin sabiq sahə rəisi Asən Həşimli deyir ki, heç olmasa köhnə su xətti bərpa edilməlidir:

«ANBARLAR TƏMİZLƏNMƏLİ, YENİ NASOS STANSİYASI QURULMALIDIR»

«Köhnə xətti bərpa etmək əsaslı vəsait istəyir. Su quyusunun olduğu ərazidə yenidən bu xətt qazılmalıdır. Su verə bilməyən quyuları ləğv edib, yenisi qazılmalıdır. Suyun həcmi artırılmalıdır. Ondan sonra 400-500 metrlik məsafə yenidən bərpa olunmalıdır. Anbarlar təmizlənməlidir. Yeni nasos stansiyası qurulmalıdır. Bu acınacaqlı vəziyyətdə əhalini su ilə təmin etmək qeyri mümkündür».

Mütəxəssisin dediyinə görə, şəhərə axan suyun tərkibi günün tələblərinə cavab verir. O eyni zamanda bu su ilə 20 min əhalisi olan Astara şəhərinin təmin edilməsini mümkün sayır:

«Nasos stansiyasına daxil olan suyu, hətta ona xlor vurmadan dəfələrlə Bakıya aparmışam. Həm kimyəvi, həm də bakterioloji analizlə çox müsbət nəticələr çıxıb. O qədər gözəl və təmiz sudur. Tərkibində mineralları qoruyub saxlayır. Üstəlik suyun tərkibində insan orqanizminə zərər verəcək heç bir şey yoxdur. Bakının özündə, laboratoriyada mənə deyirdilər ki, belə su sizdə haradandır? Nə qədər belə su var ki, əhalini bu su ilə təmin edirsiniz. Köhnə quyuların iş fəaliyyətini bərpa etmək mümkün olsa, əlavə quyular qazılsa Astara şəhərini, hətta ətraf kəndləri də su ilə təmin etmək olar».

Astara Su və Kanalizasiya İdarəsinin rəisi Ağmoğlan Hüseynov da etiraf edir ki, su nasosları işləmir. Su öz axarı ilə Astara şəhərinə gəlir:

«ŞƏHƏRİN 10-15 FAİZİNƏ SU VERİRİK»

«Alaşa kəndində su mənbəyimiz var. Yerin altından gələn sudur. Ordan axır şəhərə. Gələcəkdə təzə xətt çəkiləcək, su Xanbulandan gələcək. Şəhərin 10-15 faizinə su veririk. Qışda su bol olur».

O deyir ki, həmin suyu dəflərlə analizdən keçirib, içməyə yararlı hesab olunur.

YENİ SU XƏTTİNİN VƏ ANBARIN İNŞASI NƏZƏRDƏ TUTULUR...

Astara rayon icra aparatının şöbə müdiri Rəhmətulla Rufullayevin sözlərinə görə, şəhərə içməli suyun çəkilməsi artıq layihələşdirilib. Xanbulandan 28,4 kilometr su kəmərinin çəkilməsi, 2 ədəd 10 min kubmetr su anbarın inşası nəzərdə tutulub.

Astaraya içməli su xəttinin çəkilməsi bu ilin yanvarında başlanmalı idi. Rəhmətulla Rufullayevin sözlərinə görə, su xəttin çəkilməsi yaxın aylarda başlanacaq.

XS
SM
MD
LG