Keçid linkləri

2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 12:18

Zəfər Quliyev: «Qərb… pərdəarxası bir çox məsələlərə dözümlü yanaşacaq»


Zəfər Quliyev

Zəfər Quliyev

-

Avropa Birliyinin komissarı Štefan Füle-nin Bakıda dialoq çağırışları, vətəndaş cəmiyyətinin müdafiəsi ilə bağlı, xüsusən də qurumun qeyri-hökumət təşkilatlarına 3 milyon avro ayırması haqda bəyanatlar necə qarşılandı? Bu, siyasi-ictimai proseslərə hansısa şəkildə təsir edə, siyasi basqıların zəifləməsinə səbəb ola bilərmi? Bu suallara ekspert Zəfər Quliyevin cavabını təqdim edirik:

- Doğrusu, bu cür çağırışlardan ciddi dəyişiklik gözləmirəm. Bu tipli çağırışlar son zaman baş verənlər gözlənilən, necə deyərlər növbətçi reaksiyadır. Aydındır ki, həmin beynəlxalq təşkilatlar Azərbaycanda neqativ proseslərə bu cür reaksiya verməlidirlər. Bu, onların borcudur. Amma şəxsən mən əvvəlki illərin təcrübəsinə söykənərək hesab edirəm ki, daxili-siyasi proseslərə bu cür bəyanatların təsiri olmayacaq. İndiki dövrdə dünyada, postsovet regionunda, bizim Cənubi Qafqazda cərəyan edənlərə baxanda görürsən ki, «stavkalar», risklər çox artıb, Qərb-Rusiya qarşıdurması gündəmdə əsas məsələyə çevrilib. Belə bir vəziyyətdə Azərbaycanın geosiyasi əhəmiyyətini nəzərə alaraq aparıcı Qərb ölkələri və beynəlxalq təşkilatlar üzdə bir cür bəyanatlar versələr də, pərdəarxası Azərbaycanı özlərindən uzaqlaşdırmamaq məqsədilə, onun Qərbyönlü kursa sadiq qalması üçün bir çox məsələlərə dözümlü yanaşacaqlar. Geosiyasi, praqmatik maraqlar həmişəki kimi üstünlük təşkil edəcək. Ona görə biz üzdə kəskin bəyanatlar, çağırışlar görsək də, ciddi dəyişiklik görməyəcəyik.

- Sizcə, proses hara yönəlib?

- Postsovet ölkələrinin çoxunda, ilk növbədə də aparıcı ölkə olan Rusiyada bu tendensiyalar Azərbaycandan əvvəl başladı. Rusiyada dövlətin total nəzarətinə keçdi hər şey, həm qeyri-hökumət təşkilatları, həm müxalifət, həm mətbuat... Bu tipli neqativ tendensiyalara təkan verən Moskva olub. Bir çox postsovet ölkələri də bir-birinin təcrübəsindən yararlanırlar. Son illər dünyanın, Avropanın özündə də demokratiya sahəsində geriləmələr mövcuddur, böhranlı vəziyyət yaranıb. Azərbaycan hakimiyyəti də belə vəziyyətdən yararlanır. Bu politoloji aksiomdur - hər bir hakimiyyət ümumi müqavimət olmayanda, total şəkildə özünü gücləndirməyə, mütləq hakimiyyətə çevrilməyə çalışır. Ona görə də xaricdən də, daxildən də ciddi müqavimət olmasa, bu tendensiyalar davam edəcək. Nə vaxta qədər? Demək çətindir.

- Növbəti il parlament seçkiləri keçirilməlidir. Gözləmək olarmı ilin ortasında proseslər bir qədər səngisin?

- Hər halda, parlament seçkiləri həmişə daxildə canlanmaya səbəb olur. Bizim hakim dairələr də seçki ərəfəsində təzyiqləri azaldırlar, Azərbaycanın beynəlxalq öhdəliklərə sadiq olması görüntüsünü yaradırlar. Eyni zamanda cəmiyyətdə fəallıq artır. Təzyiqlərin azalması mümkündür, ancaq kardinal dəyişiklik üçün təşəbbüs hakimiyyətdən gəlməlidir. Cəmiyyətin hakimiyyətə müqavimət potensialı çox zəifləyib. Bu reallıqdır.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG