Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 08:59

-

İngilisdilli ölkələrin ən nüfuzlu mükafatı olan “Man Booker”in qısa siyahısı elan edildi.

80 min dollarlıq mükafatın 6 nəfərlik qısa siyahısında ilk dəfə olaraq 2 Amerika yazıçısı da yer alıb:

Qısa siyahıdakı yazıçılar və onların romanları:

Joshua Ferris (ABŞ) “To Rise Again at a Decent Hour”

Roman diş həkimi Paul O'Rourke-un öz kimliyini itirməsi haqdadır. Onun həyatı ziddiyyətlərlə doludur, həyatı sevir, amma necə yaşamağı bilmir, yeni texnologiyalara şübhəylə baxır, amma iPhone aludəçisidir, həkimdi, amma siqaret çəkir, ateistdir, amma allah ideyasından tam imtina edə bilmir…

Günlərin bir gün kimsə Facebook və Twitter-də onun adı ilə hesablar yaradır. Həkim şəxsi həyatına bu təcavüzdən həm qəzəblənir, həm də özüylə bağlı şübhələri, tərəddüdləri daha da dərinləşir. O özü, öz keçmişi, qeyri-müəyyən gələcəyi haqda daha çox düşünməyə başlayır. On-line “Paul”un real həyatdakından daha yaxşı adam ola biləcəyi fikrini özünə dərd edir. Roman həm ədəbiyyatın əbədi sualı olan “Həyatın mənası nədir” haqdadır, həm də müasir həyatın absurdluqları barədə.

Richard Flanagan (Avstraliya) “The Narrow Road to the Deep North”

Doktor Dorrigo Evans müharibə zamanı öz əmisinin arvadı ilə eşq yaşayır.

Karen Joy Fowler

Karen Joy Fowler

Savaş bitəndən sonra o, bir müharibə qəhrəmanı kimi tanınır, amma heç kəs onun şəxsiyyətinin bu gizli tərəfindən xəbərdar olmur. Tabu sevgi onu ömrü boyu təqib edir, o özünü günahkar sayır.

Karen Joy Fowler (ABŞ) “We Are All Completely Beside Ourselves”

Əsər Cooke ailəsinin aqibəti haqdadır. Ailənin hekayətini danışan Rosemary Cooke uşaqlıqda deyib-gülən, şən bir qız olub.

Amma gənc yaşlarında qaradinməz birisinə çevrilib.

Az danışmağı, susmağı üstün tutur.

Nə baş verib ki, onun həyatı alt-üst olub?

Bir zamanlar ona çox əziz olan qardaşı niyə indi axtarışdadır, onu Federal Təhqiqat Bürosu axtarır.

Atası niyə daim fikirlidir, anası da əvvəlki qadın deyil…

Howard Jacobson

Howard Jacobson

Howard Jacobson (Britaniya) “J”

Artıq bir dəfə “Man Booker” mükafatını qazanmış Jacobsonun bu romanında hadisələr gələcəkdə baş verir. Həmin gələcək zamanda heç kəs keçmiş haqqında danışmır. Danışmağa qorxur. İki gənc bir-birini sevir. Kevern və Ailinn. Amma onlar da öz keçmişləri haqda heç nə bilmirlər. Onu da bilmirlər ki, bir-birilərini doğrudan da sevirlər, yoxsa kimsə onları buna məcbur edib. Ailinn-in gözünün altı göyərib, amma Kevern soruşmur ki, bu necə baş verib? Zorakılıq tüğyan edir, adiləşib.

Bu nə sirdir? Niyə keçmişdən danışmaq olmaz?..

Neel Mukherjee (Britaniya) “The Lives of Others”

Hind əsilli yazıçının bu romanında hadisələr 1967-ci ildə Kəlküttədə baş verir. Post-müstəmləkə Hindistanında Ghosh ailəsinin biznesi çökməkdədir, üstəlik də ailə başçısının nəvəsi Supratik evdən qaçıb radikal solçulara qoşulur və kasıbları torpaq sahiblərinə qarşı qaldırmağa çalışır… Ailə başçıları - “patriarx” və “matriarx” hələ də hər şeyin onların nəzarətində olduğunu düşünürlər, amma həyatın axarı dəyişməkdədir. Bu roman əslində yalnız bir ailə haqda yox, həm də bütövlükdə hind cəmiyyətindəki radikal dəyişikliklər, nəsillər arasında uçurumun dərinləşməsi haqdadır.

Ali Smith

Ali Smith

Ali Smith (Britaniya) “How to be Both”

Kitabda təhkiyə iki nəfərin dilindədir. Biri orta əsr italyan rəssamı Francescho və müasir Britaniyada yaşayan gənc qızın dilindən. Onları nə birləşdirir? Niyə romanın adı “İkisindən də olmaq”dır? Bunu əsəri oxuyanda biləcəksiniz.

Bu il ilk dəfədir ki, Amerika yazıçılarına da “Man Booker”ə qatılmaq imkanı yaradılıb.

Qalibin adı oktyabrın 14-də açıqlanacaq.

Günün bütün mövzuları

XS
SM
MD
LG