Keçid linkləri

logo-print
2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 18:40

Beyləqanın Əhmədli kəndindəki «İstisu»ya soyuq münasibət...


-

Beyləqan rayonunun Əhmədli kəndində bir bulaq var - orada ilin bütün fəsillərində yerin tərkindən qaynar su çağlayır. Su ətraf əraziyə axdıqca istiliyi azalır. Təxminən 40 dərəcə və daha çox istidə adamlar daşlardan hovuz düzəldiblər. Şəfa tapmaq üçün bir müddət bədənlərini isti suda saxlayırlar.

Yerli əhali deyir ki, əvvəllər bura qonşu kəndlərdə yaşayanlar maraq göstərirdi. Son vaxtlar digər rayonlardan, hətta Bakıdan da bu ucqar yaşayış məntəqəsinə insan axını var. Amma gələnlərin əksəriyyəti suyun tərkibi, onun müalicəvi əhəmiyyəti barədə səhih məlumata malik olmur. Bulaq başında isə adi bir məlumat lövhəsi də yoxdur.

ƏHMƏDLİ - TİPİK AZƏRBAYCAN KƏNDİ

Hacıqabul-Horadiz avtomobil yolundan Əhmədli kəndinə burulan kimi gözə miskin həyat lövhələri görünür: keçmiş Kimya Birliyinin uçub-dağılmaqda olan anbarları, beton talvarının qalıqları, paslı çənlər, bir də köçkün sığınacağı. İsti su çıxan yerə getmək üçün gərək qamış çəpərlər, peyin yığını, ot tayaları arasından uzanan tozlu kənd yolunu keçəsən. Bakı-Horadiz dəmir yoluna dirənəndə yaşayış evləri qurtarır, burdan belə tarla arası yol başlayır. Qışda palçıq dizə çıxır, yayda toz ağıza dolur...

«BURA GƏLƏNDƏN BƏRİ NARAHATLIQLARIMIZ ARADAN QALXIB»

Davud Novruzov

Davud Novruzov

Biz bulaq başına çatanda orada bir qrup gənc vardı. Deyəsən onlar təbiət hadisəsini sadəcə öz gözləri ilə görmək marağı ilə gəlmişdilər. Başqa bir maşında olanlar isə artıq getməyə hazırlaşırdı. İmişli rayonunun Xəlfəli kəndindən olan Davud Novruzov təəssüratlarını bizimlə bölüşdü:

«On beş gündür ki, gəlib-gedirik. Bizim bölgə üçün çox əhəmiyyətli yerdir. İsti vanna qəbul etmək bel, diz ağrılarını, dəriüstü qaşınmaları götürür. Mənim ayağımda narahatlıq vardı, bura gələndən bəri yaxşılaşıb».

Onun yol yoldaşı Gülnamə Əzimova da suyun müalicəvi əhəmiyyətinin olduğunu düşünür:

«Əlimdə, qollarımda səpki, şiş olurdu, həzmdə çətinlik çəkirdim. Ardıcıl olaraq beş gün gəldim və çox fayda gördüm».

«DÖVLƏT BU OBYEKTLƏ CIDDI MARAQLANMALIDIR»

Tahir Abayev

Tahir Abayev

​İmişlinin Çaxırlı kəndində yaşayan Tahir Abayev suyun bəzi dəri xəstəlikləri üçün müalicəvi əhəmiyyəti olduğuna inansa da, isti vanna qəbul etmək üçün həkim göstərişinin vacib olduğunu önə çəkir:

«Bura hər cür xəstəlikdən əziyyət çəkənlər gəlir. Bəlkə də bəzilərinə belə qaynar suda olmaq zərərlidir. Həkimlər deyir ki, daxili orqanlara faydası yoxdur. Bu su öyrənilməli və ondan istifadə izah olunmalıdır. Adamlar həkim tövsiyəsi ilə vanna qəbul etməlidir. Kortəbii şəkildə hamının suya girməyi düz deyil. Əgər doğrudan da buradakı su müalicəvi əhəmiyyətə malikdirsə, dövlət səviyyəsində sanatoriya müəssisəsi yaradılmalı, insanlara mədəni xidmət göstərilməlidir».

Tahir kişi «İstisu»ya Bakıdan gələn qonağını da gətirmişdi. Onun bacısı oğlu Tahir Əsədov qaynar olduğundan suya yalnız əl və ayaqlarını toxundura bilirdi.

NEFT AXTARIBLAR, ƏVƏZİNDƏ QAYNAR SU ÇIXIB

Ələsgər Qasımov

Ələsgər Qasımov

Əhmədli kəndinin sakini Ələskər Qasımovun heyvandarlıq təsərrüfatı «İstisu»ya gedən yolun kənarındadır. O, bu səbəbdən müxtəlif yerlərdən gələn insanlarla tez-tez ünsiyyətdə olduğunu deyir. Onun sözlərinə görə bulağın gözü quruda neft hasil etmək üçün kəşfiyyat işləri aparılarkən açılıb:

«1968-ci ildə buruq qazma işlərinə başlanılmışdı. Güman olunurdu ki, yerin tərkində neft var, axın İrana sarı gedir. Bir il davam edən qazıntı zamanı neft tapılmadı, əvəzində qaynar su çıxdı».

O, bu bulağa ilahi möcüzəsi kimi baxır:

«Beyləqan rayonunun istənilən ərazisində 100 metrədək dərinlikdən içməli su çıxır. Yeganə bu kənddir ki, şirin su mənbəyi yoxdur. Amma əvəzində bu ərazidə olmayan bir bulaq var. Qışda da, yayda da suyu eyni tempuraturda olur, ötən illərdə miqdarı dəyişməyib».

Ələskər Qasımov sudan bəzi insanların şəfa tapdığını deyir:

«İmişlinin Sarıxanlı kəndindən bir adamla söhbətim olub. Deyirdi ki, ayaqları tutulduğundan xərəkdə gətiriblərmiş onu. 3-4 gün vanna qəbul edəndən sonra hərəkət qabiliyyəti bərpa olub. İndi tez-tez bura ziyarətə gəlir».

KƏNDİN KÖRPÜSÜ UÇUR

Əhmədlidəki «İstisu»ya gedənlər başqa bir «sürpriz»lə də üzləşə bilər. Təsərrüfat kanalı üzərində salınmış, avtomobillərin hərəkəti üçün nəzərdə tutulan körpü qəzalı vəziyyətə düşüb. Kənd sakini Arif Məhərrəmov deyir ki, buradan keçənlər bədbəxt hadisə ilə üzləşə bilər:

«45 il əvvəl salınmış körpüdür, istismar müddəti çoxdan bitib. Hələlik bir hissəsi dağılıb. Amma baxırıq ki, bir ucdan uça-uça gedir, körpü istənilən vaxt tam çökə bilər. Yerli icra və bələdiyyə orqanlarına müraciət etmişik, tədbir görən yoxdur».

YAXIN VAXTLARDA ƏRAZİDƏ SANATORİYA AÇILACAQ

Milli qanunvericiliyə əsasən təbii müalicəvi xüsusiyyətlərə malik olan su obyektləri müvafiq icra hakimiyyəti orqanının qərarı ilə «müalicə obyektləri» kateqoriyasına aid edilir və ondan müalicə-kurort məqsədləri üçün istifadə edilir.

Beyləqan Rayon İcra Hakimiyyətinin şöbə müdiri Məhəmməd Qələndərov bildirir ki, suyun tərkibi öyrənilib. Onun müalicəvi əhəmiyyətə malik olmağı təsdiqlənib, ərazidə sanatoriya müəssisəsinin yaradılması planlaşdırılıb: «Torpaq sahəsi artıq satılıb. Bütün müvafiq sənədlər hazır olandan sonra sahibkar orada işə başlayacaq».

Müalicə-istirahət obyektinin yaradılması turizm potensialı kasad olan Beyləqan rayonu üçün göydəndüşmə, daha doğrusu, yerdənçıxma qiymətli tapıntı hesab oluna bilər. Sakinlər ümid edir ki, bunun hesabına yol, körpü, içməli su, təbii qaz, rabitə və digər problemləri də öz həllini tapa bilər. Təbii xalqın marağı nəzərə alınarsa...

XS
SM
MD
LG