Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 04:32

-

Sentyabrın 9-da Azərbaycan mediası nədən yazır? AzadlıqRadiosu qəzetlərdə və internet resurslarında dərc olunan ən maraqlı yazıarın qısa xülasəsini təqdim edir

«BUNDAN SONRA TOYLARA KEÇMƏK LAZIMDIR»

Yeni Azərbaycan Partiyası icra katibinin müavini, deputat Siyavuş Novruzov «Media forum» saytının suallarını cavablandırıb.

– Bakıda hüzr verən adama məclisin bir iştirakçısı üçün 8 manatdan 48 manata qədər qiymət təklif edirlər. Hüzr mərasimində 500 nəfər iştirak edəcəksə, yiyəsi 20 min manata qədər xərc çəkməlidir. Bu pulu mərhumun sağlığında xərcləsəydi, bəlkə də onun ömrünü 10 il uzadardı və ya yaşayış şəraitini yaxşılaşdırardı. İnsanlar məcburiyyət qarşısında bir-birindən geri qalmır. Nəticədə onların acınacaqlı vəziyyəti hesabına müftəxorlar varlanır. Adamlar var kredit götürüb hüzr mərasimi keçirir, illərlə banklara, ayrı-ayrı insanlara borclu qalır. Bütün bunların qarşısı alınmalı idi. Hələ bir qədər gecikdirilib. Bundan sonra toylara keçmək lazımdır. Belə ifrat dərəcədə toy da ola bilməz. Toy mərasimləri də ailə xoşbəxtliyinə deyil, restoran müdirlərinə işləyir.

- Sizcə, toyları necə tənzimləmək olar?

- Dünya təcrübəsi var. Toy və yas mərasimləri ilə bağlı Tacikistan prezidentinin sərəncamı var. Məclisə nə qədər adam çağırıla, ən yüksək məbləğ neçə manat təşkil edə bilər və digər məqamlar müəyyənləşdirilib. Mən Böyük Britaniyada, Şotlandiyada mərasimlərdə iştirak etmişəm. Evlənənlərə hədiyyə almaq üçün xüsusi mağazalar var. Burada 20 funt-sterlinqdən 3 min funt-sterlinqə qədər dəyərdə hədiyyələr qoyulub, qonaq cibinə uyğun hədiyyə seçir, qəbzi evlənənlərə təqdim edirlər. İkincisi, kim nə yeyəcəksə, onu sifariş edir, daha bizdəki kimi 30 cür salat, 50 cür isti-soyuq yemək verilmir. Bu yeməklərin çoxuna heç toxunulmur, restoranı işlədənlər onu süfrədən yığıb növbəti gün başqa bir toy yiyəsinə satırlar. Belə hallarda isə bəzən zəhərlənmə baş verir. Bizdə də misal çəkdiyim qaydada mərasim təşkil edilməli, kim nə yemək istəyirsə, sifariş verməli, ona uyğun hədiyyəsi ilə birlikdə ödəniş etməlidir.

100 MƏKTƏBLİDƏN 75-NƏ UNİFORMA UYĞUN GƏLMİR

«Bizim Yol»: «Dərs ilinin başlanmasına bir həftə qalır. Məktəbli formalarının alınması intensivləşib. «AMAY» Ticarət Mərkəzindəki Bakı Tikiş Evinin (BTE) mağazasına getdik. Adam əlindən tərpənmək olmur, ağız deyəni qulaq eşitmirdi. Sanki Bakıda heç məktəbli forması satılan başqa mağaza yoxdur. «AMAY» Ticarət Mərkəzi bomboşdur, amma belə bir məsuliyyəti üzərinə götürən BTE kiçik bir mağazanı icarəyə götürüb». Müxbir özəlliklə məktəbli köynəyinin şagirdlərin ölçüsünə uyğun gəlmədiyini, zövqsüz və keyfiyyətsiz tikildiyini, valideynlərin köynək üçün digər mağazalara üz tutduğunu yazır.

TƏCRİDXANADA LEYLA YUNUSA HÜCUM

Vəkil Fariz Namazlı sentyabrın 8-də Bakı Istintaq Təcridxanasında hüquq müdafiəçisi Leyla Yunusla görüşüb. Vəkil «Azadlıq» qəzetinə açıqlamasında bildirib ki, Leyla Yunusla eyni kamerada saxlanılan, əvvəllər dəfələrlə məhkum olunmuş Nuriyyə Hüseynova şənbə günü heç bir əsas olmadan hüquq müdafiəçisinə hücum edib, ona hədə-qorxu gəlib, nalayiq sözlərlə təhqir edib, əlinə keçən əşyaları ona atıb. Leyla Yunus kameranın qapısını döyərək köməyə adam çağırıb, 5 dəqiqə sonra kameranın qapısı açılıb, nə baş verdiyi soruşulub. Leyla Yunus hücuma məruz qaldığını bildirib, rəhbərliklə görüşməyi tələb edib, lakin təcridxana əməkdaşları ona məhəl qoymayıblar. 15 dəqiqə sonra yenidən nəzarətçilər kameranın qapısını açıb və Leyla Yunusa bazar ertəsi rəhbərliyin onu qəbul edəcəyini bildiriblər. Bu müddət ərzində də Nuriyyə Hüseynova ona qarşı təzyiqlərini davam etdirib. Kameranın qapısı açılanda Nuriyyə Hüseynova sakit dayanır, qapı bağlanan kimi öz hərəkətlərini davam etdirir.

Leyla Yunus

Leyla Yunus

Ertəsi gün Leyla Yunusa bildiriblər ki, o, kameranın qapısını əsassız yerə döydüyünə, içəridə səs-küy saldığına görə töhmət verilir. Hüquq müdafiəçisindən qərara imza atmağı tələb ediblər. Leyla Yunus ona töhmət verilməsinə etirazını bildirib. Özünün hücuma məruz qaldığını və buna görə kameranın qapısını döyərək köməyə adam çağırdığını bildirib və qərara imza atmaqdan imtina edib.

MÜXALİFƏT «ZAKRIT, VSE UŞLİ V FACEBOOK...»

«Yeni Müsavat»: «İndi mitinqlər də, inqilablar da sosial şəbəkə olan facebooka transformasiya olunub. Halbuki fəalların virtualda təşkilatlanıb etirazları reallığa çevirməsi gözlənilirdi. Ancaq Azərbaycanda...partiyaların fəalları, gənclər təşkilatlarının üzvləri ədalətsizliyə facebookda etiraz edir, elə virtualda qətnamə oxuyur, bəyanat yayırlar. Odur ki, hazırkı mənzərə «Raykom zakrıt, vse uşli na front» şüarını yada salır. İndi onu bu cür ifadə etmək olar: «Oppozisiya zakrıt, vse uşli v Facebook ...».

«Atlas» Araşdırmalar Mərkəzinin rəhbəri, siyasi analitik Elxan Şahinoğlunun fikrincə, virtual aləmdə mütəmadi olmaq insanı tənbəlləşdirir. Onun sözlərinə görə, müxalif fəalların əksəriyyətinin günü kompüter arxasında status, rəy yazmaqla keçir. Siyasi şərhçi sosial şəbəkədə vəziyyətdən çıxış üçün ciddi müzakirələrin də getmədiyini müşahidə edir. E.Şahinoğlu Müsavatın qurultayına hazırlıq və namizədlərin rayonlarda keçirdiyi görüşləri istisna etməklə, müxalifət düşərgəsində bir canlanma hiss olunmadığı qənaətindədir: «Sosial şəbəkə ünsiyyət və fikrini ifadə etmək üçün gözəl imkandır. Ancaq mənfi tərəfi var - insanı tənbəlləşdirməsidir. Təbii ki, mən də vaxtımı kompüter arxasında keçirirəm. Lakin siyasi ekspert kimi bu, mənim işimdir. Siyasətçi isə fəaliyyətini facebookla məhdudlaşdıra bilməz. Biz isə görürük ki, çoxları ancaq status yazmaqla məşğuldur. Bu mənada bir passivlik var» deyə, politoloq mənzərəni şərh edir.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG