Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 21:00

«Üç nöqtə»: «Bibiheybət qəbiristanlığı köçürülür»


«Mərkəz» qəzetindəki «İşıq pulunu icra başçıları mənimsəyir» başlıqlı məqalədə bildirilir ki, «Azərenerji» Açıq Səhmdar Cəmiyyəti respublikanın 18 rayonuna elektrik enerjisinin verilməsində məhdudiyyətlər tətbiq etməyə başlayıb. Cəmiyyətin Enerji Təhcizatı İdarəsinin rəis əvəzi Hidayət Yarıyev mətbuata açıqlamasında bildirib ki, avqust ayında istehlakçılar tərəfindən aparılan ödəmələrin yekun nəticələri qənaətbəxş olmayıb. Sentyabrın sonuna qədər yığım səviyyəsi tələb olunan həddə çatmayacağı təqdirdə, elektrik enerjisinin verilməsi məhdudlaşdırılacaq. Buna görə «Azərenerji» bir sıra rayonların icra hakimiyyəti başçılarına məktub göndərib. Amma H.Yarıyev enerji kəsiminin kütləvi şəkil almayacağını deyir. Cəmiyyət səlahiyyətlisinin sözlərinə görə, icra başçılarına məktub göndərmələrinin səbəbi onlardan rayonda yığımı artırmaq üçün təşviqat kampaniyaları keçirməyi xahiş etməkdir.


«Bakı-Xəbər» qəzetində bildirilir ki, Vaşinqton hələ də ötən ilin noyabrından sonra hakimiyyət strukturlarında özünə yer almış Rusiyameylli qüvvələrin tam neytrallaşdırılmasına nail olmayıb. Rusiyanın «Press Sentr» mətbu orqanının bildirdiyinə görə, ABŞ administrasiyasının son dövrlər bu istiqamətdə fəaliyyətində fəallıq hiss olunmaqdadır. Özü də, bu dəfə ABŞ təkcə Azərbaycanda yox, həmçinin, Cənubi Qafqazda Rusiyanın əsas forpostu sayılan Ermənistanda da qərbmeylli məmurların sayının çoxalmasına cəhd göstərir. Rusiyalı analitiklər belə hesab edirlər ki, ABŞ tezliklə Azərbaycanda konstruktiv müxalifətin də yenidən fəaliyyətinin gücləndirilməsinə yardım edəcək. Bundan başqa, rəsmi Bakıya da müəyyən təzyiqlərin göstəriləcəyi vurğulanır. Həmin təzyiqlər nəticəsində iqtidarda daha çox qərbmeylli məmurların təmsil olunmasına şərait yaradılması, Rusiyanın mövqeyini dəstəkləyənlərin isə uzaqlaşdırılmasına nail olunması nəzərdə tutulur.


«Ayna» qəzetinin əməkdaşı yazır ki, dünən Azərbaycanın xarici siyasət sahəsi ilə bağlı indiyədək bənzəri olmayan bir hadisə baş verib. Söhbət BMT Baş Assambleyasının 61-ci sessiyasında Azərbaycanın adından çıxış etmiş diplomatın adının ictimaiyyət üçün gizli saxlanılmasından gedir. Belə ki, Ermənistanın Xarici İşlər naziri Vartan Oskanyanın sessiyada çıxışı zamanı Azərbaycanın ünvanına sərt ittihamlar səsləndirdiyi barədə məlumat yayılmışdı. Ondan sonra tribunaya qalxmış Azərbaycanın Xarici İşlər naziri Elmar Məmmədyarov isə nədənsə, V.Oskanyanın ittihamlarına cavab verməmişdi. Dünən «AzərTAC» Dövlət Teleqraf Agentliyinin saytında Azərbaycan tərəfinin V.Oskanyanın ittihamlarına cavab verdiyi barədə məlumat yerləşdirilib. Amma çıxış edən diplomatın kimliyi açıqlanmayıb. Müəllifin yazdığına görə, Azərbaycanın Xarici İşlər Nazirliyi də həmin diplomatın kimliyindən xəbərsizdir. Nazirliyin Mətbuat və İnformasiya Siyasəti İdarəsinin rəisi Tahir Tağızadə əməkdaşımızla söhbətində bu çıxışın kim tərəfindən edilməsi barədə hər hansı məlumata malik olmadığını bildirib.


«Üç nöqtə» qəzetindəki «Bibiheybət qəbiristanlığı köçürülür» başlıqlı məqalədə bildirilir ki, Bakı-Salyan magistral yolunun genişləndirilməsi istiqamətində aparılan işlər Bibiheybət qəbiristanlığının köçürülməsi ilə davam edir. Bir ay müddətində məzarlığın yaxınlıqdakı digər əraziyə köçürülməsi tam yekunlaşdırılacaq. Magistral yolun genişləndirilməsi və məzarlığın köçürülməsinin bütün xərclərini Nəqliyyat Nazirliyi öz üzərinə götürüb. Qafqaz Müsəlmanları İdarəsinin Mətbuat Xidmətinin rəhbəri Hacı Akif isə deyir ki, qəbirlər islam dininin tələblərinə uyğun olaraq çıxarılıb, digər ərazidə dəfn ediləcək. Hacı Akif onu da bildirib ki, Bibiheybət qəbiristanlığının köçürülməsi zamanı qəbirlər əvvəlki görkəminə və qiymətinə uyğun bərpa ediləcək.


XS
SM
MD
LG