Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 17:27

Xəyanətkar qadına həsr olunmuş şeirlər


Brodsky
Brodsky

-

Brodsky dostunun evinə gələrək onun abırını ətəyinə bükür.

Marianna ilə də ciddi dram yaşayır. Ancaq Marianna tövrünü pozmayaraq azad bir qadın olduğunu, istədiyi kimi yaşamağa haqqı olduğunu söyləyir...

Fərhad Yalquzaq

XƏYANƏTKAR QADINA HƏSR OLUNMUŞ ŞEİRLƏR

Heç kim üçün sirr deyil ki, yaradıcı insanın ilham pərisi olmaq asan məsələ deyil. Hətta deyərdim ki, bu, çox təhlükəli məsələdir.

Kim bilir, sənətkarın başına növbəti saniyədə hansı fikir gələcək – axı yaradıcı insanın gündəlik həyatı keşməkeşlərlə dolu olur.

O, növbəti saniyədə öz gicgahına güllə də sıxa bilər, yaxud kimisə duelə də çağıra bilər. Hər şey mümkündür – incəsənət, ədəbiyyat aləmində yazılmış qanunlardan daha çox, yazılmamış qanunlar işləyir.

Demək olar ki, bütün yaradıcı insanlar cəmiyyətin illərlə onlardan gözlədiyini verə bilmək üçün müəyyən mənada artistlik etməli olurlar. Biriləri bunu etiraf edir, digərləri etmir. Onlar daim başqalarından fərqləndiklərini sübut etməyə məcbur bir duruma düşürlər.

Bəlkə də kiminsə içində elə anadangəlmə dahi rolunu oynamaq ehtiyacı olur – bu adamı cəmiyyətin fikrindən daha çox özünün cəmiyyətə sırıdığı obrazı düşündürür. Bu “dahi” daim gündəmdə qalmalıdır.

Onun adı dillərdə gəzməli, mətbuatda işıqlandırılmalı, müxtəlif məclislərdə hallandırılmalıdır. Bu onun həyat tərzidir. Bu onun həm də kommersiya planlarına daxil etdiyi fəaliyyət proqramıdır. Bu onun prinsipidir. Onun adı nə qədər çox hallandırılırsa, qiyməti də bir o qədər çox artır. Və bu zaman ictimai fikrin onun tərəfində olub-olmaması elə də böyük rol oynamır, çünki anti-reklam özü də bir reklamdır. Dini inanclara görə belə həyat tərzi kiminsə alnına yazılıb; bir başqası isə dini inancları həndəvərinə buraxmayaraq alın yazısını özü yazır.

Ədəbiyyat üzrə Nobel mükafatı laureatı İosif Brodski alnına yazılmış taledən qaça bilməyən şairlərdən biridir. O, tarixin çox çətin bir dönəmində yaşamış, sovet nomenklaturasının təpiyini yemiş, KGB-nin zirzəmilərində kötəklənmiş intelektuallardan biridir. Yalnız o, təkcə siyasi vəziyyətin qurbanı olmamışdı: ona ən böyük zərbə sevdiyi xanımdan gəlmişdi.

M.Basmanova
M.Basmanova

Şairin rəssamla tanışlığı

Brodski hələ 22 yaşlı bir gənc olan zaman Marianna Basmanova adlı bir rəssam xanımla tanış olur. Bu tanışlıq çox qısa bir zamanda onun ürəyində böyük bir sevginin yaranmasına gətirib çıxarır. Və gələcək böyük şair qarşıda onu gözləyən acıları görməyərək sevgi dünyasının vəd etdiyi xoşbəxtliyin qucağına atılır.

İosif ilə Marianna azad yaradıcı insanlar olaraq öz münasibətlərini rəsmiləşdirməyə can atmırlar. Onlar hələ ki, işıqlı gələcəyə inanaraq Sovet İttifaqının müharibədən sonrakı şəhərlərində əl-ələ tutaraq addımlayırlar.

Marianna Basmanova bir zamanlar məşhur rus rəssamı Petrov-Vodkinin tələbəsi olmuş Pavel İvanoviç Basmanovun qızı idi. Atasının genləri onu da təsviri incəsənət yoluna ayaq basmağa yönləndirmişdi.

O, yaşıdları arasında seçilməyə cəhd etmirdi: nə diskussiyalarda iştirak edirdi, nə də özünü artistliyə qoyaraq cəmiyyətin gözləntilərinə uyğun olaraq özündən dahi rəssam obrazı yaradırdı. O, başını aşağı salıb sakitcə öz işi ilə məşğul olurdu. Anna Axmatova onun haqqında deyirdi: “Çox zərif, ağıllı bir qızdır. Və baxın – o, öz gözəlliyini necə də qürurla göstərir. Kosmetikadan heç istifadə etmir. Soyuq su – yalnız soyuq su!” Doğrudan da bu qızda yalnız suya xas olan sirli bir durum vardı. Marina Svetayevanın sözlərini onun rəssam prototipinin ünvanına söyləmək olardı: “Kimsə daşdan, yaxud gildən düzəldilib. Mən isə gümüş kimi bərq vururam! Mənim işim xəyanət, adım isə Marinadır... Mən dəniz dalğası üzərindəki köpük kimiyəm”.

Bu gənc rəssam xanım daim kişilərin diqqət mərkəzindəydi. Hələ incəsənət aləminə yenicə ayaq basan zaman o, tez-tez Ermitaja gedirdi. Burada kişilərin çoxu çevrilib bu yaşıl gözlü, gözəl, hündürboy xanımın arxasınca baxırdılar. O, intibah dönəminin tablolarından çıxmış bir ilahəyə bənzəyirdi.

İosif Brodski ilə Marianna 1962-ci ildə, bir məclisdə tanış oldular. Marianna ondan iki yaş böyük idi, ancaq bu, onların münasibətlərinin formalaşmasına heç bir əngəl törətmədi. İlk baxışdan yaranmış böyük bir sevgi... Marianna ona saatlarla incəsənətdən, rəngkarlıqdan danışır, onu sərgi salonlarına, muzeylərə aparırdı. İosif isə ona öz yeni şeirlərini oxuyurdu. Brodskinin yaxın dostlarından biri, yazıçı Lyudmila Ştern Marianna haqqında xatirələrini belə ifadə edirdi: “O, çox utancaq bir qız təsiri bağışlayırdı. Böyük dərrakə nümayiş etdirmir, bizim söz davalarımızda iştirak etmirdi. Biz mübahisələr edir, bu mübahisələr zamanı dilimizi itiləyirdik, o isə elə olurdu ki, bütün gecə boyu bir dəfə ağzını açıb bir kəlmə söz demirdi”. Kim bilir, bəlkə də gələcək Nobel mükafatçısını Mariannanın danışmaq yox, məhz dinləmək bacarığı özünə daha çox cəlb etmişdi.

Müasirləri belə düşünürdülər ki, Marianna ilə İosif bir-birilərini tam surətdə tamamlayırdılar: ehtiraslı, coşğun şair və sakit temperamentli rəssam xanım. Od və su. Ay və Günəş. Ancaq kimsə əmin deyildi: bu soyuq rəssam xanım İosifi onun kimi ehtirasla sevirdimi?

Joseph Brodsky
Joseph Brodsky

Onların münasibətlərini valideyinləri təqdir etmirdi. Şairin evlənmək təkliflərinə Marianna müsbət cavab vermirdi: o, öz yaradıcı kimliyini rəsmi izdivacdan qoruyub saxlamaq istəyirdi. Gənclər tez-tez bu səpkidə mübahisələr edirdilər və “həmişəlik” ayrılırdılar.

Dostlarının xatirələrinə görə İosif belə mübahisələrdən sonra depressiyaya düşür, intihara cəhd edirdi. Hər dəfə ayrılandan sonra o, biləklərində qanlı tənziflərlə ortaya çıxırdı. O, mətbəxdə oturub siqareti siqaretə calayır, saatlarla heç kimlə danışmırdı. Lyudmila Ştern onun bu vəziyyətindən çox qorxurdu. O, başa düşürdü ki, bu intihar cəhdlərindən biri bir gün öz məntiqi sonucuna çata bilərdi. Və İosif növbəti dəfə onların evinə bu vəziyyətdə gələn zaman Lyudmilanın həyat yoldaşı Viktor ona söyləmişdi: “Qulaq as, Osya, bəsdir camaatı qorxutdun... Əgər sən bir gün doğrudan da özünü öldürmək istəsən, gəl mənim yanıma – mən bunu necə etməyi səni öyrədərəm”. Brodskiy bu məsləhətdən sonra daha damarlarını doğramadı, ancaq onun vəziyyəti də yaxşılaşmadı.

Gənc Brodsky

Brodski gənc yaşlarından özünü müxtəlif peşələrdə sınamışdı. O, məktəb illərində yaxşı şagird olmadığı üçün tez-tez sinifdə qalırdı. On altı yaşında həkim olmaq fikrinə düşsə də, bundan bir şey çıxmadı. O, bir ay morqda işləyəndən sonra qazanxanada ocaqçı, sonra isə mayakda dənizçi vəzifəsində çalışdı.

Sonra bir neçə il elmi ekspedisiyalarda özünü sınadı: Ağ dənizə, Şərqi Sibirə təşkil olunan elspedisiyalara qatıldı. Bu ekspedisiyalardan biri zamanı o, əsəb sarsıntısı keçirərək daha işini davam etdirə bilmədi və Leninqrada qayıtdı.

​Brodski yaşadığı cəmiyyətin həqiqətlərini artıq gənc yaşlarında anlamışdı. Onun gözünün qarşısında repressiyalar baş alıb gedirdi. Fərqli düşüncəli insanlar təqib olunurdu. KQB artıq onunla maraqlanmağa başlamışdı.

Pilot dostu Şaxmatovla birlikdə Səmərqənddə olan zaman onlar bir təyyarə qaçırıb xaricə getmək istəyirdilər, ancaq son anda bu planı həyata keçirməyə cəsarətləri çatmadı. Şaxmatov sonradan üzərində qanunsuz silah gəzdirdiyinə görə tutulur və təyyarə ilə ölkədən qaçmaq planının KQB müstəntiqlərinə danışır. Bundan sonra Brodskinin başı üzərində qara buludlar sıxlaşmağa başlayır. Onu tutub iki gün zizəmidə saxlayandan sonra “ağıllı ol” deyib buraxırlar. Ancaq Brodski “ağıllı olmaq” istəmirdi. Elə bu zamanlarda onun Marianna ilə olan münasibətləri də bir hadisə nəticəsində laxlamışdı.

Dmitri Bobışev
Dmitri Bobışev

Xəyanət

Brodski daim izlənildiyini bilirdi. Bilirdi ki, bir gün KQB xəfiyyələri onu tutub “ağıllandırmağa” çalışacaqlar. Marinanı bu hadisədən uzaq tutmaq üçün Brodski onu öz dostunun yanına göndərir.

Dostu Dmitri Bobışev Mariannanı hamıya İosifin sevgilisi kimi təqdim edir. Bir tərəfə çəkilib sakit oturan bu xanım demək olar ki, heç kimin diqqətini çəkmirdi. Ancaq gecənin bir aləmində Marianna yaraşıqlı kişi olan Dmitrinin yataq otağına girir. Və necə deyərlər, “olan oldu, torba doldu”. Səhər otağın pərdələrini yandıran Marianna Dmitrinin vahiməsini görüb ona belə təsəlli vermişdi: “Bir gör nə gözəl yanır”...

Söhbət İosifə çatandan sonra tufan qopur. Brodski dostunun evinə gələrək onun abırını ətəyinə bükür.

Marianna ilə də ciddi dram yaşayır. Ancaq Marianna tövrünü pozmayaraq azad bir qadın olduğunu, istədiyi kimi yaşamağa haqqı olduğunu söyləyir. Əlbəttə, gənc şairin qəlbinə dəyən yara heç bir zaman sağalmayacaq yaralardandı, ancaq bir sürə sonra onlar barışıb yenə də birlikdə yaşamağa başlayırlar. İllər sonra bu hadisəni Brodski belə xatırlayırdı: “Bilirdim ki, məni orada tutacaqdılar, anca Marinanın başına gələn hadisədən sonra bu mənim vecimə də deyildi”. Bu hadisədən bir neçə gün sonra Brodskini küçədə yaxaladılar. Onu “məhkəmə ekspertizası” keçirmək üçün ruhi xəstəxanaya saldılar. Marianna tez-tez ona baş çəkirdi. Sonra isə məhkəmə prosesi baş verdi və Brodskini üç illik Arxangelsk bölgəsinə sürgünə göndərdilər.

Brodski ən yaxşı şeirlərini Arxangelskdə yaşayan zaman qələmə almışdı. Marianna hərdən onun yanına gəlib uzun müddət onunla birlikdə çətin şəraitdə yaşayırdı. Brodski buna görə onun xəyanətini bağışlamışdı.

Brodski və Mariya Sotsani
Brodski və Mariya Sotsani

Ancaq Bobışov onun yanına gələndən sonra hər şey təkrarlandı – Marianna onun dostuna qoşulub çıxıb getdi. Sonra yenə geri döndü və bu əhvalat bir neçə dəfə təkrarlandı. Onların artıq bir oğlu vardı və Brodski çox əzab çəkirdi. Ancaq Marianna yenə də münasibətlərini rəsmiləşdirmək istəmirdi.

Joseph Brodsky, New York, 1987
Joseph Brodsky, New York, 1987

Sürgündən sonra Brodski ölkəni tərk edib qərbə yollandı. Marianna öz oğlu ilə Bobışovun yanında qaldı. Ancaq tezliklə Bobışov da Amerikaya mühacirət etdi, ancaq Marianna onunla da getmədi.

Brodskinin xəstə ürəyinə zərbə zərbə dalınca dəyirdi. O, bir neçə dəfə infarkt keçirmişdi. Marianna onun yadından çıxmırdı. Ancaq Sorbonnada mühazirə oxuyan zaman o, Mariya Sotsani adlı bir xanımla tanış olub ailə həyatı qurur. Onların bu izdivacdan bir qızı dünyaya gəlir. Onlar beş il birlikdə yaşayırlar və dostlarının dediyinə görə bu dönəm Brodskinin həyatında ən xoşbəxt dönəm idi. O, Marinanın xəyanətini bağışlamayaraq ona bir şeir yazmışdı:

“On beş il bundan öncə sən yasəmənləri sevirdin,

Mürəkkəblə kağızlara rəsm çəkirdin.

Bir az mahnı oxuyurdun, bir az mənimlə əylənirdin.

Sonra bir kimyaçı-mühəndisə qoşuldun

Və tamam səfehlədin.

İndi səni metropoliyada kilsələrdə,

Dostlarınla matəm içində görürlər.

Dostlarınsa artıq sənin üçün növbəyə düzülmüş...

Mən indi şadam,

Şadam ki, aramızda daha uzaq məsafələr var.

Məni pis anlama,

Sənin adın, səsin, bədənin

Mənə artıq heç nə demir.

Ancaq bir həyatı unutmaq üçün

Insana daha bir həyat lazımdır.

Mən bunu yaşamışam”.

...və bu şeirə görə dostu Lyudmila Ştern onu çox danlamışdı. O, məktubunda yazırdı: “Jozef, istəyirsən məni bağışla, istəmirsən bağışlama, ancaq mən daha susa bilmirəm. Sən bu şeirinlə dünyaya nə demək istəyirsən axı? Demək istəyirsən ki, sən on beş il keçəndən sonra axır ki, bu sevgini unutmusan? “Xroniki xəstəlikdən” qurtulmusan? Sən axı okeanın o biri üzündən bu yana bir zaman sevdiyin insanın üzünə niyə tüpürürsən?”

Brodski bu məktuba cavab verə bilməmişdi. 1996-cı ildə növbəti infarktdan sonra onun ürəyi həmişəlik dayandı...

XS
SM
MD
LG