Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 06:26

Keçmədində tüstülənən ot tayaları, tövlələr...


Arxiv fotosu
Arxiv fotosu

“Gecənin bir vaxtı şaqqıltıya ayıldıq. Gördük ki, tövləmiz yanır. Eyni vaxtda qonşunun da tövləsi yanırdı”.

Şamaxının Keçmədin kəndində ot tayalarına od vuran kimdir? Bu kənddən olan sakinlər deyirlər ki, həmin şəxs eyni əmələ görə əvvəllər cəzalandırılıb da... Ancaq barəsindəki həbs tədbiri dəyişdiriləndən sonra saxlanmalı olduğu məntəqə tipli cəzaçəkmə müəssisəsindən çıxaraq kəndə gəlib, əvvəlki əməllərini davam etdirməkdədir. Məqsədini, məramını nə kəndlilər bilir, nə də polis.

"17 BAŞ HEYVANI XİLAS EDƏ BİLDİK"

Keçmədin kəndində tövləsi və ot tayaları yanan Şahin Pirmalıyev:

“Bu il iyunun 2-də səhərə yaxın üstündə ot, içərisində heyvan-qara olan tövləmiz yanıb kül oldu. Qonşuların köməkliyi ilə 17 baş heyvanı xilas edə bildik. Eyni vaxtda qonşunun da tövləsi və ot tayaları yanırdı. Başımızı itirmişdik, bilmirdik hansını söndürək. Polis, yanğınsöndürən gəldi. Məlum oldu ki, hadisəni öz kəndlimiz Rübayid Heydərov törədib. Bu adam 2 il əvvəl kənddə 6 tövlə və ot tayasını yandırdığına görə ttularaq 4 il həbs cəzası almışdı. 2 il cəza çəkəndən sonra cəzası dəyişdirilib, məntəqə tipli müəssisəyə köçürülüb. Ordan da aylıq ödəyib çölə çıxır, gəlir kənddə əvvəlki əməllərini törədir”.

Başqa kənd sakini Bəhram Xudiyev 2 il əvvəl taya yandıranın zərərçəkəninə çevrilib. Bu dəfə isə həmin şəxs onu başqa işə salıb:

“2010-da ot tayalarımızı yandırdı. Həbsə düşdü. Bu yaxınlarda gördük ki, yenə kənddə peyda olub. Bu il mayın 13-də əlinə balta alıb evimizin qarşısındakı yaş ağacları kəsirdi. Mən də mane olmağa çalışdım. Məni əlindəki baltayla hədələdi. Polis çağırdıq, gəldilər apardılar şöbəyə, 2-3 saatdan sonra eşitdik ki, yenə buraxıblar. Əvəzində isə mənim özümü cinayət məsuliyyətinə cəlb etmək istəyirlər. Deyirlər, sən onu döymüsən. Halbuki, onun üzərindəki xəsarət izləri hələ aramızdakı insidentdən 2 gün əvvəlin söhbəti idi. Onu başqa kənddə döymüşdülər. Polis isə daş atıb başını tutur ki, sən döymüsən”.

Arxiv fotosu
Arxiv fotosu

TUTULARAQ MÜƏSSİSƏYƏ QAYTARILIB

Şamaxı polisi faktları təsdiqləyir. Polis şöbəsindən bildirilib ki, hələ 2010-cu ilin dekabrında Keçmədin kəndində bir neçə ot tayasını və tövləni yandırdığına görə 38 yaşlı Rübayid Heydərov həbs olunub. Başqasının əmlakına zərər vurmaqda təqsirləndirilərək 4 il müddətinə azadlıqdan məhrum edilib. İki il cəza çəkdikdən sonra cəzası dəyişdirilib, o, Qobustan rayonundakı məntəqə tipli cəzaçəkmə müəssisinə köçürülüb. Bu ilin iyun ayında Keçmədin kəndindəki bir neçə həyətdə yenə ot tayaları və tövlələr tüstüləyib.

Sakinlərdən həmin şəxs tərəfindən eyni hadisənin törədilməsi barədə şikayətlər daxil olub. Araşdırma zamanı əməlin Rübayid Heydərov tərəfindən törədildiyi müəyyən edilib. O, tutularaq cəza çəkməli olduğu məntəqə tipli müəssisəyə təhvil verilib və barəsində əlavə cinayət işi başlanıb. Hazırda istintaq gedir. Rübayid Heydərov istintaqa bildirib ki, kəmkəndliləri onu 2 il əvvəl tutdurduğuna görə onlardan qisas almaq fikrinə düşüb və tayalarına, tövlələrinə od vurub.

XS
SM
MD
LG