Keçid linkləri

2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 20:19

-

«Bir dostu İmamdan soruşur: «Araq içəcəksən, yoxsa tekila?». Şərəfinə toxunulduğunu hiss edən İmam kişiyə bir sillə çəkir: «Öz çəkilmə arağımıza nə gəlib?».

Ayatollah Ruhollah Khomeini-nin alkoqoldan qəzəblə imtina edərək yerli arağın (əraqi-saqi) maraqlarını qorumasını təsvir edən bu lətifə İranda SMS-lə göndərilən və sosial mediada paylaşılan yüzlərlə «İmam» lətifəsindən yalnız biridir.

Bu lətifələr ümumən ziyansız olsa da, İran mühafizəkarlarının fikrincə, onlar İslam Respublikası banisinə təhqirdir.

Sentyabrın 3-də İran polisinin rəisi Esmail Ahmadi Moghadam xəbərdarlıq edib ki, Khomeini-ni təhqir edənlərə qarşı tədbirlər görüləcək:

«Bizim küçələrimizin açıq, ölkəmizin azad olması o demək deyildir ki, sürücülər bu küçələrdə maşınlarını istədikləri sürətlə sürə bilərlər. Bu təhqiramiz hərəkətlər də cinayət sayılır».

Ahmadi Moghadam ötəri olaraq qeyd edib ki, azadlığın hüdudlarına hörmət qoymayanlar və ölkə qanunlarını pozanlara qarşı tədbirlər görüləcək.

Sadəcə «İmam» adı ilə yad edilən Ayətullah Khomeini İslam Respublikasında müqəddəs şəxs sayılır. İranın dövlət mediası onu bir qayda olaraq çox dindar, savadlı, müdrik, nəzakətli, rəhmli və öz həmvətənlərinin böyük qayğıkeşi kimi təsvir edir.

Müasir lətifələr məhz elə bu təsvirləri məsxərəyə qoyur. O, lətifələrdə içki içən, başqalarını dolayan, söyüş söyən və kobud danışan, rəhmsiz, duyğusuz və simic birisi kimi təqdim olunur.

BİR GÜN İMAM...

Bəzi lətifələr Khomeini-yə aid ümumi tənqidləri əks etdirir, onun pulsuz su və elektrik kimi icra olunmamış vədlərinə işarə vurur:

«Bir gün evinə gələn İmam döşəmənin üstündə su, elektrik və qaz qəbzlərini görür. «Bəyəm bunlar pulsuz deyildi?» – deyə təəccüblənir İmam».

Bu lətifədə unutqanlığı İmamın zəif cəhətlərindən biri kimi təsvir edilir.

Ayatollah Ruhollah Khomeini - 1979

Ayatollah Ruhollah Khomeini - 1979

Başqa bir lətifə bir nəfərin İmama elektrikin tez-tez kəsilməsi və xörəyini qaranlıqda yeməyə məcbur olması barədə şikayəti barədədir. «Nöyüt lampası yandır» – deyir İmam. Axı Ayətullah nefti adamların süfrəsinə gətirəcəyini vəd etmişdi.

Londonda yaşayan iranlı internet araşdırmaçısı Nariman Gharib deyir ki, bu cür lətifələr əvvəlcə «Viber» vasitəsilə yayılardı, indi isə «facebook»a keçib.

«İmamım fərqli xüsusiyyətləri» adlı bir «facebook» səhifəsi 20 minədək «like» qazanıb. Səhifənin administratorları bildiriblər ki, onu zarafat və məzə üçün yaradıblar və bu səhifə heç bir siyasi partiyaya aid deyil.

Ümumiyyətlə, iranlılar, Ayatollah Ahmad Jannati də daxil, öz liderlərinə lətifə qoşmağı xoşlayırlar. Nəzarətçilər Şurasının sədrini yaşının qocalığına və üç onillikdir siyasi səhnədən düşmədiyinə görə hədəfləyirlər.

Lakin Khomeini-yə aid lətifələr ən azı son vaxtlaradək nisbətən az olub. Amma sosial medianın yaratdığı meyllər və davranış İmam haqqında lətifələrin ildırım sürəti ilə yayılmasına gətirib çıxarıb.

«Khomeini-ni dolamaq normal bir şeyə çevrilib» –deyir Gharib. «Məncə, mühafizəkarları əsəbiləşdirən odur ki, Ayatollah Khomeini əzəmətini itirib və onu məsxərəyə qoymaq adamlar üçün bu qədər asanlaşıb».

LƏTİFƏLƏRİ MÜHAFİZƏKARLARIN ÖZLƏRİ YAYIRLAR?

Bu həftənin əvvəllərində Tehranda yaşayan siyasətşünas Sadegh Zibakalam belə bir mülahizə irəli sürüb ki, bu lətifələri prezident Hassan Rouhani-nin hökumətinə təzyiq məqsədilə mühafizəkarların özləri yayırlar.

Rouhani iranlılara real və virtual həyatda daha geniş azadlıqlar vəd edib. Lakin prezident xüsusilə də mədəniyyət sahəsindəki siyasətinə mühafizəkarların müqaviməti ilə üzləşib.

Qum şəhərində internet-klub

Qum şəhərində internet-klub

«Onlar soruşurlar ki, Mədəniyyət Nazirliyi niyə bu davranışlara qarşı tədbir görmür? Deməli, təqsir Rouhani-nin hökumətindədir» – Zibakalam deyir.

O belə bir ehtimal da irəli sürür ki, mühafizəkarlar bu lətifələrdən hökumətin təqdim etməyə hazırlaşdığı yüksəksürətli internetə və sosial şəbəkələrin filtrlənməsinin mümkün ləğvinə qarşı istifadə edirlər.

Zibakalam-ın qənaətinə görə, mühafizəkarlar düşünə bilərlər ki, əgər «İmam lətifələri» internet və bloklanmış sosial media saytlarında belə sürətlə yayılırsa, gör onda internet sürətli, saytlar isə filtrsiz olanda vəziyyət necə olacaq.

Mühafizəkarlar bu yaxınlarda hökumətin iki mobil telefon operatoruna 3G xidmətləri üçün lisenziyalar verməsini kəskin tənqid ediblər. Onlar iddia edirlər ki, daha sürətli internet qeyri-islami materialların yayılmasına rəvac verə bilər.

Lətifələrin sürətlə yayıldığı bir vaxtda internetdə üzərində qüdrətli İslam Keşikçiləri Qvardiyasının emblemi olan «gizli məktub»un fotosu dərc olunub. Kommunikasiya naziri Mahmud Vaezi-yə ünvanlanmış məktubda bu lətifələri yayan saytların filtrlənməsinə göstəriş verilir.

Vaezi sentyabrın 4-də bu məktubun saxta olduğunu bəyan edib. O ikibaşlı şəkildə əlavə edib ki, hökumət üzərinə təzyiq göstərmək istəyən şəxslər «düzgün hədəf seçməyiblər».

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG