Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 20:24

Sahibkarlar Qarabağ əlillərinə tikilən binalara görə ziyana düşüblər


Arxiv fotosu.

Arxiv fotosu.

-

“Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Qubada Qarabağ əlilləri üçün tikdirdiyi binaya görə 2 il əvvəl bizdən nisyə aldığı materialların pullarını hələ də ödəməyib”.

Bunları deyən Quba rayon sakini tikinti materiallarının satışı ilə məşğul olan Heydər Səfixanovdur. O, nazir Səlim Müslümovdan 2 il əvvəl Qarabağ əlilləri üçün Qubada inşa olunmuş binaya görə düşdüyü maddi zərəri tələb edir:

- İş icraçıları tikinti materialları obyektindən nisyə avadanlıqlar alıblar. Taxta, şalban və sair… Bina istifadəyə verildi, amma aldıqları materialların pulunu hələ də ödəməyiblər.

BİNA ÜÇÜN BÜDCƏDƏN AYRILAN PULLAR HARA GETDİ?

Heydər Səfixanov sual edir ki, əgər Nazirlik əlillər üçün binanı vətəndaşların hesabına tikirsə, o zaman dövlət büdcəsindən bu iş üçün ayrılmış məsrəflər kimin cibinə gedir:

- Dəfələrlə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə getmişik, pulumzu tələb etmişik. Cavab almışıq ki, köhnə işçilər işdən çıxıb. Təzə işçilərinsə bu məsələlərə aidiyyəti yoxdur.

Nazirlikdə işçilər dəyişə bilər, Nazirlik isə ki, yerindədir. Əhalidən aldıqları malların pulunu şəxsi məqsədləri üçün istifadə etməyiblər ki... Əlillərin binasına sərf olunb, buna görə büdcədən götürdükləri pullarla niyə ödəmirlər borclarını?

“BİZİ QƏBULLARA BURAXMIRLAR”

Heydər Səfixanovun sözlərinə görə, ucuz, nisyə mal verməklə əlillərin binasına öz töhfəsini edən və sornadan Nazirliyin qapılarında qalan təkcə o deyil. Daha bir neçə nəfər də var ki, pullarını ala bilmirlər:

- Şəxsən bizim hər birimizə azı 12, çoxu 18 min manatadək borcları var. Biz də o malı kimdənsə götürmüşük. Bizi də həmin malın yiyələri narahat edirlər.

Müsahibim sonuncu dəfə bu ilin iyul ayında Səlim Müslümovun Qubada keçirdiyi qəbula düşə bilmədiyini deyir. İddiasına görə, nazirliyin yerli şöbəsi bu məsələdən ötrü gələnləri qəbula buraxmır, əngəl yaradır.

Binanın tikintisində fəhləlik etmiş Elxan Məcidov isə tikinti materialları alınmasında iş icraçıları ilə satıcılar arasında vasitəçi oldğunu, özünün də zərərə düşdüyünü deyir. Nazirlikdən umacağı isə zərərə düşdüyü 8 min manatdır.

“NAZİRLİK MƏSULİYYƏT DAŞIMIR”

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Elman Babayev deyir, kimsə 2 il əvvəl hansısa iş icraçısıyla nə iş görübsə, bunun Nazirliyə aidiyyəti yoxdur:

- Bəli, Nazirlik Qubada Qarabağ əlilləri və şəhid ailələri üçün bina tikib. Ancaq özünüz də dediyiniz kimi, bu, 2-3 il əvvəl olub. Əvvəla, o vaxtdan bu vaxta Nazirlikdə ciddi dəyişikliklər olub. Həmin müvafiq şöbədə də həmçinin... Nazirlik tender elan edib, həmin binanın sifarişçisi olub, binanı tikənsə qalib gəlmiş hansısa şirkət olub. Həmin şirkətin iş icraçısı ilə fəhlə, alverçi arasında hansısa münasibətin Nazirliyə nə aidiyyəti? Getsinlər, rəsmi qurumlara müraciət etsinlər, araşdırılsın”.

Qubanın girəcəyində, avtovağzalın yaxınlığında, Vaqif küçəsində tikilmiş həmin bina 4 mərtəbədən, 2-3 otaqlı 36 mənzildən ibarətdir. Ümumilikdə isə Qubada şəhid ailələri və Qarabağ müharibəsi veteranları üçün tikilmiş sayca 4-cü binadır. Bu günə qədər rayonda 16 mənzilli, 24 mənzilli və 36 mənzilli 3 bina istifadəyə verilib.

XS
SM
MD
LG