Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 21:21

Məktublarını mahnı kimi oxuyuram...


Həmid Piriyev
Həmid Piriyev

-

Həmid Piriyev

Bir mahnı oxuyur Jozefina

elektron poçtumda on altı təzə məktub var heç biri də səndən deyil

söz aramızda on dördünü elə özüm özümə yazmışam müxtəlif ünvanlardan heç birini də oxumamışam

gecələr daha əvvəlki kimi romantik deyil Jozefina ay daha əvvəlki kimi nurlandırmır aləmi

mahnılar daha əvvəlki kimi həzin deyil sən daha əvvəlki kimi sevmirsən məni

məni nə sevindirir nə də təəccübləndirir poçtumdakı məktublar

oysa ikisindən biri olsun deyə yazmışdım onları heç biri də olmadı

indi bizdə gecədir sizdə isə ya axşam ya da axşamüstü

yəqin yatmağa hazırlaşırsan hansısa mahnını zümzümə edə-edə

bir mahnı oxuyur Jozefina bir mahnı yaşayır Jozefina

sözləri necəydi o mahnının bir də ki sözlərin nə fərqi var desən də başa düşməyəcəyəm onsuz da

əsas odur sən oxuyursan o mahnını əsas odur mən eşidirəm o mahnını

əvvəlki məktublarının hamısını saxlamışam hərdən mahnı kimi oxuyuram onları

mən oxuduqca zümzümən səslənir qulaqlarımda yanımda oxuyurmuşsan kimi

sən axı heç vaxt məktub yazmamısan mənə sən axı həmişə mahnı oxumusan Jozefina

27 iyul 2014

06:03

***

Poetik düşüncələr

su sızır deşik vedrədən

altı nəmlənir

kaş qırçiçəyi bitə orda

***

əvvəl dolunaya baxdım

sonra üzümü çevirdim

külək əsən tərəfə

***

ömür dediyimiz

üçcə söz imiş –

doğulduq yaşadıq öldük

***

çarpayıda başıaşağı uzanıb

dünyaya baxıram

dünya evimdən başlayır axı

***

biri sevgisizlikdən şikayət edir

biri qan azlığından

***

Bakı vaxtı ilə 21:29

qapılar bağlanır

növbəti stansiya heçlik...

***

tül kimi şəffaf bulud sürünür

ulduzların altından

başımın üstündən...

***

Damağımda siqaret

stolun üstündə ödənilməmiş işıq pulu çeki

***

dodaqları öpülmür

belləri qucaqlanan fahişələrin

29-31 avqust, 3 sentyabr 2014

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG