Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 19:03

Əli Həsənovdan gənclərə tövsiyə


Əli Həsənov
Əli Həsənov

-

«Təəssüf hissi ilə qeyd etmək lazımdır ki, müstəqilliyimizin ilk illərində Azərbaycan gəncliyi ayrı-ayrı siyasi qruplaşmaların maraqlarının təminatçısı rolunda çıxış edirdi. Daha doğrusu, siyasi hakimiyyət uğrunda mübarizə aparan, ölkədə xaos yaradan dəstələr dövlətçiliyin möhkəmləndirilməsi naminə səfərbər olunası gəncləri siyasi oyunların alətinə çevirirdi. Gənclər elmdən, təhsildən, yaradıcılıqdan kənarlaşdırılır, bir sıra hallarda cəmiyyət üçün təhlükəli qüvvəyə çevrilirdi. Bu da Azərbaycanın gələcəyini sual altına alır və dövlətçiliyi məhvə doğru aparırdı».

APA-nın xəbərinə görə, bunu Prezident Administrasiyası İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov «Xaricdə Təhsil Alan və Məzun Olmuş Gənclərin Beynəlxalq Forumu» İctimai Birliyinin (ASAİF) Forumunda deyib.

«GƏNCLƏRİMİZ BU ETİMADI LAYİQİNCƏ DƏYƏRLƏNDİRMƏLİ...»

Ə. Həsənov bildirib ki, mərhum prezident Heydər Əliyevin, indiki dövlət başçısı İlham Əliyevin gənclərə verdiyi önəmdən danışıb. Həmçinin ölkənin müasir tələblərə cavab verən kadrlara ehtiyacının ödənilməsi məqsədilə İlham Əliyevin «2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı»nı təsdiqləməsini yada salıb: «Proqram çərçivəsində minlərlə azərbaycanlı gəncin xarici ölkələrin ali məktəblərində təhsil alması nəzərdə tutuldu. Bu gün artıq proqram çərçivəsində dünyanın aparıcı universitetlərində yüzlərlə gəncimiz təhsil alır. Bütün bunlar bir daha onu göstərir ki, ölkə rəhbəri gənclərimizin öz bilik və bacarıqlarını üzə çıxarmalarına, potensiallarını effektli reallaşdırmalarına, cəmiyyətdə layiqli yer tutmalarına münbit şərait yaradıb. Təbii ki, gənclərimiz bu etimadı layiqincə dəyərləndirməli və yaradılmış şəraitdən səmərəli istifadə etməlidirlər».

«BU İŞDƏ SƏFƏRBƏR OLMALI...»

Əli Həsənovun fikrincə, xaricdə təhsil alan gənclərin təhsili ilə yanaşı, onların ictimai həyatı və təşkilatlanması da Azərbaycan üçün önəmli məsələlərdəndir: «Bu baxımdan ASAİF-in rolunu xüsusi qeyd etmək lazımdır. ASAİF ölkəmizin hüdudlarından kənarda təhsil alan və məzun olmuş azərbaycanlı gənclərin şəbəkələşməsini və fəaliyyətinin əlaqələndirilməsini təşkil etmək məqsədilə yaradılıb».

Şöbə müdiri xaricdə oxuyan və məzun olmuş gənclərə öz tövsiyələrini də çatdırıb: «Bu gün ölkəmizdə iqtisadiyyat inkişaf etdikcə, yeni sənaye və xidmət müəssisələri yarandıqca, peşəkar gənc kadrlara ehtiyac çoxalır. Ona görə bizim gənclərimiz yaxşı oxumalı, bilik sahibi olmalı, mütəxəssis kimi yetişməlidirlər. Gənclər təhsil aldıqları ölkələrin mədəni həyatına sıx inteqrasiya olunmalı, Azərbaycan mədəniyyətini, tarixini, turizm potensialını, Azərbaycanda gedən inkişaf prosesini xarici vətəndaşlara, həmyaşıd gənclərə tanıtmalı, Azərbaycanın tolerant ölkə imicini qorumalıdırlar. Bu baxımdan gənclərimiz olduqları ölkənin dilini öyrənməyə üstünlük verməli, mədəni dəyərlərinə hörmətlə yanaşmalıdırlar. Xaricdə təhsil alan gənclərimiz oxuduqları ali məktəblərdə, şəhərlərdə və ölkələrdə şəbəkələşməli, qrup halında təşkilatlanmalıdırlar. Həmin qruplar ASAİF-in tərkib hissəsi kimi fəaliyyət göstərməli, vahid mərkəzdən koordinasiya edilməlidir. Sözügedən qrupların əsas işi diaspora və lobbiçilik olmalıdır. Bu gün Azərbaycan Respublikası öz tarixinin şərəfli və mürəkkəb dövrünü yaşayır. Azərbaycanın dövlət müstəqilliyinin və suverenliyinin qorunub möhkəmləndirilməsi, ərazi bütövlüyünün təmin edilməsi, o cümlədən işğal olunmuş torpaqlarımızın azad olunması, Azərbaycanın dünya birliyində öz layiqli yerini tutması yolunda görüləsi işlər hələ çoxdur. Xaricdə təhsil alan və məzun olmuş gənclərimiz bu işdə səfərbər olmalı, Azərbaycanın haqq səsini dünyaya bəyan etməlidirlər».

Əli Həsənovun sözlərinə görə, indiyədək ASAİF-in fəaliyyəti yalnız Azərbaycanda və Avropanın digər ölkələrində forumlar keçirməkdən ibarət idisə, bundan sonra təşkilat əməli fəaliyyətlərə başlamalı, xarici ölkələrdə şəbəkələşmə, lobbiçilik, diaspora işlərinə daha çox diqqət ayırmalıdır.

XS
SM
MD
LG