Keçid linkləri

logo-print
2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 05:19

-

Sentyabrın 5-də Azərbaycan mediası nədən yazır? AzadlıqRadiosu qəzetlərdə və internet resurslarında dərc olunan ən maraqlı yazıarın qısa xülasəsini təqdim edir

GÖTÜRDÜYÜ KREDİTİ ÖDƏYƏ BİLMƏYƏNLƏRİN SAYI ARTIR

«Bizim Yol»: Azərbaycan Mərkəzi Bankının (AMB) avqustun 1-nə olan məlumatına görə, zərərlə işləyən bankların sayı 8-dir ki, ötən aya nisbətən bu rəqəm dəyişməz olaraq qalır. AMB-nin vaxtı keçmiş kreditlərin həcmində isə artım müşahidə edilir. Belə ki, iyul ayında problemli kreditlərin həcmi 900 milyon manat olub. Bu, 17 milyard manatlıq kredit portfelinin 5,3 faizini təşkil edir. Halbuki, ötən ay bu rəqəm 877 milyon manat, ilin əvvəlində isə 815 milyon manat təşkil edib. Ümumi kredit portfelində yenə də əsas üstünlüyü istehlak kreditləri təşkil edir. Belə ki, ötən ay məhdudiyyətlərə baxmayaraq 0,1 faiz artaraq 41 faizə çatıb.

HÖKUMƏTƏ QHT TƏNQİDİ

Ələsgər Məmmədli

Ələsgər Məmmədli

«Azadlıq» qəzeti Azərbaycanda vətəndaş cəmiyyətinə təzyiqlərdən yazır. Hüquqşünas Ələsgər Məmmədli deyir ki, Azərbaycanda insan hüquqları və media azadlığı sahəsində fəaliyyət göstərən QHT-lərin fəaliyyəti son zamanlar kəsilmək üzrədir. Bunun da əsas səbəbi Azərbaycanın dövlət strukturlarının - Vergilər Nazirliyi, Baş Prokurorluq, Ədliyyə Nazirliyi, hətta Prezident yanında KIV-lərə Dəstək Şurasının birgə fəaliyyəti nəticəsində müstəqil təşkilatlara problemlər yaradılmasıdır.

«Hesab edirəm ki, son vaxtlar ölkədə müstəqil təşkilatlara qarşı baş verənlər hökumətin imicinə də mənfi təsir göstərəcək. Xüsusilə Avropa Şurası Nazirlər Komitəsinə rəhbərlik etdiyi dövr ərzində bu hadisələrin baş verməsi. O cümlədən vətəndaş cəmiyyəti institutlarının fəaliyyətində xeyli problemlərin yaranması Avropa Şurası qarşısında götürülmüş öhdəliklərin icrası baxımından xeyli problematik qiymətləndiriləcək, Azərbaycan hökuməti tənqidlərə məruz qalacaq», - deyə Ələsgər Məmmədli bildirib.

HƏRBİ SİRRİN QORUNMASI İLƏ BAĞLI CİDDİ TƏLƏBLƏR VAR

«Azərbaycan» qəzeti avqustun 29-da Prezidenti Administrasiyasının rəhbərliyinin informasiya təhlükəsizliyinə dair müşavirəsindən yazır. Mətbuat Şurasının üzvü, «APA-Holding» MMC-nin rəhbəri Vüsalə Mahirqızı deyir ki, media təmsilçiləri akademik Ramiz Mehdiyevin tövsiyələri üzərində ciddi dayanmalı və onların həyata keçirilməsinə çalışmalıdırlar. Onun fikrincə, Azərbaycanın hər bir vətəndaşı ölkənin müharibə şəraitində yaşadığını heç vaxt unutmamalıdır: «Biz müharibə şəraitində yaşayan ölkəyik. Avqustun əvvəlində baş vermiş hadisələr də göstərdi ki, bu, qətiyyən «dondurulmuş münaqişə» deyil, biz düşmənin informasiya, virtual və real təxribatı ilə hər an üzləşə bilirik. Həm cəbhədə, həm də informasiya məkanında bunlar baş verə bilir».

DEPUTATIN BAHALAŞMA İLƏ BAĞLI İTTİHAMI

«Yeni Müsavat»: Son günlər istehlak bazarında qiymət artımı aqrar məhsullarda daha aydın görünür. Kartof, soğan, qarpız, yemiş, pomidor, xiyar, göyərtilər, kələm, meyvələr bahalaşıb. Kartofu 90 qəpikdən ucuz tapmaq olmur. Pomidor və xiyar isə baha olması ilə yanaşı, həm də qıtlaşıb. Zirə pomidoru 2 manat, Gürcüstan sortu isə 1 manat 50 qəpikdən ucuz deyil. Kələmin 1 kiloqramı 1 manat, soğan 70-80 qəpiyə alıcı gözləyir. Kənd Təsərrüfatı Nazirliyi (KTN) isə hər zaman açıqlamalarında məhsulların kifayət qədər, hətta lazım olandan artıq olduğunu bildirir.

Milli Məclisin Aqrar Siyasət Komitəsinin sədri Eldar İbrahimov, bahalaşmaya görə iki nazirliyi ittiham edib. «Həqiqətən məhsul boldur. Sadəcə, həmin məhsulu istehsal edən fermeri Bakının bazarlarına buraxmırlar. Fermer məhsulu gətirir ki, özü satsın. Amma möhtəkirlər qapını kəsib, məhsulu ucuz qiymətə özləri alıb satmaq istəyirlər. Bu möhtəkirlərin qarşısını almaq üçün bazar tənzimlənməlidir»,- deyə deputat bildirib.

PAMBIQÇILIQDA GERİLƏMƏ VAR

«Эхо» qəzeti yazır ki, son 18 ildə Azərbaycanda pambıq istehsalı altı dəfə, əkin sahələrinin həcmi isə doqquz dəfə azalıb.

Aqrar sahə üzrə ekspert Nizami Qarayev qəzetə bildirib ki, son illərin tendensiyası bu sahədə azalma getdiyini göstərir. Statistik rəqəmlər də geriləməni ortaya qoyur. 1995-ci ildə Azərbaycanda 274,1 min ton pambıq istehsal olunmuşdusa, 2013-cü ildə bu rəqəm 45,2 min ton olub.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG