Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 14:15


.

Hər şey əsgərlikdən gələn və bir nəfər çağrışçının dediklərindən başladı. Epilepsiya xəstəliyinə düşar olan Zülfüqar Əliyev deyir həkimlərin rəyinə baxmayaq hər çağırış vaxtı onu komissarlığa çağırırlar. Zülfüqar deyir hər dəfə də üstüörtülü, bəzən də elə açıq-aşkar ona prblemin birdəfəlik həll olunmasının vacibliyini eşitdirirlər. İndi o, pul verə bilmədiyindən hərbi xidmətə getmək istəyir. Zülfüqarın dediyinə görə, komissarlıq buna görə, bütün ailə üzvlərinin yazılı razılığını istəyir.

-Deyirlər ki, sənə bir şey olsa biz cavabdehlik daşımırıq. Hərbi komissarlığa çağrılmışam, mən istəmişəm Bərdə korpusuna düşüm, amma məndən 1000 manat istəyiblər, buna pulum çatmayıb. Bir də xəstəliklə bağlı rayon komissarlıqda dedilər ki, siz getsəniz biz məssuliyyət daşımırıq.

- Valideynlərlə birgə getmişdinmi hərbi komissarlığa?

- Bəli atamla birgə getmişdim.

- Yadındadımı kim sizdən pul istədi, onun sifəti yadındadımı?

- Bəli yadımdadı hamısı,

- Həmin şəxsin adı yadındadımı?

- Bəli, (adı Vüqardı)

- İndi necədi vəziyyət, həmin pulu verməyə hazırsanmı?

- Bu pulu verməyə imkanımız yoxdu.

- Sən xəstəsən həkimlər belə deyir, bəs onda niyə pul vermək istəyirsən?

- Sabirabaddan istəyirlər.

- İndi pul verməsən səni aparacaqlar?

- İndi hər çağırışda məni çağırırlar, məni əsgərliyə aparacaqlar.

- Bakıda tibbi komissiyadan keçmisənmi?

- Bəli rayon göndərib.

- Nə deyiblər orda?

- Bilmirəm nəticəni mənə verməyiblər, rayona göndəriblər.

- Sən komissarlıqda ad çəkdin o, hərbi geyimdəydi yoxsa mülki şəxsdi?

- O hərbi geyimdəydi, cavan adam idi.

- Komissarlıqda onun vəzifəsi nədi?

- Bilmirəm, amma o bizdən pul istədi.

Bu hərbi xidmətə çağrılan Zülfüqar Əliyevin dedikləri idi.

Hərbi xidmətdən yenicə gələn Zəfər Səmədov deyir ki, əsgər gedəndə ondan da istədiyi hərbi hissəyə düşmək üçün pul istənilib, amma bu pulu verə bilməyib, elə hara göndərilib orda da sona qədər qulluq edib:

-Mən istədim Bakıda Daxili Qoşunlarda xidmət edim, o vaxt məndən 1200 dollar istəmişdilər.

-İndi xəbərin varmı qiymətlərdən?

-Yox.

Hərbi çağırışçı hara düşməyini özü həll edir ki?

Yay hərbi çağırış kompaniyası yenicə başa çatıb. Amma kampaniya davam edəndə mən bir neçə hərbi komissarlıqda olub, hərbi hissələrin hər birinin öz qiyməti olmasıyla bağlı adamlar arasında geniş yayılan söz-söhbətləri araşdırmaq qəraraına gəldim.

Söz-söhbətlər ondan ibarətdir ki, valideynlər övladlarının daha yaxşı hərbi hissələrə düşməsi məsələsini komissarlıqlarla həll edirlər. Bu deyilənlər həqiqətdirmi, ya yox, bunu mən də yoxlamaq qərarına gəldim. Hərbi çağrış yaşı çatmış yaxınlarımdan birinin yaxşı hərbi hissəyə salınmasından tutmuş onun hərbi xidmətə yararsızlığına, əsgərliyə getmədən hərbi billet alması mümkünlüyünə qədər hər şeyi yoxladım.

Qurulmuş ssenariyə əsasən mən yaxınlarımdan birinin əsgərlik məsələsini danışmalıydım. İlk səfərim Sabirabad hərbi komissarlığına oldu. Komissarlığın həyətində oturub çay sifariş verdim. Bu həm də mənə çayxanada oturan çağrışçılar və onların yaxınlarıyla bir valideyn kimi söhbət etmək imkanı verirdi.

Eyni stolda oturduğumuz bir nəfərdən bəzi məsələləri soruşmağa başladım. Həmsöhbətimin dediyindən aydın oldu ki, o, əsgərliyə getmədən hərbi billet almaq məsələsini artıq həll edib. Onun dediyinə görə, özü də bu işi bizimlə üzbəüz stolda əyləşən hərbi geyimli komissarlıq əməkdaşı həll edib. Hətta həmsöhbətim hərbi komissarlıqda həmin şəxsin ən insaflı adam olduğunu dönə-dönə mənim diqqətimə çatdırdı. Etiraz etməsəydim mənimlə söhbət edən həmin şəxs komissarlıq işçisini söhbət aparmaq üçün az qala bizim stola çağıracaqdı. Hələ ki, müşahidəyə ehtiyac var idi.

Komissarlığın düz qarşısındakı büstün yanında dayanan daha bir gəncə yaxınlaşdım. O da mənim sualıma dərhal bax o işə baxan adam indicə burdaydı, keçin içəri yəqin içəridədi dedi.

Beləliklə, hərbi komissarlıqda otaqlarda əyləşən işçilərdən həmin adamı soruşmağa başladım. Çox çəkmədi, əməkdaşlardan biri onun mobil telefonunu mənə verdi. Telefonla danışdım, poçtun yaında görüşə biləcəyimizi dedi.

Təxminən 10 dəqiqə sonra hərbi komissarlıq əməkdaşının dediyi kimi poçtun qarşısında oldu.

Hərbi Komissarlıq əməkdaşıyla hərbi hissə bazarlığı

Qısa hal-əhvaldan sonra düz Sabirabad rayon icra hakimiyyətinin qarşısındakı meydanda hərbi komissarlığın əməkdaşından yaxın qohumumun xidmət edəcəyi yerlərin bir-bir qiymətini soruşdum. Sabirabad Hərbi Komissarlıq əməkdaşının mənə dediklərindən:

  1. Bakı-Daxili Qoşunlar - ən aşağı 1000 manat
  2. Sərhəd Qoşunları - 600-800-1000 manat
  3. 704 saylı hərbi hissə-900 manat
  4. Lənkəran -Daxili Qoşunlar- 1000 manat
  5. Gəncə-777 saylı-800 manat
  6. Naxçıvan-100-200 manat
  7. Əsgərliyə getmədən hərbi bilet almaq -2500 manat
  8. Əgər bir balaca xəstliyi varsa 500 manat keçə bilərlər.

Həmsöhbətimdən bir məsələni də soruşdum. Soruşduğum da o ki, çağrışçılardan alınan pullar hara gedir?

Arxiv fotosu

Arxiv fotosu

Həmsöhbətim iddia elədi ki, pulların hamısı yuxarı gedir. Misal üçün 1000 manatdan ona cəmi 50, ya 100 manat qala, ya qalmaya. Hamısını Bakıya-Biləcəri Hərbi Komissarlığına göndərir.

Həmsöhbətim bu işdə xəlvət bir şey olmadığını dedi. Hətta söhbət zamanı Biləcəri Hərbi Komissarlığında bu işə baxanların adlarının da açıqladı. Biz adı çəkilən yüksək rütbəli şəxslərin deyilənlərə münasibətini öyrənə bilmədiyimizdən onların adını çəkmirik.

Sabirabad Hərbi Komissarlığında isə belə halların baş verməsindən xəbərsiz olduqlarını deyirlər. Çağrış şöbəsinin rəisi Tural Məmmədova görə, əgər belə hallar varsa həmin şəxs cəzalandırılacaq:

“Təbii ki, bu yolverilməz haldı, həmin şəxs cəzalandırılmalıdı.”

Bu Sabirabad Rayon Hərbi Komissarlığı Çağırış Şöbəsinin rəisi Tural Məmmədovun dedikləri idi.

Sən demə 2500 manat verib hərbi bilet alan şəxs bununla hərbi xidmətdən canını birdəfəlik qurtarmır. Bir neçə yüz manat da hər üç ildən bir tibbi müayinəyə görə verməlidir. Düz 35 yaşa qədər. Bu pul ödənilmədiyi halda həmin şəxs sağlam ola və hərbi xidmətə çağrıla bilər.

Valideynlər nədən qorxur və ya sonrakı peşmançılıq fayda verərmi.

Pulu olmadığı üçün övladını etibarlı yerə saldıra bilməyən Saatlı rayon sakini Zərnigar Məmmədova indi peşmançılıq hissi keçirir. Ona görə oğlu hərbi xidmətdən evə gəlməyə yaxın minaya düşüb, sağ ayağını itirib. Zərnigar xanım, baş verənləri qismət hesab eləsə də valideyn kimi bu məsələdə daha çox özünü günahkar sayır. Deyir pulu olsaydı oğlu gedib minalı yerdə qulluq etməzdi:

“Kim istəməz ki uşağını yaxşı yerə saldırsın...”

800, 1000 deyil

Zərnigar xanımdan fərqli olaraq Saatlı sakini Vüqar Zamanov oğlunun yaxşı hesab elədiyi hərbi hissələrdən birinə düşməsini istəyib. Onun deməsinə görə, qiymət məsələsində heç cür razılaşmayıblar:

Arxiv fotosu. Azərbaycan ordusunun Bakıda hərbi paradından görüntü.

Arxiv fotosu. Azərbaycan ordusunun Bakıda hərbi paradından görüntü.

- Bir hərbi hissə var Gəncədə istədim oğlum ora düşsün, mənə 1000 manat pul oxudular. Dedim mənim 800 manat verməyə gücüm çatır, dedilər yox. Saatlı hərbi komissarlığında bir nəfərlə danışmışdım, bir az sonra gəldi dedi ki, həmin yer düzəlmir.Dedi başqa yerə düzəldək getsin.

- Niyə istəyirdiz ki, pul verib oğlunuzu harasa saldırasız?

- Evdə uşaq çox əziyyət çəkib, mən də istəmirdim ki, əziyyət çəksin.

- Haranı hesab edirdiz asan yer, əziyyətsiz yer?

- Mənə fərqi yox idi hara olur-olsun, sadəcə, bir hərbi hissə var Gəncədə. O hərbi hissə birbaşa nazirliyə tabedi, yənin onun başqa bir korpusu –filanı yoxdu. Ona görə, oranı istəyirdim. Onu da dedilər 1000 manat sonra da alınmadı. Sonra dedilər 500 manat ver filan yerə göndərək, 800 manat ver Prişibə, 700 manat ver Lənkərana, mənim bir bacım oğlu orda xidmət eləyib, bir neçə il bundan qabaq bunu üçün 600 manat vermişdim.

-İndi qiymətlərdən xəbərin varmı?

- Yox. Maraqlanmamışam, amma kiçik oğlum bu yaxınlarda hərbi xidmətə gedəcək yəqin onda maraqlanacam.

Vüqar Zamanovun maraqlanmasına ehtiyac yoxdur. Son qiymətləri qonşu rayonun hərbi komissarlığının əməkdaşından almışıq. Bir daha deyim ki, hərbi komissarlıq əməkdaşıyla söhbətimiz gizli yazılıb.

Bu söhbətin Saatlı Hərbi Komissarlığına hər hansı aidiyyatı yoxdu. Amma Saatlı Hərbi komissarlığının əməkdaşı və onunla söhbət etdiyimiz gün növbətçi köməkçisi olan Əli Musayev bundan əvvəl Saatlı hərbi komissarlığı barədə deyilənlərin yalan olduğunu bildirdi. Onun sözlərinə görə, əgər belə bir şey varsa, heç kim anonim danışmasın, qoy bizə açıq və rəsmi şəkildə komissarlığa müraciət etsin.

O, hətta anonim şikayətlərin araşdırılmamasıyla bağlı prezident sərəncamı olduğunu qeyd elədi. Və xahiş elədi heç kim onu anonim şikayətlərlə bağlı marahat etməsin. Biz də onun dediyi kimi onu bir daha narahat etmədik.

Hərbi komissarlıqlar nəyi təkzib edir?

Bir hərbi komissarlıqda baş verənlərin digər komissarlıqlarda da baş verə biləcəyilə bağlı tərəddüdlərə son qoymaq üçün daha bir komissarlığa - Salyan Hərbi Komissarlığına baş çəkirik. Bu komissarlıqda da əsgərlik məsələsilə məşğul olan adamı tapmaq çətin olmadı.

Digər rayon hərbi komissarlıqlardan fərqli olaraq Salyan komossarlığında söhbət etdiyimiz əməkdaş hər şey haqqında açıq danışmadı, amma bu işin mümkün olduğunu dedi. Sabirabad Hərbi komissarlığından fərqli olaraq burda hərbi xidmətə gedəcək şəxs haqqında məlumatlar istənildi:

- Uyğun gəlmirsə, bu da problem deyil, onsuz da digər hərbi hissələr var.

Salyan Hərbi Komissarlığında söhbət etdiyim əməkdaş hələ mən Bakıya qayıdan da sonra da mənə zəng edib, məsələni nə vaxt həll edəcyimizi, əsgərliyə gedəcək çağırışçının adını, soyadını istəyib.

Salyan Hərbi Komissarlığının adının çəkilməsini istəməyən əməkdaşı isə komissarlıq haqqında deyilənlərin inandırıcı olmadığını bildirdi:

- Bizdə belə neqativ hallar olmur, bir də ki mən özümə cavabdehəm, komissarlığın digər əməkdaşları haqqında heç bir şey deyə bilmərəm....

Bu Salyan hərbi komissarlığından verilən cavab idi.

“ƏVVƏLLƏR HEÇ OLMASA BIR AZ EHTIYYATLILIQ VAR IDI...”

Hərbi ekspert Üzeyir Cəfərov deyir ki, əvvəllər heç olmasa müəyyən ehtiyatlılıq var idi, bu məsələ olduqca qapalı dairələrdə həll edilirdi. Komissarlıqların istənilən əməkdaşı ilə bu barədə açıq danışmaq olmurdu:

Əvvəllər heç olmasa bir qədər çəkingənlik var idi. İndi sanki böyük bir bazara, alverxanaya çevrilib. Mən buna başqa ad verə bilmərəm.

Üzeyr Cəfərov hesab edir ki, əgər hərbi komissarlıqlar bu məsəsldə 100 faiz günahkardısa valideynlər ikiqat günahkardılar:

- Valideynlər niyə öz hüquqlarını tələb etmir, amma maddi çətinliklərə dözməli olur. Əslində burda valideynləri də başa düşmək olar, valideynlər belə bir addım atmaqla istəyirlər ki, övladını müxtəlif problemlərdən sığortalasınlar.

Hərbi ekspert bu sahədə rüşvətin getdikcə çoxalması fikrini daha çox hüquq-mühafizə orqanlarının bu məsələyə qarşı zəif mübarizə aparması ilə əsaslandırır. O, zəif mübarizənin də səbəbsiz olmadığını düşünür.

Görünən dağa bələdçi lazımdımı?

Adi vətəndaşlar da hərbi komissarlıqlarda çağrışçınınn hansı hisəyə düşməsinin pulla həlli məsələsini yeni bir məsələ saymırlar. Söhbət etdiyimiz bəzi vətəndaşların dedikləri:

- Mənim pulum olmadı verəm, amma demək olar ki, oğlumla birgə xidmət etdim. Biz tez-tez eşidirik bir az pulu olan adamlar uşaqlarını yaxşı hərbi hissələrə saldırırlar...

- Mən eşitməmişəm....istəyir kasıb, istəyir varlı balası yaxşı hərbi hissəyə pulsuz düşə bilməz...

- Rüşvət Azərbaycanda qanunsuz şəkildə qanuniləşirilib.

Söhbətimizin əvvəlində dediyim kimi bu məsələdə Respublika Hərbi Komissarlığının da adı hallandığından biz bu ünvana da müraciət etdik. Komissarın müavini Rasim Sadıqov səslənən fikirlərə mənfi münasibətdə olduğunu bildirdi. O hesab edir ki, çox güman ki, həmin şəxslər komisarlıqların əməkdaşı deyil. Rasim Sadıqova görə, kimisə hərbi komissarlıqlarda hərbi geyimdə olması bu hələ həmin adamın komissarlıq əməkdaşı olması deyil:

- Biz Biləcərinin niyə ləğv elədik, çünki hərə bir forma geyinirdi, biri polkovnik, biri podpolkovnik, biri mayor. Onların heç biri hərbi komissarlığa aidiyatı olmayan yoldaşlar idi. Dolu idilər bizim Biləcəri toplanış məntəqəsində. Elə onlardan 20-30-nu polisə, prokurorluğa mən vermişəm. Demirəm ola bilməz, hər yerdə belələri var. İndiyə qədər bu işə görə cəzalandırılan komissar da, bölmə rəisləri də var.

Üzeyir Cəfərov

Üzeyir Cəfərov

Hərbi ekspert Üzeyir Cəfərov deyir ki, vəziyyətin nə yerdə olduğunu, bu deyilənlərin həqiqət olduğunu sübut etməyin çox sadə bir üsulu var. Onun sözlərinə görə, vətəndaşların daha çox meyl etdiyi, övladlarını daha çox görmək istədikləri hərbi hissələrdən birindən təxminən 10 əsgəri birdən-birə cəbhə bölgəsinə aparmaqla vəziyyətin nə yerdə olduğunu aydın görmək olar:

- Belə bir eksperimenti biz öz hesabımıza da keçirə bilərik, ictimayyət nümayəndələrinin,o cümlədən bu məsəsləyə inanmayanların iştirakıyla. Siz görəcəksiz hansı proseslər gedəcək. Valideynlər hay-küy salacaqlar. Deyəcəklər ki, bəs biz övladlarımızı bu hərbi hissəyə saldıranda onun heç bir yerə çıxarılmayacağı demişdilər və s.

Üzeyir Cəfərov hərbi komissarlıqlardakı mənfiliklərin tam aradan qaldırılmasının mümkün olmadığını düşünür. Elə bu səbəbdən də o, məsələnin leqallaşdırılmasını təklif edir:

- Bir sıra ölkələrdə elə qonşu Gürcüsatnda əsgrəliyə getmək istəmyənlər bunun üçün dövlət büdcəsinə pul ödəyirlər.

Cənab Cəfərova görə, belə olan halda ayrı-ayrı məmurların cibinə axan pullar dövlət büdcəsinə gedər və bununla da komissarlıqlardakı korrupsiya aradan qalxar.

XS
SM
MD
LG