Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 03:42

AXCP fəalı Ruslan Nəsirli buraxıldı


Ruslan Nəsirli
Ruslan Nəsirli

-

AXCP Gənclər Komitəsinin fəalı Ruslan Nəsirli 30 sutka həbsdən sonra sərbəst buraxılıb.

Yasamal rayon Polis İdarəsində saxlanılan gənc fəal ötən ay Azərbaycan-Ermənistan sərhədində və qoşunların təmas xəttində əsgərlərin həlak olmasından təsirlənərək Facebook-da təşkil etdiyi «Ali Baş Komandan xalqa cavab ver» aksiya dəvətinə görə saxlanıldığını bildirir:

«Məlum «event»i yaradandan sonra səhər mənə Bakı şəhər Baş Polis İdarəsindən İbrahim adlı bir nəfərdən zəng gəldi. Aksiya dəvətini ləğv etməyimi və bunu təşkil etdiyimə görə Facebook-da üzrxahlıq yazısı yazmağım barədə qarşıma tələb qoydu. Razılaşmadığıma görə mənimlə təhqirlə danışmağa başladı və ailə üzvlərimlə təhdid etdi. Buna məhəl qoymadım, «event»ə qoşulmaları üçün başqa insanlara dəvət yolladım. 1 saatdan sonra məlum oldu ki, atamı həbs ediblər. Bir neçə saat atamı girov kimi saxladılar və mənə zəng edib dedilər ki, özün gəlməsən atanı ağır cinayətlərdə ittiham edəcəyik».

Ruslan Nəsirli bundan sonra Facebook hesabının sındırıldığını deyir:

«Sonra hesabıma daxil ola bilmədim. Vəkillə əlaqə saxladım, amma vəkil gəlmədən həbs olundum. Mənə qarşı İnzibati Xətalar Məcəlləsinin 296 (xırda xuliqanlıq) və 310.1 (polisə müqavimət) maddələrini irəli sürdülər. Guya mən kimisə döymüşəm, məhkəmə də çox gülünc şəkildə keçdi, zərərçəkən məhkəmədə iştirak etmirdi».

Daxili İşlər Nazirliyi mətbuat xidmətinin rəhbəri Ehsan Zahidov AXCP fəalının xırda xuliqanlıqda və polisə müqavimətdə ittiham olunduğunu, hadisə ilə bağlı hal şahidlərinin də izahatlarının alındığını bildirmişdi.

XS
SM
MD
LG